Azərbaycanlı jurnalist Şimali Koreyaya gedib

Azərbaycanlı jurnalist Şimali Koreyaya gedib
Sosial 1810
 

Azərbaycanda media tarixində ilk sayılacaq hadisə baş verib. BAKU.WS xəbər verir ki, Lent.az-ın əməkdaşı, tanınmış jurnalist Səbuhi Məmmədli Şimali Koreyaya səfərdən qayıdıb.

Dünyanın ən qapalı ölkələrindən sayılan, hətta bəzi xüsusiyyətlərinə görə ekzotik məkan hesab edilən Şimali Koreyaya səfərdə məqsəd, informasiyanın məhdud olduğu bu ölkədə insanların yaşayış şərtləri, inandıqları dəyərlər və cəmiyyətin durumu barədə Azərbaycan, hətta dünya oxucularında təsəvvür yaratmaqdır.

Lent.az Səbuhi Məmmədlinin səfərdən silsilə reportajlar yayımlayacaq. Hələlik isə qəhrəmanımız bu qərara gəlməyinin tarixçəsini danışır: "Hər şey Rusiya saytlarının birindən oxuduğumuz xəbərdən başladı: "Rusiyadan Şimali Koreyaya turist səfərləri təşkil ediləcək”. Xəbərdə səfəri həyata keçirən şirkətin də adı yazılmışdı, konkret vaxt da göstərilirdi. Səfər isə həftədə bir dəfə baş tutacaqdı.

Tənbəllik eləməyib, zəng etdik. Operator xanım yazılanları təsdiqlədi və səfəri təşkil edən koordinatorla əlaqə saxlamağı xahiş etdi...

Həmin gün koordinatoru tapa bilmədik. Səhəri yenidən şirkətdən bizə verilən telefon nömrəsinə zəng etdik. Dedilər, bu səfər ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Gedəcəyimiz yer Radjin şəhəridir, necə deyərlər, azad iqtisadi zonadır. Pxeynana səfər nəzərdə tutulmayıb. Səhər əlaqə saxlayın.

Düzü, səhər yox, 3 gündən sonra zəng vurduq. Koordinator artıq məsələni dəqiqləşdirmişdi; dedilər, problem yoxdur, gedə bilərsiz”.

S.Məmmədli onu da deyir ki, bu məqam bir neçə gün sonra hətta mediada da əks olunub: "Bir neçə gündən sonra Rusiya KİV-də Şimali Koreyaya artıq ilk turist səfərinin təşkili ilə bağlı növbəti xəbər yayıldı. O da deyilirdi ki, "artıq təkcə Rusiya vətəndaşları yox, Şimali Koreyaya getmək istəyənlər arasında Belarus və Azərbaycan vətəndaşları da var. Lenta.ru da yayımlanan bu xəbərə  (https://lenta.ru/news/2017/06/30/cruise_nk/)  maraqlıdır ki, bir sıra Azərbaycan KİV-də reaksiya verdi. Hətta  sosial şəbəkələrdə belə həmin azərbaycanlının kimliyi ilə bağlı müzakirələr başladı. Ən müxtəlif versiyalar vardı şərhlərdə. İş adamından tutmuş, yarızarafatla  "yəqin, siyasi sığınacaq istəyəcək” - yazılan şərhlərəcən. Amma heç kimin ağlına gəlməzdi ki, həmin səfərə jurnalist gedəcək. Lent.az-ın əməkdaşı, bu sətirlərin müəllifi…”

Beləliklə, Lent.az yeni silsilə yazılara başlayır. Səbuhi Məmmədli Şimali Koreyadan yazır...

BAKU.WS

Son xəbərlər