Bakıda reydlər başlandı - FOTO

Bakıda reydlər başlandı - FOTO
Sosial 2035

 

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında nəqliyyat axınının tənzimlənməsi və yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərini davam etdirir. Bu istiqamətdə görülən işlər çərçivəsində küçə və prospektlərdə müasir və qabaqcıl təcrübəyə əsaslanan yol nişanları, texniki nizamlanma vasitələri quraşdırılır. Lakin hələ də Bakı şəhərinin inzibati ərazisinə aid yollarda BNA-nın müvafiq icazəsi olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması hallarına rast gəlinir.

BNA-dan BAKU.WS-ə verilən məlumata görə, ticarət, ictimai iaşə və xidmət obyektlərinin qarşısında parklanmanın təşkili, məlumatların çatdırılması və digər məqsədlərlə müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması nəqliyyat sıxlığının yaranmasına səbəb olmaqla yanaşı, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə imkan vermir. Mövcud problemlərin və bu sahədə nöqsanların aşkar edilib aradan qaldırılması məqsədi ilə Agentlik müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılmasına qarşı reydlərə başlayıb.

BNA bildirir ki, belə problemlərin aradan qaldırılması məqsədi ilə Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilib, müvafiq icazə olmadan quraşdırılmış yol nişanları çıxarılıb, yaxud da obyektlərin sahiblərinə bu barədə aidiyyəti üzrə xəbərdarlıq edilib.

İnzibati Xətalar Məcəlləsinin (İXM) 350-ci bəndinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər. Bundan əlavə, həmin Məcəllənin 354-cü bəndinə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.

Bakı Nəqliyyat Agentliyi vətəndaşlardan xahiş edir ki, bu cür hallarla qarşılaşdıqları təqdirdə "ALO 141" "qaynar xətt"inə müraciət etsinlər.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər