Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək (ÜNVAN)

Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək (ÜNVAN)
Sosial 35835

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtdakı istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsünə başlanılıb. Sözügedən qərar çərçivəsində Nərimanov rayonunda 219 qəzalı bina söküləcək, yerində çoxmərtəbəli binalar ucaldılacaq.

Nərimanov rayonu ərazisində söküləcək evlərin sakinləri ilə görüş keçirilir, əhali məlumatlandırılır. Layihə çərçivəsində ilk olaraq Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub.

Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov virtualaz.org saytına görüləcək işlərlə bağlı geniş açıqlama verib.

H.Cəfərov deyib ki, sözügedən layihə qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır. "Nazirlər Kabinetinin qərarında şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan evlərin sökülməsi, bu evlərdə yaşayan sakinlərin yaşadıqları ərazidə tikiləcək yeni binalarda evlə təmin edilməsi nəzərdə tutulub. Yaxın günlərdə Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub. Artıq sakinlərlə görüş keçirilib, əksəriyyətlə müqavilə imzalanıb”, - H.Cəfərov qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, Qarabağ küçəsindəki mənzillərin əksəriyyətinin ümumi sahəsi 18-20 kvadrat metrdir. Köhnə mənzillərin əvəzinə veriləcək mənzillərin sahəsi isə artıq olacaq: "Qərarda göstərilir ki, yeni mənzillərin ümumi sahəsi köhnə mənzillərin ümumi sahəsindən 15-20 faiz artıq olacaq. Məsələn, 18 kvadrat metrlik mənzilin əvəzinə 22 kvadrat mertlik sahəsi olan mənzil verilməlidir. Amma yeni tikilidə belə mənzillər yoxdur. Buna görə də, indiyədək 18-20 kvadrat metrlik sahəsi olan mənzillərdə yaşayanlara 40-45 kvadrat metrlik sahəsi olan mənzillər veriləcək. Üstəlik, yeni mənzillər tam təmirli olacaq. Sakinlərin kirayə mənzillərə, bina tikiləndən sonra isə yeni mənzillərə köçürülməsi də şirkətin hesabına həyata keçiriləcək”.

Şöbə müdiri deyir ki, binaların tikintisi 1 il 8 aya yekunlaşacaq. Bina tikilənə qədər isə sakinlərə hər ay kirayə haqqı ödəniləcək. "Söküləcək mənzillərin yerində tikiləcək binalar 1 il 8 aya hazır olacaq. Bu müddətdə isə sakinlər kirayə evlərə köçəcəklər. Kirayə haqqı hesablanarkən bazar qiymətləri nəzərə alınıb. Bir otaqlı mənzildə yaşayanlara 300, iki otaqlı mənzili olanlara 400, üç otaqlı mənzildə yaşayanlara isə ayda 500 manat kirayə haqqı veriləcək. Sakinlər 1 il 8 aydan sonra tam təmirli mənzilə köçə biləcəklər”, - H.Cəfərov əlavə edib.

Sakinlərin söküləcək mənzillərin əvəzində konpensasiya tələb etmələrinə gəlincə, Hüseynov mənzilin əvəzində yalnız yeni mənzil veriləcəyini söylədi. "Layihədə konpensasiya nəzərdə tutulmayıb. Mənzilin yerində mənzil tikilir və köhnə mənzildəki otaq sayına görə yeni mənzil verilir. Hər il qış aylarında qəzalı mənzillərin sakinləri tərəfindən çoxsaylı şikayətlər daxil olurdu. Bu evlərdə dam örtüyü sıradan çıxıb, tavan, döşəmə qəzalı vəziyyətə düşüb. Hətta məhəllələrdə yerimək mümkün deyil. Nazirlər Kabineti də şikayət və müraciətləri nəzərə alaraq, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə belə bir qərar verib. Sakinlər təmirli evə köçürüləcək və bundan çox xoşbəxtdirlər”.

Yeni binaların tikintisi zamanı əhalinin sıxlığı nəzərə alınıb. "Layihədə 13-16 mərtəbəli binaların tikintisi nəzərdə tutulub. Binaların həyətində uşaq meydançaları, yaşıllıqlar salınacaq. Bundan əlavə, binaların həyəti geniş olacaq və həmin ərazilər göz oxşayacaq”, - şöbə müdiri əlavə edib.

Paytaxt ərazisində qəzalı evlərin sökülərək yerində binaların tikilməsi həm də yeni iş yerlərinin açılması, tikinti sektorunun canlanmasına səbəb olacaq.

BAKU.WS

Oxşar xəbərlər

"Sovetski" sakinlərinə vaxt qoyuldu

"Sovetski" sakinlərinə vaxt qoyuldu

"Bizə evimizdən çıxmağa birinci günə kimi vaxt qoyublar". Bunu ANS PRESS-ə "Sovetski kimi tanınan, Yasamal rayonu M. Naxçıvani 25 ünvanında yaşayan sakinlər mür...

2507 Sosial 10:58 11 iyun 2016

Son xəbərlər