Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir.

Bu barədə BAKU.WS-in redaksiyasına hər gün onlarla şikayət daxil olur. Şikayətlərdə ən çox avtobus sürücülərinin sərnişinlərlə kobud rəftarı, avtobusların istədikləri yerdə saxlamaları, bəzən isə dayanacaqlarda dayanmamaları barədədir. Bu gün isə redaksiyaya sərnişinlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə girməsi barədə şikayət daxil oldu.

Şikayətdə bildirilir ki, 155 saylı sərnişin avtobusu içərisində sərnişinlər ola-ola yanacaqdoldurma məntəqəsinə girir və benzin doldurur. Hətta çox vaxt sürücü sərnişinlərə yanacaqdoldurma məntəqəsinə girməsi barədə xəbərdarlıq da etmir. Bu da sərnişinlərin və ətrafda olan insanların həyatını təhlükəyə atmaq deməkdir. Bu barədə dəfələrlə avtobusun sahibkarı İlham bəyə şikayət edilsə də, heç bir tədbir görülməyib.


Şikayət edən şəxs redaksiyaya sübut kimi videogörüntü də göndərib. Məsələni araşdırmaq üçün sahibkarla əlaqə saxlaya bilmədik.

 

Ziya Səccad

BAKU.WS