Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq?

Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq?
Foto
Sosial 84

Son günlər paytaxtda və bəzi ərazilərdə kənd yumurtasını tapmaq çətinləşib.

BAKU.WS-in məlumatına görə, məhsulu satışda tapmaq mümkün olduqda isə bir ədədinin qiyməti 50 qəpiyə təklif edilir.

Əvvəlki dövrlə müqayisədə həm satışda qıtlıq, həm də qiymət məsələsi istehlakçıların diqqətini çəkir.

Maraqlıdır, soyuq aylarda kənd yumurtasına tələbat və təklif arasında hansı dəyişikliklər baş verir? Məhsulun qıtlaşmasının səbəbi nədir və qarşıdakı günlərdə qiymətlər daha da arta bilərmi?

Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə bildirib ki, kənd yumurtasının qış aylarına doğru bahalaşmasının əsas səbəblərindən biri toyuqların yumurtlama məhsuldarlığının kəskin azalmasıdır:

"Yay mövsümündə kənd toyuqlarından gündəlik 380-400 min ədəd yumurta əldə edildiyi halda, qış aylarında bu göstərici 80-120 min ədədə qədər enir. Məhsuldarlığın azalmasına havaların soyuması və gün işığının müddətinin qısalması təsir göstərir.

Bundan əlavə, kənd toyuqlarında yumurtanın formalaşması üçün zəruri olan mineral və digər qida maddələrinin təminatı da mühüm əhəmiyyət daşıyır. Bu amillər yumurtlama prosesinin müddətini uzadır. Belə ki, kənd toyuğunda bir yumurtanın formalaşması və yumurtlanması təxminən 56-72 saat çəkə bildiyi halda, sənaye üsulu ilə yetişdirilən toyuqlarda xüsusi yem əlavələrinin tətbiqi nəticəsində bu müddət orta hesabla 23 saat 59 dəqiqə təşkil edir.

Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq?

Nəticədə qış mövsümündə kənd yumurtasının bazara çıxarılan həcmi azalır, lakin məhsula olan tələbat yüksək olaraq qalır. Təkliflə tələbat arasındakı bu fərq isə qiymətlərin yüksəlməsinə səbəb olur.

Kənd yumurtası istehsalının artırılması istiqamətində görülən işlər gələcəkdə bazara müsbət təsir göstərə bilər. Qarabağa Böyük Qayıdış prosesi eyni zamanda kəndlərə qayıdış deməkdir. Əhalinin kəndlərdə məskunlaşmasının artması bu məhsulun istehsalına da təkan verə, nəticədə yerli yumurta təklifinin genişlənməsinə şərait yarada bilər".

İqtisadçı Xalid Kərimli BAKU.WS-ə deyib ki, kənd yumurtasının qiymətinin artması birbaşa istehsal xərclərinin yüksəlməsi ilə bağlı deyil. Burada əsas rol bazara çıxarılan məhsulun həcmi, tələbatın səviyyəsi və mövsümi amillərlə əlaqədardır:

"Kənd yumurtası istehlakçılar tərəfindən broyler yumurtasına nisbətən daha keyfiyyətli və premium məhsul kimi qəbul edilir. Bu səbəbdən ona tələbat və qiyməti də adətən daha yüksək olur. Bununla belə, ümumi yumurta bazarında qiymətlərin formalaşmasına əsas təsir göstərən məhsul broyler yumurtasıdır. Çünki bazara təklif olunan yumurtanın böyük hissəsini məhz broyler təsərrüfatlarının məhsulları təşkil edir.

Kənd yumurtasının qiymətindəki dəyişikliklərdə mövsüm amili də mühüm rol oynayır. Hava şəraiti soyuduqca kənd təsərrüfatında yumurta məhsuldarlığı tədricən azala, nəticədə bazara çıxarılan məhsulun həcmi aşağı düşə bilər. Eyni zamanda, isti havalarda yumurtanın saxlanması çətinləşdiyindən satıcılar məhsulu daha tez satışa çıxarmağa çalışırlar. Soyuq aylarda isə saxlama imkanlarının artması bazardakı vəziyyətə təsir göstərir".

Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq?

İqtisadçının fikrincə, hazırkı bahalaşmanı daha çox təklifin həcmi ilə tələbat arasındakı nisbət izah edir:

"Əgər kənd yumurtasına tələbat yüksək olaraq qalarsa, qiymət artımı davam edə bilər. Əksinə, tələbatın azalması qiymətlərin müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər.

Kənd yumurtasının qiymətinin gələcək istiqaməti əsasən bazara çıxarılan məhsulun miqdarından, mövsümi şəraitdən və istehlakçı tələbatından asılı olacaq. Başqa sözlə, qiymət dəyişikliklərini yalnız xərclərin artması ilə əlaqələndirmək düzgün deyil".

Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq?

Hacıqabul Quşçuluq Şirkətindən isə BAKU.WS-in sorğusuna cavab olaraq qeyd edilib ki, son illər ərzaq məhsullarının qiymətində müxtəlif dəyişikliklər müşahidə olunsa da, Azərbaycanda sənaye üsulu ilə istehsal edilən toyuq yumurtasının pərakəndə satış qiymətində uzun müddətdir kəskin artım qeydə alınmır:

"Bu vəziyyət ölkədə quşçuluq sektorunun inkişafı, yerli istehsal imkanlarının genişlənməsi və müasir texnologiyaların tətbiqi ilə əlaqələndirilir. Yumurta istehsalı sahəsində əldə olunan nəticələr daxili bazarın əsasən yerli məhsul hesabına təmin edilməsinə imkan yaradır. İdxaldan asılılığın nisbətən aşağı olması, yerli müəssisələrin istehsal gücü və bazardakı rəqabət qiymətlərin sabitliyinə təsir edən əsas amillərdəndir. İstehsal həcminin daxili tələbatı üstələməsi isə bazarda məhsul bolluğunun qorunmasına şərait yaradır.

Daxili ehtiyacdan artıq istehsal olunan yumurtanın xarici bazarlara çıxarılması da sektor üçün əlavə imkanlar formalaşdırır. İxrac müəssisələrə satış coğrafiyasını genişləndirmək, istehsal güclərindən daha səmərəli istifadə etmək və əlavə gəlir əldə etmək imkanı verir. Beləliklə, yerli bazarın təminatı ilə yanaşı, xarici bazarlarda mövqelərin möhkəmləndirilməsi də quşçuluq təsərrüfatlarının inkişafına töhfə verir.

Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq?

Sahədəki dəyişikliklər yalnız istehsal həcminin artması ilə məhdudlaşmır. Son illərdə quşçuluq müəssisələrində müasir texnologiyaların tətbiqi istehsal prosesinin daha səmərəli təşkilinə, məhsulun keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və saxlanma şəraitinin təkmilləşdirilməsinə imkan yaradıb.

Xüsusilə müasir yemləmə sistemləri, quşların saxlanma şəraitinə nəzarət, avtomatlaşdırılmış istehsal xətləri, temperatur və havalandırma sistemləri bu sahədə mühüm rol oynayır. Yumurtaların çeşidlənməsi, çəkisinə uyğun qruplaşdırılması, qablaşdırılması və saxlanması proseslərinin avtomatlaşdırılması da məhsulun istehlakçıya keyfiyyətini qoruyaraq çatdırılmasına kömək edir.

Əvvəllər sənaye üsulu ilə istehsal olunan yumurta ilə kənd yumurtası arasında dad və keyfiyyət baxımından ciddi fərq olduğu düşünülürdü. Lakin müasir quşçuluq təsərrüfatlarında yem rasionunun düzgün qurulması, quşların sağlamlığına nəzarət və istehsal texnologiyalarının yenilənməsi sənaye yumurtasının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına şərait yaradıb.

Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq?

Bu baxımdan yumurtanın keyfiyyətini yalnız onun kənddə və ya fabrik şəraitində istehsal olunması ilə əlaqələndirmək doğru deyil. Quşların qidalanması, saxlanma şəraiti, məhsulun təzəliyi və düzgün qorunması da keyfiyyətə təsir edən mühüm amillərdir.

Yumurta gündəlik qida rasionunda geniş istifadə olunan və zülal mənbəyi kimi əhəmiyyət daşıyan məhsullardandır. Buna görə də daxili bazarda onun qiymətinin sabit qalması istehlakçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Yerli istehsalın imkanları, bazarda təklifin yetərli olması və texnoloji yeniliklər bu sabitliyin qorunmasında mühüm rol oynayır".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər