Azərbaycanda 28 655 nəfər narkoman kimi qeydiyyatdadır.


BAKU.WS
-in səhiyyə Nazirliyin saytına istinadən verdiyi məlumata görə, onlardan 23042 dispanser, 5614-2 isə profilaktik qeydiyyata alınıb.


Ədliyyə Nazirliyi tərəfindən 9 ay ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilmişdir. Onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib.


Respublika Narkoloji Mərkəzi tərəfindən BMT-nin Narkotiklərə Nəzarət Üzrə Beynəlxalq Komitəsinə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqəli mütamadi olaraq hesabatlar göndərilir.


Narkotik vasitələrin və psixotrop maddələrin stasionarı olan özəl tibb müəssisələrində istifadə olunmasına müvafiq rəy verilməsi məqsədi ilə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən həmin müəssisələrə, xəstələrin dövriyyəsinə nəzarət olunan psixotrop dərman preparatlarına olan tələbatını yaxşılaşdırmaq məqsədilə əczaçılıq müəssisələrinə baxış keçirildirlər və bu haqda müvafiq aktlar tərtib edirlər. 2015-ci ilin 9 ayı ərzində 12 özəl tibb müəssisəsinə və 5 aptekə baxış keçirilib və müvafiq aktlar tərtib olunub.


2015-ci ilin 9 ayı ərzində Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 24925 nəfər keçmişdir. Onlardan 554 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 189 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülüb.


2015-ci ilin 9 ayı ərzində 2157 nəfər stasionar müalicəyə qəbul olunmuşdur. Onlardan 1016 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 933 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunmuşdur. 208 nəfəri isə digər diaqnozlarla stasionar müalicəyə qəbul edilib.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılmışdır. 2015-ci ilin 9 ayı ərzində müayinədən 1783 nəfər keçib.

Ziya Səccad
BAKU.WS