SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır.


BAKU.WS
-in məlumatına görə, bununla əlaqədar,  bu gün də ölkə ərazisində Qafqaz Müsəlmanları İdarəsinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyası keçiriləcək.


Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu "Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər "Cümə” məscidi;

9. Gəncə şəhər "İmamzadə” məscidi;

10. Mingəçevir şəhər "Heydər” məscidi;

11. Şəki şəhər "Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər "Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Xatırladaq ki, 1369 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib.

Tarixi mənbələrdə xəlifə Müaviyyə ibn Əbu Süfyanın ölümündən sonra onun taxta çıxan oğlu Yezid ibn Müaviyyənin imansız və əyyaş olduğu, bütün gününü qumar oynamaqla keçirdiyi bildirilir. Onun bu əməlləri İmam Hüseyni (ə) ciddi narahat etdiyindən İmam Hüseyn (ə) Yezidə bildirir ki, İslam xəlifəsinə yaraşmayan pis işlərdən çəkinməsə, babası Peyğəmbərin (s) dinini qorumaq üçün ona qarşı üsyan edəcək. Yezid isə İmam Hüseynə (ə) çoxlu pul və qızıl qarşılığında onun xəlifəliyini qəbul etməyi təklif edir, əks halda öldürəcəyi ilə hədələyir. İmam Hüseyn (ə) isə bu təklifi rədd edir və bildirir ki, "Əgər babam Məhəmmədin (s) dini mənim ölməyimlə yaşayacaqsa, onda ey qılınclar, doğrayın məni!”


Bundan sonra Kərbəla çölündə Yezidin qoşunu ilə üz-üzə gələn İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə qəhrəmanlıqla vuruşaraq din yolunda şəhid olur. Bu səbəbdən dünya müsəlmanları Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.


Qeyd edək ki, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedir, Allaha xətir nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyaları keçirilir.

Ziya Səccad

BAKU.WS