Yeni mənzil alanların DİQQƏTİNƏ - Enerji pasportu qiymətləri necə dəyişəcək?

Yeni mənzil alanların DİQQƏTİNƏ - Enerji pasportu qiymətləri necə dəyişəcək?
Açıqlama
Sosial 74

"Enerji pasportlarının yeni tikililərdə tətbiqi Azərbaycanda mənzil bazarında həm müsbət dəyişikliklərə, həm də ilkin mərhələdə müəyyən çətinliklərə səbəb ola bilər".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, bu yeniliyin əsas üstünlüyü binaların enerji effektivliyinin konkret göstəricilərlə müəyyənləşdirilməsi və həmin məlumatların vətəndaşlar üçün əlçatan olmasıdır:

"Enerji pasportunda binalar enerji effektivliyinə görə A, B, C, D və E sinifləri üzrə qiymətləndiriləcək. A, B və C sinifləri daha yüksək enerji səmərəliliyini, D və E sinifləri isə nisbətən aşağı göstəriciləri ifadə edəcək. Beləliklə, mənzil almaq və ya kirayələmək istəyən vətəndaş binanın enerji xüsusiyyətləri ilə əvvəlcədən tanış ola biləcək.

Bu sənəd vasitəsilə alıcı binanın illik enerji sərfiyyatı, istilik və soyutma sistemləri, eləcə də enerjinin hansı mənbələr hesabına əldə olunması barədə məlumat əldə edəcək. Bu isə ailələrin gələcək kommunal xərclərini daha düzgün hesablamağa, mənzil seçimi zamanı yalnız satış qiymətini deyil, sonrakı istismar xərclərini də nəzərə almağa imkan verəcək.

Digər mühüm üstünlük ekoloji amillərlə bağlıdır. Enerji effektivliyi yüksək olan binalarda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, istilik və soyutma sistemlərinin daha səmərəli təşkili enerji israfının azaldılmasına kömək edə bilər. Bu yanaşma həm təbii resursların qorunması, həm də daha ekoloji və dayanıqlı şəhər mühitinin formalaşması baxımından əhəmiyyətlidir".

AQC sədri əlavə edib ki, yeniliyin ilkin mərhələdə müəyyən mənfi təsirləri də ola bilər:

"Enerji effektivliyi tələblərinə uyğun tikinti aparılması əlavə texniki həllər, avadanlıqlar və materiallar tələb edə bilər. Bu isə tikinti şirkətlərinin xərclərini və nəticə etibarilə mənzillərin maya dəyərini artıra bilər. Enerji effektivliyi yüksək olan binaların bazarda daha baha qiymətə təklif olunması ehtimalı da var. Bu halda orta gəlirli ailələrin həmin mənzilləri əldə etməsi çətinləşə bilər.

Lakin bu çətinlikləri daha çox keçid dövrünə xas amillər kimi qiymətləndirmək olar. Zaman keçdikcə enerji effektivliyi tələbləri tikinti sektorunda adi standarta çevrilə, müvafiq texnologiyalar və materiallar daha geniş yayıla bilər. Bu isə əlavə xərclərin təsirini müəyyən qədər azalda bilər".

Əsas məqsəd yalnız yeni tikililərin ilkin dəyərini artırmaq deyil, uzunmüddətli perspektivdə daha qənaətcil, keyfiyyətli və rəqabətqabiliyyətli mənzil fondunun formalaşdırılmasıdır. Çünki mənzilin qiymətləndirilməsi zamanı onun alınmasına çəkilən xərc qədər, illər ərzində enerji və kommunal xidmətlərə sərf ediləcək vəsait də nəzərə alınmalıdır.

Ümumilikdə, enerji pasportlarının tətbiqi Azərbaycanın mənzil fondunun müasir şəhərsalma və ekoloji tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addım ola bilər. İlkin mərhələdə tikinti xərclərinin və mənzil qiymətlərinin artması kimi risklər yaransa da, uzunmüddətli perspektivdə vətəndaşların daha az enerji sərf edən, istismar baxımından qənaətcil və ekoloji cəhətdən daha dayanıqlı binalarda yaşamasına imkan yarada bilər".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər