ADSEA: Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya QSC-dən bildirilib.
Bildirilib ki, Bəhramtəpə Hidroqovşağında həyata keçirilən təmir işləri Azərbaycan Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq icra olunur.
Məlumata görə, 2022-ci ildən başlanılan və mərhələli şəkildə həyata keçirilən işlərin əsas hissəsi artıq tamamlanıb: "Hazırda layihənin növbəti mərhələsi çərçivəsində anbarın müvafiq hissələrində betonlama işlərinin aparılması və nizamlayıcı qapıların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur".
Qeyd olunub ki, təmir işlərinin bu ilin dekabr və gələn ilin yanvar aylarında, təxminən iki ay müddətində aparılması planlaşdırılır: "İşlərin icra müddəti hava şəraitindən və texniki proseslərin gedişindən asılı olaraq daha qısa ola bilər. Ən vacib məqam ondan ibarətdir ki, təmir müddətində ətraf rayonların (İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad) su təminatında hər hansı çatışmazlıq və ya fasilə gözlənilmir. Bu dövrdə alternativ mənbə kimi Qarabağ kanalından istifadə olunacaq. Kanala saniyədə 25-30 kubmetr su daxil olduğu təqdirdə, həmin suyun müvafiq kanallara yönəldilməsi hesabına ərazilərin su təminatı davam etdiriləcək".
Xüsusilə qeyd edilib ki, təmir işlərinin suvarma suyuna tələbatın nisbətən az olduğu dekabr-yanvar aylarında planlaşdırılması təsadüfi deyil:
"Bu yanaşma həm texniki işlərin daha əlverişli şəraitdə aparılmasına, həm də suvarma və digər su təchizatı ehtiyaclarının fasiləsiz qarşılanmasına imkan verir. Beləliklə, Bəhramtəpə Hidroqovşağında aparılacaq təmir işləri ilə əlaqədar adıçəkilən beş rayonun içməli su təminatında və suvarma suyu ilə təchizatında hər hansı çətinlik gözlənilmir", - deyə açıqlamada qeyd olunur.
Oxşar xəbərlər
Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı?
Bakı şəhəri və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi, eləcə d...