Artan boşanmaların səbəbi: "Hər dəqiqə telefonu mənə göstərməlisən"
Son illər boşanma statistikasında artım müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, ailələrin dağılmasına səbəb yalnız maddi problemlər və ya xəyanət deyil. Münasibətlərdə artan güvənsizlik və əsassız şübhələr də buna səbəb olan əsas faktorlardandır.
8 saylı Mediasiya Təşkilatının direktoru Mayıl Əhməd Baku TV-yə bildirib ki, tərəflər bir-birindən daimi nəzarət tələb edirlər:
"Bəy xanıma, ya da xanım bəyə bildirir ki, sənin yazışmalarına baxmalıyam, hər dəqiqə telefonu mənə göstərməlisən. Əsassız şübhələr, bir-birinə qarşı xəyanət ittihamları ortaya çıxır. Belə hallarda biz tərəfləri ailə psixoloquna müraciət etməyə dəvət edirik. Çalışırıq izah edək ki, hər hansı yazışma iş yoldaşı və ya dost tərəfindən göndərilmiş ola bilər. Müasir dövrdə insanlar iş ahəngi və sosial əlaqələr səbəbi ilə yazışırlar. Bu isə o demək deyil ki, tərəflərdən biri xəyanət edib. Araşdırma aparılmadan birbaşa məhkəməyə müraciət etmək düzgün yanaşma deyil".
Psixoloqlar isə bildirirlər ki, əsassız şübhə, qarşı tərəfi ittiham etmək paranoyanın əlamətidir. Bu psixoloji problemdən əziyyət çəkən şəxs daim münasibətdə olduğu insanı nəzarət altında saxlamağa çalışır.
Psixoloq Rəxşan Əli Əzimzadənin sözlərinə görə, paranoya insanın əsassız şəkildə şübhələnməsi, başqalarının ona qarşı pisniyyətli olduğuna inanmasıdır:
"Münasibətdə bu, özünü telefon və sosial media hesablarına nəzarət, şifrələrin tələb olunması, kimə nə yazıldığının soruşulması ilə göstərir. Davamlı və yerli-yersiz suallar, artan xəyanət şübhələri, sözlərə gizli məna yükləmək bu halın əsas əlamətləridir. Amerika Psixoloqlar Assosiasiyasının araşdırmasına görə, paranoid xüsusiyyətlər kişilərdə qadınlara nisbətən daha çox müşahidə olunur. Təbii ki, bunun müalicəsi var və koqnitiv davranış terapiyası ilə problem üzərində işləmək mümkündür".
Oxşar xəbərlər
Acınacaqlı şəraitdə yaşayan ana və oğul niyə yardımlardan imtina edirlər?
Bir müddət əvvəl Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında Kəngərli rayonunun Şahtaxtı kəndində acınacaqlı vəziyyətdə yaşayan ana və oğul barədə sü...