Avtobus sürücülərinə bəd xəbər: Yaş həddi gündəmə gəlir
Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihə müzakirə edilib.
Trend-in məlumatına görə, bu qanunla sərnişin daşınmasını həyata keçirən avtomobillərin (avtobuslar) sürücüləri üçün yaş və təcrübə ilə bağlı daha sərt yeni tələblər müəyyən edilib.
Belə ki, "D” kateqoriyasında olan nəqliyyat vasitələrini idarə etmək üçün yaş həddi 21-dən 23-ə, "DE” kateqoriyasında isə yaş tələbi 24-dən 26-ya qaldırılır. Həmçinin, bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etmək üçün maksimum yaş həddi 65 müəyyənləşdirilir.
Eyni zamanda, "D” kateqoriyası üzrə ümumilikdə azı 5 il sürücülük təcrübəsi, "DE” kateqoriyası üzrə isə təkcə "D” kateqoriyasında azı 3 il sürücülük təcrübəsi tələbi müəyyən edilir.
Qeyd etmək lazımdır ki, "D” kateqoriyasına sərnişin daşınması üçün nəzərdə tutulan və sürücü oturacağından əlavə oturacaq yerlərinin sayı 8-dən artıq olan avtomobillər, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobillər daxildir. "DE" kateqoriyasına isə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan avtomobillər daxildir.
Dəyişikliklər Milli Məclisdə səsə qoyularaq qəbul edilib.
Dəyişikliyi şərh edən hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, bu yeniliyin tətbiqi maraqlı suallar doğuracaq. Yəqin ki, hazırda yaşı 65-i ötmüş və "D” və "DE” kateqoriyalı sürücülük hüququ olan şəxslər var. Ən maraqlısı onların bu kateqoriyalar üzrə sürücülük hüququnun taleyi ilə bağlı olacaq. Konstitusiyaya (149-cu maddə) "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan (yəni pisləşdirən) normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Deməli, hazırda yaşı 65-i ötmüş şəxslər malik olduqları "D” və "DE” kateqoriyası üzrə sürücülük hüquqlarını sürücülük vəsiqəsinin müddəti bitənədək saxlamalıdırlar. Amma həmin vəsiqənin müddəti bitdikdən sonra onların bu kateqoriyalar üzrə sürücülük hüququ uzadılmayacaq (yəni dəyişdirilən vəsiqədə "D” və "DE” kateqoriyaları göstərilməyəcək).
"D” və "DE” kateqoriyalarına malik olan və yaşı 65-ə çatmamış şəxslər isə bu yaşa çatdıqdan sonra onlara verilən yeni vəsiqədə "D” və "DE” kateqoriyası göstərilməyəcək.
Şəxs vəsiqəsini 65 yaşından qabaq dəyişdikdə və yeni vəsiqənin müddəti 65 yaşı keçəndən sonra bitməli olduqda isə yəqin ki, onun "D” və "DE” kateqoriyası üzrə sürücülük hüququnun 65 yaşadək etibarlı olduğu göstəriləcək.
Ən mübahisəli problem isə əcnəbilərlə yaşana bilər. Məsələn, 65-dən yuxarı yaşı olan və "D” və "DE” kateqoriyası olan əcnəbi avtobus sürərək Azərbaycana gəlir. Belə çıxır ki, həmin şəxs avtobusu idarə etməklə Azərbaycana buraxılmayacaq. Ölkə ərazisində avtobusu idarə edərkən saxlandıqda isə o, sürücülük hüququ olmayan şəxs kimi məsuliyyətə cəlb olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda YENİLİK: "Sürücülük vəsiqələrindən ödəniş etmək mümkün olacaq"
"Gələcəkdə sürücülük vəsiqələrindən ödəniş vasitəsi kimi istifadə ediləcək”. Bu barədə ANS PRESS-ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəs...