Azərbaycanda "meyvə-tərəvəz monopoliyası": "Meyvəli"də məhsulların qiymətini 3 dəfə bahalaşdırırlar

Azərbaycanda meyvə-tərəvəz monopoliyası: Meyvəlidə məhsulların qiymətini 3 dəfə bahalaşdırırlar
Sosial 3411

Dolların manata nisbətən kəskin artması ölkədə bir çox məhsulların qiymətini xeyli qaldırıb. BAKU.WS-in məlumatına görə, paytaxt bazarlarında kənd təsərrüfatı məhsullarının dollar artımından sonra bahalaşması əhalidə alıcılıq qabiliyyətini azaldıb. Elə bunun nəticəsi olaraq müşahidələrimiz zamanı bazarların bir çoxunda alıcı qıtlığı yaşandığı görünüb. Satıcılar bunu əhalidə pul olmaması ilə izah edirlər. "Əvvəllər gəlib kartofu 5-10 kilo alırdılar. İndi 1-2 kiloqram çəkdirirlər. Almanı 2 dənə, 3 dənə alırlar. Şikayətlənirlər ki, qiymətlər bahadır. Amma biz də "Meyvəli”dən baha alırıq. Ona görə də baha satırıq”, - deyə satıcı Kazım Muxtarov bildirib. Müşahidələrimiz zamanı "Təzə bazar”, "Yaşıl bazar” və Biləcəri bazarında xaricdən gətirilən məhsullarla yanaşı yerli malların da qiymətinin kəskin artdığını gördük.

Görəsən bazarlarda yerli məhsulların qiymətinin artmasına səbəb nədir?

Hər şeyi dəqiq bilmək üçün meyvə-tərəvəzin mənbəyi ilə əlaqə saxladıq. Xaçmaz rayonu Çıratay kəndində fəaliyyət göstərən fermer Məzahir Nəzərov BAKU.WS-ə bildirdi ki, rayonlarda camaat əkinçiliklə məşğul olmaq istəmirlər. Onun sözlərinə görə, camaat çəkdiyi əziyyətin qarşılığında yaxşı qazanc əldə edə bilmirlər.

Xaçmaz sakini fermerlər məhsullarını niyə birbaşa Bakıdakı bazarlara gətirməməsini isə belə izah etdi: "Yolda nəqliyyat problemi yaranır. Bundan əlavə, kəndli məhsulunu bazarda özü sata bilmir. Ona imkan vermirlər. Alverçilər bazarlarda bütün yerləri alıblar. Kəndli də malı gətirir, onu satmağa yer tapmır. Məhsulu saxlamağa da şəraiti olmadığı üçün məcbur olur məhsulunu dəyər-dəyməzinə alverçilərə satır”. 

Doğrudan da, paytaxt bazarlarında kəndlilərə öz məhsullarını satmaq üçün şərait yaradılmır. "Nəzimi” bazarı, "Yaşıl bazar” və Biləcəri qəsəbəsindəki bazarda apardığımız müşahidələrə əsasən deyə bilərik ki, fermerlərə öz məhsullarını satmağa şərait yaradılmır. Burada satıcıların hamısı loru dillə desək alverçilərdir. 

Qeyd edək ki, bazarlarda süfrəmizin ikinci çörəyi sayılan kartof dəhşətli şəkildə bahalaşıb. Satıcılar bunu yerli məhsulun az olması, bu səbəbdən də kartofin xaricdən gətirilməsilə izah edirlər. Onların sözlərinə görə, kartof çatışmazlığına səbəb məhsulun saxlanılmasında yaranmış problemlərdir. Ona görə də, payızda kartof ucuz qiymətə həm yerli, həm də xarici bazarlarda satılıb. Qışda saxlama yerləri olmadığından fermerlər məhsullarını yalnız özlərinə lazım olan həcmdə saxlaya bilirlər.

"Yerimiz yoxdur. Kartofu saxlamağa şərait yoxdur. Alıcıların tələbatının 90%-ni kartof və soğan tutur. Bizim də nə anbarımız, nə də soyuducularımız var. Bu üzdən məhsullar xarab olur”, - deyə fermer Həsən İbayev vurğulayıb. 

Biləcəri qəsəbəsində, bazardan xeyli aralı məhsulunu qorxa-qorxa satan Qusarda fəaliyyət göstərən fermer Böyükağa Müslümov bildirdi ki, o artıq neçə dəfə qanuni yolla bazarda satışla məşğul olmaq istəsə də, ona imkan yaradan olmayıb. Bakıya neçə dəfə kartof, xiyar, kələm və digər tərəvəz məhsullarını gətirsə də, ondan xeyir götürə bilməyib. Daha doğrusu buna imkan verməyiblər. "Bir çox bazarda, "Nəsimi”, "Təzə bazar” və s. oldum. Amma müxtəlif bəhanələrlə məni bazara qoymadılar. Mənimlə gələnlərin hamısı maşını kirayə götürdükləri üçün məhsullarını ucuz verdilər. Mənim isə şəxsi maşınım olduğu üçün onlarla razılaşmadım. Məhsulumu yerimi tez-tez dəyişə-dəyişə satıram”. 

Alverçilərdən isə öyrəndik ki, satdıqları məhsulları Lökbatanda fəaliyyət göstərən "Meyvəli” meyvə-tərəvəz topdan və pərakəndə satış bazasından alırlar. Üstünə əlavə pul qoyub satırlar. Həmin bazara da fermerlər buraxılmır. Onlardan məhsullarını satmaq üçün elə şərtlər tələb olunur ki, kəndlilər də, mallarını bazara girməmiş alverçilərə dəyər-dəyməzinə satmağa məcbur olurlar. Bu bazarı fərqləndirən cəhət burada saxlama kameralarının olmasıdır. Lakin saxlama kameralarının icra haqqı baha olduğu üçün fermerlər və kəndlilər bu pulu ödəyə bilmirlər. Ona görə də, kameralardan ancaq alverçilər istifadə edirlər.

Ekspertlər də, bazarlarda yerli məhsulların bahalaşmasını bu sahənin inhisarlaşması ilə əlaqələndirirlər. Millət vəkili Vahid Əhmədov BAKU.WS-ə açıqlamasında qiymət artımında ərzaq bazarında hökm sürən inhisarçılığın da mühüm rol oynadığını vurğulayıb. "Meyvə və tərəvəzdə qiymət artımının səbəblərindən biri də bazarlarda satılan bəzi ərzaqların müəyyən insanların inhisarında olmasıdır. Bazarlarda olan inhisarçılıq problemi hələ də aradan qaldırılmayıb. Bazarlarda bir çox xarici məhsullara rast gəlirik, halbuki, həmin məhsullar Azərbaycanda da istehsal olunur. Bu həm daxili bazarları təmin edər, həm də xaricə idxal oluna bilər. Lakin bu yerli məhsullar bazarda sıxışdırılır”. İqtisad elmləri doktoru, professor Zahid Məmmədov isə BAKU.WS-ə açıqlamasında problemin səbəblərindən birini də kəndlilərin torpaqdan düzgün istifadə etməməsilə əlaqələndirib. "Çoxu kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlardan tikinti məqsədilə istifadə edir. İndi rayon yerlərində əkinlə məşğul olan kədlilər, fermerlər təmbəllik edir. Əkinçilik işləri əziyyətli olduğu üçün çoxu bu sahədə işləmək istəmir”. Satıcılar çoxu xaricdən məhsul alıb, üstünə pul qoyub satmağı üstün tuturlar. Yəni rahatlıq axtarırlar. Lakin fikirləşmirlər ki, bununla irəli getmək olmaz. Ziya Babayev BAKU.WS

Son xəbərlər