VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun həmin məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu döyməsi ilə bağlı məlumat vermişdik. Hətta jurnalistikanın əsas prinsiplərinə sadiq qalaraq, qarşı tərəfin, yəni direktorun, eləcə də Bakı Şəhər Təhsil İdarəsinin, şagirdin döyülməsini araşdıran Sabunçu rayon 14-cü Polis Bölməsinin təhqiqatçısının da mövqeyini eyni yazıda işıqlandırmışdıq.

Buna baxmayaraq, 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun öz peşə borcunu yerinə yetirən Axar.az saytına və əməkdaşlarına qarşı uzun müddətdir başlayan hücumları ara vermir.

O, əvvəlcə zəng edərək, haqqında yazılmış xəbərin saytdan silinməsini istəyib. Bu istəyi yerinə yetirilmədikdə isə Mətbuat Şurasına müraciət edib. Şura üzvləri həmin yazı ilə tanış olduqdan sonra yazıda heç bir prinsipin pozulmadığını direktora başa saldılar.

Daha sonra növbəti dəfə yazının saytdan qaldırılması tələbi ilə redaksiyaya müraciət edən direktor Azər Ələkbərov təhdid və hədələrə başladı (Səs yazısı var). Bunun ardınca isə "sayt və əməkdaşlarının rüsvay olunması” əməliyyatına start verdi. O, Feysbuk sosial şəbəkəsindəki profilindən "Quql” reklamlarını "saytın materialı” kimi "skrin-şot” edərək, paylaşdı və "əxlaqsızlıqda” ittiham etməyə başladı.

Quql reklamını saytın materialından ayıra bilməyən savadsızın böyük bir məktəbdə direktor işləməsinin necə mümkün olduğu bir ayrı müzakirənin mövzusudur. Məsələ ondadır ki, bu adam sayt əməkdaşının şəxsi fotolarını paylaşaraq, onun şəxsiyyəti haqda öz əxlaqına uyğun ifadələr yazmaqdan belə çəkinmədi.

Onun bu hərəkəti sosial şəbəkələrdə ciddi etirazla qarşılandı, həmkarlarımız və ictimai nüfuzu insanlar etirazlarını bildirdilər və direktoru Quql reklamını sayt materialından ayıra bilməməkdə ittiham etdilər, jurnalistin şəxsi fotolarını bu cür əxlaqdankənar tərzdə paylaşmağın heç bir ölçüyə sığmadığını adama başa salmağa çalışdılar.

Belədə Ələkbərov daha bir şok addım ataraq, ona bu iradı tutan vətəndaşlara təhqir məzmunlu məktublar yazdı (Skrinləri var).

Lakin direktor bundan sonra da rahat dayanmadı. O, günahkar olmasına baxmayaraq, özü haqda xəbəri ictimailəşdirən əməkdaşımızı polisə şikayət etdi (Halbuki Ələkbərovun bütün səs yazıları – xahişi, təhdidi, təhqiri – redaksiyada hələ də qalmaqdadır).

Direktorun şikayətindən sonra redaksiyamıza gəlib, əməkdaşımızdan ifadə götürən təhqiqatçı da sözügedən şəxsin təhdid və təhqir məzmunlu səs yazılarına şəxsən qulaq asdı və məsələ haqda tam təfərrüatı ilə məlumat aldı. Təhqiqatçı əməkdaşımızla söhbətində Axar.az saytının əvvəldən-axıra qədər haqlı olduğunu, bütün normalara riayət etdiyini və direktorun bu hərəkətlərinin araşdırılacağını dedi.

Məsələnin daha bir sensasiyalı məqamı da bundan sonrakı "təklif” oldu. Araşdırma aparan Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşı Elvin Bəşirov direktorun "tələbi”ni çatdırdı: yazını saytdan qaldırsınlar, mən də geri çəkilim.

Bütün hüquqi sədləri keçən, şantaj və təhdidlərlə hədəfinə çatmaq istəyən bir direktorun Daxili İşlər Nazirliyini öz naqisliklərinə vasitə seçmək istəyi artıq bu adamın islaholunmaz biri olduğu haqda şübhələrə yol açır.

Bu barədə hələ 10 gün öncə Təhsil Nazirliyinə müraciət etmiş, şifahi olaraq şikayətimizi bildirmiş və direktorla bağlı lazımı ölçü götürülməsini xahiş etmişdik. Ancaq görünür, Təhsil Nazirliyi bütün gün ərzində Feysbukda fəaliyyət göstərən direktorla bacara bilmir və yaxud, bu direktorun qarşısında hansısa öhdəliyi var.

Axar.az artıq hüquqi addımlara start verib. İlk olaraq, Daxili İşlər naziri Ramil Usubova müraciət olunub və şagirdin döyülməsi barədə aparılan araşdırmanın nəticəsi istənilib. Çünki 22 saylı məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu jilet geyinmədiyi üçün direktorun döyməsi faktını Sabunçu rayon 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əlizadə Axar.az-a təsdiqləmişdi. Faktla bağlı ekspertiza da təyin edilmişdi. Ə.Əlizadənin sözlərinə görə, ekspertizanın nəticəsi vardı və nəticələr aidiyyəti üzrə prokurorluğa göndərilmişdi.

Daha bir müraciət isə Təhsil naziri Ceyhun Bayramova ünvanlanıb. Səs yazısının, redaksiya əməkdaşlarını təhqir və şantaj edən materialların da əlavə olunduğu rəsmi müraciətdə Azər Ələkbərov haqda ölçü götürülməsi xahiş edilir.

Azər Ələkbərov böyük bir təhsil müəssisənin direktorudur, demək, o, yüzlərlə, hətta minlərlə şagirdin yetişməsində, formalaşmasında rol oynayır. Belə bir şəxsin direktor kimi bu vaxta qədər "qorunmasının” özü mübahisəlidir.

Nədənsə Təhsil naziri Ceyhun Bayramov ictimaiyyəti davamlı olaraq təhqir edən və şagirdinə qarşı fiziki zorakılıq nümayiş etdirən direktorla bağlı indiyə qədər heç bir ölçü götürməyib. Halbuki yeni təyin olan olunan gənc nazirimizin təhsil sistemində köklü dəyişikliklər etməsi gözlənilirdi.

Məsələ təkcə Azər Ələkbərovun Axar.az-ın əməkdaşlarına hücum etməsi, şagirdi döyməsi deyil, həm də sabahımız olan təhsilimizin belə zehniyyətlərdən xilas edilməsidir. Elə bu cür direktorların təhsilimizi zəhərləməsinin nəticəsidir ki, abituriyentlər qəbul imtahanlarında rüsvayçı nəticələrə imza atırlar. Nəinki abituriyentlər, hətta onları öyrədən müəllimlər də diaqnostik qiymətləndirilmə üçün keçirilən imtahanlarda biabırçı nəticələr ortaya qoyurlar.

Mövzunu davam etdiriləcək.

BAKU.WS