Bakıda pulsuz ekspress avtobusları işləyəcək
IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və daşınması üçün istifadə ediləcək İctimai Nəqliyyat Terminalında son tamamlanma işləri aparılır. Bakı Olimpiya Stadionundan İctimai Nəqliyyat Terminalına gedən yolda istiqamətverici və məlumatlandırıcı löhvələr quraşdırılır.
Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə daxil olan məlumatda bildirilib.
"IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar”, "Gənclik” və "Qara Qarayev” stansiyalarından İctimai Nəqliyyat Terminalına (İNT) çatdırılacaq. Mərasim bitdikdən sonra isə İNT-dən tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərə - metronun "20 Yanvar”, "Gənclik” və "Qara Qarayev” stansiyalarına daşınacaq. Açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların ekspress xətlər vasitəsilə daşınması ödənişsiz olacaq. Bununla bağlı agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib", - deyə BNA-nın məlumatında əlavə edilib.
Qeyd edək ki, 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda olaraq saxlanılacaq. Açılış və bağlanış mərasimləri günlərində 3 ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyi və "Bakı Metropoliteni" QSC əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İslam Oyunları vaxtı bu şəxslərə avtobuslardan istifadə pulsuz olacaq
Nazirlər Kabinetinin tapşırığına əsasən, 1-30 may tarixlərində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxsləri...