Erkən nikahların qarşısını bu yollarla almaq olar - TƏKLİFLƏR

Erkən nikahların qarşısını bu yollarla almaq olar - TƏKLİFLƏR
Sosial 2364

Azərbaycanda daha bir erkən nikah faciə ilə yekunlaşıb. Yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.

BAKU.WS xəbər verir ki, baş verən olay ölkədə erkən nikahlarla bağlı acınacaqlı durumu ortaya qoyub.

Sosial şəbəkədə və ictimaiyyətdə insanlar erkən nikahların qarşısının alınması ilə bağlı müxtəlif fikirlər səsləndirməyə başlayıb. Mövcud durumu nəzərə alaraq ekspertlərə müraciət etdik və erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər və bunların qarşısını almaq istiqamətində fikirləri öyrəndik.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə BAKU.WS-ə bildirib ki, erkən nikahlarla bağlı illərdir, danışılır və artıq bütün regionlarda buna rast gəlinir: “Ən çox bizim qarşılaşdığımız və fəsadlarını gördüyümüz region, əlbəttə ki, cənub bölgəsidir. Bölgədə 5-6-cı siniflərdən sonra məktəblərdə qız uşaqlarını görmək azalıb. 8-ci sinifdən sonra ümumiyyətlə qızlar yuxarı siniflərə qalxmırlar. 14 yaşlarında artıq evlilik və nişanlılıq qərarları verilir. Bu artıq onların həyat tərzi və əsas dəyərlərinə çevrilib.

Cənub regionunda əsas vurğulanan budur ki, qız nə qədər tez getsə, problem bir o qədər az olar. Problemlərin nəticəsi isə əslində göz qabağındadır: Qətllər, boşanmalar, qeyri-rəsmi nikahlar. Erkən nikah heç cür qeydiyyata alınmır və biz bunu qeyri-rəsmi nikah kimi qiymətləndiririk. Bu nikahların bağlanmasında dini kəbin olsa da, bu, heç bir məhkəmədə, qanunvercilik qarşısında bərabərhüquqlu olmur. Bu səbəbdən ən ciddi problemlərlə qarşılaşan erkən yaşda ərə verilən qızlar və onların dünyaya gətirdiyi uşaqlardır”.

Ekspert təklif edib ki, həssas region və bölgələrdə qızların siyahıya alınması aparılmalıdır: “Sahə müvəkkilləri və həkimlər, müəllimlər arasında ciddi iş aparılmalıdır. Necə olur ki, bir kənd və qəsəbənin içində həyətdə balaca bir hin tikiləndə bundan hamının xəbəri olur. Ancaq qızın aylarla, illərlə kiçik yaşda nişanlı qalmasından sahə müvəkkili və icra nümyəndəsinin xəbəri olmur. Heç kim anlamır ki, bu gün bizim inzibati xəta kimi gördüyümüz hadisə (erkən nikah) sabah böyük bir cinayətə gətirib çıxaracaq.

Bunun üçün adiyyətli qurumlar, əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi kompleks şəkildə tədbirlər həyata keçirməlidir. Əlbəttə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin erkən nikahların qarşısının alınması istiqamətində sosial sifarişlərinə layihələr əlavə olunmalıdır. Ən əsası budur ki, bu bölgədəki ağsaqqallar və böyüklərin şüurları dəyişilməsə, onlar öz qızları, nəvələri və nəticələrini bədbəxt edəcəklər.

Fikrimcə, rəsmi nikah yaşını 17 yaşa salmaq yalnış addımdır. Çünki buna da artıq barmaq edənlər olur. Yalanlar səbəblər gətirilir. Heç 18 yaşda belə qızlar və oğlanlar evliliyə hazır deyil. Evlilik kiçik bir dövlətdir. Bu dövləti heç bir bacarığı, sənəti, işi, maliyyəsi olmayan bir gənc necə idarə edə bilər? Evlilik məsələsində təkcə qan testləri deyil, ciddi psixoloqların müdaxiləsi də lazımdır”.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı, hacı Şahin Həsənli isə BAKU.WS-ə deyib ki, erkən nikah İslam dininin tövsiyyə etdiyi bir şey deyil, sadəcə icazə verdiyi məsələdir: “Din bir şeyə icazə verirsə, o demək deyil ki, onun edilməsinə təkid edir. Dini qaydalar zaman və şəraitə uyğunlaşır. Yəni müasir dövrdə gənc qızlar təhsil alır və formalaşmaq dövrünü keçir. Bu, müəyyən bir zaman aparır. İnsan evliliyə təkcə cismən deyil, ruhən və mənəvi cəhətdən hazır olmalı, öz məsuliyyətini başa düşməlidir. Dövr keçdikdə dinimizin bəzi hökmləri zaman və şəraitin tələblərinə uyğunlaşır. İctihad prosesi – dinin zamana uyğunlaşması prosesi mövcuddur.

Din erkən evliliyi qadağan etməsə də, insanları buna təşviq də etmir. Dinimiz şəraitə uyğun ağıllı, doğru və dürüst addım atmağın tərəfdarıdır. Yetkinlik yaşı bir şəriət nöqteyi nəzərindən var (fizioloji yetkinlik), bir də mənəvi yetkinlik. Bütün bu məsələr nəzərə alınmalıdır. İmam nikahlarına gəldiksə isə, bu məsələlərin uzlaşdırılması üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinə göstəriş verilib ki, rəsmi dövlət nikahı olduqdan sonra kəbin oxunsun. Çünki bu yolla kəbindən sui-istifadə hallarının qarşısı alınır. Hər-bir halda mövcud şərait nəzərə alınmalıdır”.

Oxşar xəbərlər

Son xəbərlər