Xoşbəxt Yusifzadə ilə bağlı SƏRƏNCAM
Tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunacaq.
BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 19-da “Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, SOCAR Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik X.Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Qeyd edək ki, gələn ilin yanvarında tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, akademik X.Yusifzadənin 90 yaşı tamam olur. X.Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb. Onun iştirakı və rəhbərliyi ilə 20-dən çox neft-qaz yatağı kəşf edilib, istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var. Geoloq-alimin neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları layiqincə qiymətləndirilib.
Oxşar xəbərlər
Prezident alimə “Şərəf” ordeni verdi
Prezident İlham Əliyev Fərzəliyev Vaqif Məcid oğlu “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, o, Azərbaycanda elmin...