Azərbaycanın növbəti humanitar yardımı Ukrayna rəsmilərinə təhvil verilib
Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində nəzərdə tutulan enerji avadanlıqlarından ibarət növbəti yük Kiyev rəsmi şəxslər tərəfindən təhvil alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, enerji avadanlıqlarının təhvilvermədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ukrayna energetika nazirlərinin müavinləri Nikolay Kolesnik və Valentina Moskalenko, səhiyyə nazirinin müavini İqor Kolaç iştirak ediblər.
Göndərilən avadanlıqların ümumi dəyəri 1 milyon dollar təşkil edir. Bura 12 alçaq gərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir.
Məlumata görə, ümumilikdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurma yönümlü yardımın həcmi 45 milyon dolları ötüb.
Ukrayna səhiyyə nazirinin müavini İqor Kolaç bildirib ki, Azərbaycana göstərilən köməyə görə təmsil etdiyi dövlət adından səmimi minnətdarlığını bildirir:
"Göndərilən enerji avadanlıqları hazırda zərər görən səhiyyə sistemlərimizin dayanıqlığını təmin etmək üçün çox vacibdir. Göndərilən enerji avadanlıqları artıq səhiyyə müəssisələri arasında bölüşdürülüb və bu gündən etibarən müəssisələrimizin enerji təminatını gücləndirəcək".
Nazir müavini vurğulayıb ki, bu yardım kritik əhəmiyyətli avadanlıqların işini təmin etməyə və fasiləsiz tibbi yardımın göstərilməsinə çox kömək edəcək.
"Bu, Ukrayna hökumətinin xarici tərəfdaşlarla sistemli işinin tərkibidir. Bu günə kimi səhiyyə sistemində 15 mindən çox generator cəmləşib. Təcili yardım şəbəkəsinin müəssisələrinin 100%-i generatorlarla təmin edilib, bu 3500-dən çox generatordur".
İqor Kolaç humanitar yardımla əlaqədar Azərbaycan prezidentinə, hökumətinə, xalqına təşəkkür edib.
Ukrayna Energetika nazirinin müavini Nikolay Kolesnik isə deyib ki, artıq döyüş əməliyyatlarının aktiv fazasının dördüncü ilində məhz sosial obyektlərə və ya əsas xidmətlərin, enerji və kommunal xidmətlərin sistemli təchizatından asılı olan enerji infrastrukturu obyektlərinə zərbələr intensivləşdirilir:
"Məhz beynəlxalq yardım bizə düşmənin yaratdığı bu çağırışlara tez bərpa olmağa, cavab verməyə və müqavimət göstərməyə kömək edən sistemli alətdir. Biz görürük ki, bu gün Azərbaycan humanitar missiya olaraq enerji avadanlıqlarında da Ukraynaya dəstəyi əsirgəmir. Bu, birbaşa bu gün səhiyyə sistemi obyektlərinə gedən avadanlıqdır. Bunlar kritik, vacib obyektlərdir".
Qalereya
Oxşar xəbərlər
Bakı metrosunda şüşə arakəsmələrin quraşdırılması mümkün deyil - AÇIQLAMA
Bakı metropolitenində şüşə arakəsmələrin quraşdırılması texniki baxımdan mümkün deyil. BAKU.WS xəbər verir ki, bu barədə "APA"ya "Bakı metropoliteni" QSC-dən mə...