Bakı Dövlət Universitetində təhsil haqqı artacaqmı?

Bakı Dövlət Universitetində təhsil haqqı artacaqmı?
Sosial 2232

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs status verildi. Sərəncama əsasən, hər iki təhsil müəssisəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Bununla da, universitetlər müstəqil idarəçilik sisteminə keçəcək.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, publik hüquqi şəxs sistemi Azərbaycan təhsilində yenidir.

Ali təhsil müəssisələri indiyədək sovetlər dönəmindən qalan idarəçilik prinsipi ilə idarə olunub. Universitetlərin gəlirləri dövlət büdcəsindən ayrılan vəsait və tələbələrin təhsil haqqından formalaşıb. Publik hüquqi şəxs sisteminə keçiddən sonra dövlət büdcəsindən maliyyələşmə dayandırılacaq. Qeyd edək ki, ötən il Tələbə Qəbulu Dövlət Komissiyasının əvəzində publik hüquqi şəxs statuslu Dövlət İmtahan Mərkəzi (DİM) yaradıldı. DİM-in idarəetmə sistemində yeniliklər dövlət imtahanlarının ödənişli sistemə keçməsi ilə başladı. İndi maraq doğurur, universitetlərin publik hüquqi şəxsə çevrilməsi nəyi dəyişəcək? Təhsil haqları artacaqmı? Tələbə qəbulu planında dəyişiklik olacaqmı?

Təhsil Nazirliyi təhsil haqlarının artması və tələbə qəbul planının azalacağı ilə bağlı yaranmış narahatlığa əsas görmür. Amma nazirlik olacaq dəyişikliklə bağlı ictimaiyyətə açıqlama verməyə tələsmir.

"Yaxın günlərdə açıqlama veriləcək. Tələbə qəbulu planında dəyişiklik olacağını güman etmirik”, – nazirlikdən virtualaz.org saytının sorğusuna verilən cavabda deyilir.

Universitetlərdən də idarəçilik və xidmət sistemində hansı dəyişikliklər olacağını söyləməkdə çətinlik çəkiblər.

Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, hazırda fəaliyyət göstərən 54 dövlət universiteti büdcədən maliyyələşir, həm də idarəçilik baxımından asılı vəziyyətdədir. "Universitetlər maliyyələşmə mexanizminin tətbiqi üçün tabe olduqları orqana sorğu göndərir, yəni müstəqil qərar verə bilmirlər. Publik hüquqi şəxs olduqda isə idarəetmə sistemi dəyişəcək, xərclərə nəzarət edə biləcəklər. Universitetlərin publik hüquqi şəxsə çevrilməsi idarəetmədən tutmuş, maliyyələşməyə qədər müsbət dəyişikliklərə səbəb olacaq”, – K.Əsədov açıqlamasında söyləyib.

Universitetlər qrant müqavilələrində iştirak edə biləcək, hansısa beynəlxalq qurumla əməkdaşlıq üçün yuxarı qurumlardan razılıq gözləməyəcəklər. "Universitetlərin təhsil haqlarından əlavə digər gəlirləri də olacaq. Yəni əlavə gəlir sahələri yarada biləcəklər. "Təhsil haqqında” qanunun 22-ci maddəsində edilən dəyişikliklərə əsasən, hazırlıq qrupları yaradılacaq, qruplardan gələn gəlirləri öz ehtiyaclarına ödəyə biləcəklər. Tərcümə xidmətləri göstərə biləcəklər, jurnallar nəşr edəcəklər”, – ekspert əlavə edib.

K.Əsədovun sözlərinə görə, dünya reytinq sıralamasında yüksək yerləri tutan universitetlərin heç biri dövlət büdcəsindən maliyyələşmir:

"Publik hüquqi şəxs statusu qəbul planına və təhsil haqlarına təsir edə bilər. "Təhsil haqqında” qanuna edilən dəyişiklik də buna əsas verir. Qanunda göstərilir ki, artıq ali məktəblərə qəbul planını universitetlər özləri müəyyən edə biləcəklər. Hətta təhsil formalarını da özləri müəyyənləşdirəcəklər”.

Ekspert inanır ki, universitetlər artıq maliyyə əldə etmək üçün keyfiyyətli təhsil verməyə çalışacaqlar. "Dövlət müəssisələrindən fərqli olaraq, publik hüquqi şəxslər göstərdiyi xidmətlərə və əldə etdiyi gəlirlərə görə hesabat verməlidir. Şəffaflıq təmin edildiyindən, təhsil haqlarının ciddi artacağını güman etmirəm”, – ekspert qeyd edib.

Publik hüquqi şəxs dövlətin siyasətini həyata keçirən qurumdur. Mövcud qanunvericiliyə görə, dövlət heç bir halda kommersiya fəaliyyəti göstərə, gəlir əldə edə bilməz. Lakin publik hüquqi şəxs həm dövlət büdcəsindən asılı olmayan qurumdur, həm də birbaşa dövlətin siyasətini həyata keçirən qurumdur.

K.Əsədov hesab edir ki, gələcəkdə digər universitetlərin də, publik hüquqi şəxsə çevrilməsi gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər