Azərbaycanı təhdid edən ölümcül xəstəliyin əlamətləri
Son zamanlar "Donuz qripi” – insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəliyin dünyada yayılması müşaidə olunur. "Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxmuşdur. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib.
İran, Gürcüsan qonşu ölkələrdə H1N1 ("donuz qripi”) virusunun yayılması ilə əlaqədar "donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 8 dekabr 2015-ci il tarixində əmr imzalanmışdır. Buna əsasən Azərbaycan ərazisinə də bu qripin daxil olmaması və yayılmaması üçün Səhiyyə Nazirliyinin bütün tibb müəssisələri gücləndirilmiş rejimdə işləyir, bu virusun vaxtında aşkar olunması ilə bağlı qabaqlayıcı tədbirlərində tibb işçiləri səfərbər olunaraq, geniş təbliğat yönümlü tədbirləri həyata keçirirlər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətə dəstək olaraq, Region Mərkəzlər və Rayon Bölmələri vasiəsilə "İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində əhali arasında geniş səhiyyə maarifi işini təşkil edir. Belə ki, Cəmiyyətin nümayyəndələri tərəfindən 2016-cı il yanvar ayının 24-də Yasamal rayonunda yerləşən Cəbrail qaçqın qadın icmasında "Donuz qripi” ilə bağlı görüş keçirilmişdir. AzQAC "İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova və könüllü həkim İsmaylova Pərvanə icma üzvlərinə insanlar arasında yayılan "Donuz qripi” A/H1N1 virusuna dair dünyada olan vəziyyəti, qripə qarşı profilaktik tədbirləri barədə geniş məlumatlar təqdim etmiş, əyani vəsaitlər paylamışlar.
Donuz qripi
"Donuz qripi” tənəffüs yollarının xəstəliyi olub H1N1 virusu ilə yoluxma səbəbindən inkişaf edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, virus "donuz qripi” adlansa da, əslində müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Belə ki, "donuz qripi” virusunun C və A qrip serotiplərinin – H1N1, H1N2, H2N1, H3N1, H3N2, H2N3 kimi ştammları da mövcuddur. Bu səbəbdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür.
"Donuz qripi” virusuna, adətən, fermer təsərrüfatı ilə məşğul olan insanlar yoluxur. Virusun donuzdan-donuza və donuzdan-insana yoluxmasına daha çox rast gəlinir. Yoluxmuş insanın nəfəsalması, asqırması zamanı virus hava ilə sağlam insanın burun boşluğuna və ya gözlərinə düşə bilər ki, bu da yoluxmanı təmin edir. Buna baxmayaraq, xəstə insandan digər insana yoluxma hallarına daha az rast gəlinir. Virusa yoluxmamaq üçün fermer təsərrüfatında mütəmadi profilaktika işləri görülməli, donuz əti və ondan hazırlanmış məhsullar mütləq şəkildə bişirilərək istifadə olunmalıdır. Belə olduqda, virusa yoluxma baş vermir.
"Donuz qripi”nin əlamətləri bunlardır:
Hərarət
Öskürək
Boğaz ağrısı
Əzələ ağrıları
Baş ağrısı
Ümumi zəiflik
Bəzən isə:
İshal
Ürəkbulanma
Qusma
Profilaktika məqsədilə aşağıda göstərilənlərə əməl etmək tövsiyə olunur:
Yeməkdən əvvəl əlinizi ən azı 20 saniyə isti su ilə yuyun.
Əlinizi üzünüzdən uzaq saxlayın.
Əllə görüşmədən qaçın.
Görüşən zaman öpüşmədən qaçın.
Ovucunuza və ətrafa deyil, qollar arasına öskürün və ya asqırın. Öskürək və ya asqıraq əllərinizə və paltarınıza düşübsə, yumaqla təmizləyin.
Bədən müqavimətini yüksəldin.
Tez-tez əllərin toxunduğu səthləri (qapı, stol, telefon və s.) təmiz saxlayın.
Zəiflik hiss edirsinizsə, evdə qalmağa çalışın.
Ev şəraitində xəstəyə qulluq qaydaları:
Xəstəni ayrıca otaqda izolə etmək.
Xəstəyə qulluq zamanı birdəfəlik maska və ya respiratordan istifadə etmək, dörd saatdan bir onları dəyişmək.
Xəstə ilə hər kontaktdan sonra əlləri sabunla yumaq.
Xəstə olan otağın havasını vaxtaşırı dəyişmək.
Otağı təmiz saxlamaq və ətrafı nəm üsulla yığışdırmaq.
"Donuz qripi”nin spesifik müalicəsi yoxdur. Virus əleyhinə dərmanlar istifadə edilə bilər. Amma virus tez bir zamanda bu dərmanlara qarşı tolerantlıq formalaşdırır. Odur ki, dərmanları yalnız ağır hallarda istifadə etmək məqsədəuyğundur. Virusa qarşı vaksinasiya da mövcuddur. Xəstəlik tez aşkarlandığı halda heç bir təhlükə törətmədən müalicə olunur.
Azərbaycanda "donuz qripi”nə yoluxma halı baş verərsə, bu xəstələrin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşdirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Bununla bərabər, Azərbaycanda bir çox xəstəxanalarda "donuz qripi” xəstələri üçün xüsusi palatalar ayrılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakı "donuz qripi"nə görə hərəkətə keçir
Son günlər Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrdə "donuz qripi”nin (A/H1N1 virusunun) aşkarlanması ilə əlaqədar ölkəmizdə bu virusa qarşı profilak...