Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni qaydalar tətbiq olunmağa başlayıb. Noyabrın 1-dən etibarən 15 yaşını tamamlamamış şəxslərin sosial şəbəkələrdə hesab yaratmasına icazə verilməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Yeni qaydalar oktyabrın 10-da Rəsmi Qəzetdə dərc olunan "Sosial şəbəkə təminatçıları tərəfindən uşaqlara xüsusi ayrılmış xidmətlərin təqdim edilməsi və yaşın təsdiqlənməsi haqqında" əsasnaməyə əsaslanır.
Dəyişikliklərə əsasən, sosial şəbəkə platformaları istifadəçilərin yaşını yoxlamalı və 15 yaşını tamamlamamış uşaqların hesab açmaqla bağlı müraciətlərini qəbul etməməlidir. Yaşın təsdiqlənməsi üçün elektron hökumət sistemi – "e-Devlet" üzərindən xüsusi təsdiq mexanizmindən istifadə olunacaq.
Mövcud hesablar da yoxlamadan kənarda qalmayacaq. Platformalara əvvəlcədən yaradılmış hesabların yaşının təsdiqlənməsi üçün 31 mart 2027-ci ilədək keçid müddəti verilib. Yaş tələbinə uyğun gəlməyən istifadəçilərin hesabları ilə bağlı müvafiq tədbirlər görüləcək.
Yeni qaydalar 15 yaşını tamamlamış, lakin 18 yaşına çatmamış yeniyetmələrə də müəyyən məhdudiyyətlər gətirir. Bu yaş qrupuna aid hesablar standart olaraq gizli olacaq. Həmin istifadəçilərə canlı yayım açmağa və fərdiləşdirilmiş reklamlar göstərilməsinə icazə verilməyəcək. Yeniyetmələr yalnız izlədikləri hesablardan mesaj qəbul edə biləcəklər.
Bundan başqa, sosial şəbəkə şirkətləri valideyn nəzarəti alətləri təqdim etməlidir. Valideynlər övladlarının platformalarda keçirdikləri vaxta nəzarət edə, istifadə müddətinə məhdudiyyət qoya və ödənişli əməliyyatları idarə edə biləcəklər.
Qeyd edək ki, yeni tənzimləmə Instagram, TikTok, Facebook, X və YouTube kimi sosial şəbəkə xidmətlərinə təsir göstərə bilər. Bu qərar həmin platformaların Türkiyədə fəaliyyətinin dayandırılması deyil, uşaqların yaşına uyğun olmayan sosial şəbəkə xidmətlərindən istifadəsinin qarşısının alınmasına yönəlib.
Oxşar xəbərlər
Tramp və Netanyahu arasında telefon danışığı olub
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Jo...