Bakıda tıxaclara son qoyacaq YENİ YOLLAR
"Şəhər nəqliyyatı ilə bağlı problemlərə yanaşma kompleks olmalıdır və bu məsələni təkcə yeni yolların tikintisi ilə həll etmək mümkün deyil".
Bunu BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, bu məqamın ictimai müzakirələrdə dəfələrlə vurğulanması vacibdir:
"Effektiv nəqliyyat sistemi yalnız avtomobil yollarından ibarət deyil. Buraya metro və dəmir yolu xətləri, tramvay sistemi, şəhərətrafı elektrik qatarları, avtobus şəbəkəsi, piyada infrastrukturu və mikromobillik vasitələri daxildir. Eyni zamanda, nəqliyyat növlərinin inteqrasiyası və şəhərin giriş nöqtələrində "park et və ictimai nəqliyyatla davam et" (park-and-ride) tipli parklanma məntəqələrinin yaradılması da mühüm rol oynayır".
Ekspertin fikrincə, bütün bu elementlər birgə və əlaqəli şəkildə tətbiq olunarsa, şəhərdə hərəkətlilik üçün real alternativ formalaşar və bu da ümumi nəqliyyat axınına ciddi müsbət təsir göstərər. Əks halda, yalnız ayrı-ayrı layihələrin icrası gözlənilən effekti vermir:
"Hazırda həyata keçirilən yol layihələri müəyyən dərəcədə sürücülər üçün şəhərə daxil olmadan hərəkət imkanlarını genişləndirir. Lakin şəhər daxilində bu yolların bir-biri ilə inteqrasiyası təmin olunmadıqda, onların təsiri məhdud qalır.
Dövlət proqramında da qeyd olunduğu kimi, üç dairəvi yolun tikintisi şəhər mobilliyinə və logistikasına müsbət təsir edəcək. Hazırda tikilən Pirşağı-Xırdalan istiqaməti üzrə magistral, eləcə də digər istiqamətlər – Sultəpədən Biləcəri, Binəqədi və Sabunçuya çıxan yol və Rəsulzadə qəsəbəsindən "Baksol" yolu ilə Dərnəgülə çıxış, həmçinin Mehdiabad istiqamətindən şəhər mərkəzinə doğru yeni şimal–cənub koridorunun formalaşdırılması bu baxımdan əhəmiyyətlidir.
Bundan əlavə, şəhər daxilində əlaqələndirici layihələr də nəzərdə tutulur. Bunlara Həsən Əliyev küçəsinin uzadılması, Ağ Şəhərlə ətraf əraziləri birləşdirən dəmir yolu altından tunel tipli yolun tikilməsi, Xırdalan şəhərinin Şamaxı yolu ilə əlaqələndirilməsi, həmçinin dəmir yolu altından əlavə keçidlərin yaradılması daxildir. Eyni zamanda, dəmir yolu dayanacağının yenidən qurulması və multimodal nəqliyyat mübadilə mərkəzinə çevrilməsi də bu layihələr çərçivəsində planlaşdırılır. Bu addımlar Abşeronda hərəkətliliyə müsbət təsir göstərəcək".
R.Ağamirzəyev hesab edir ki, yol layihələri ilə paralel olaraq digər vacib istiqamətlər də inkişaf etdirilməlidir:
"Bunlara metro və dəmir yolu şəbəkəsinin genişləndirilməsi, qatarların sayının artırılması, tramvay xəttinin bərpası, piyada mühitinin yaxşılaşdırılması, baryerlərin aradan qaldırılması, təhlükəsiz və qısa keçidlərin yaradılması, mikromobillik imkanlarının artırılması, avtobus şəbəkəsinin optimallaşdırılması və nəqliyyat vasitələrinin yenilənməsi daxildir.
Yalnız bütün bu tədbirlərin kompleks şəkildə icrası şəhərin nəqliyyat sistemində real və davamlı müsbət nəticələr verə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib
Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtı seçilib. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Turizm Agentl...