SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Tikintisi yarımçıq saxlanılan "7 Hills” yaşayış kompleksindən ev alan müştərilərə dəyən ziyanın ödənilməsinə başlanıb.

 

Bu barədə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli BAKU.WS-ə açıqlamasında bildirib.


Onun sözlərinə görə, banka müraciət edən bütün "7 Hills” müştərilərinin Bank qarşısındakı öhdəlikləri bağlanıb.


"Məbləğindən asılı olmayaraq onların ilkin ödənişlərinin qaytarılmasına da başlanıb. Artıq müştərilərin təxminən 40 faizi ilkin ödənişlərini alıb. Bu proses davam etdirilir”, - deyə Yadigar Cəfərli bildirib.

 

Y.Cəfərli müştərilərin ilkin ödənişlərinin qaytarılması prosesinin də tezliklə başa çatdırılacağını qeyd edib.


Xatırladaq ki, "7 Hills” şirkətinin "Globus Plaza”nın sahibi, keçmiş deputat və oliqarx, Beynəlxalq Banka yüz milyonlarla dollar kredit borcu olan Dünyamin Xəlilova və onun ortağı Xaqani Bəşirova məxsus olduğu barədə məlumatlar var.

 Şirkət ötən ilin dekabrında Beynəlxalq Bankın ipoteka kreditləri hesabına Bakının mərkəzi hissəsində orijinal arxitekturaya malik yaşayış kompleksinin tikintisi layihəsini elan edib və geniş reklam kampaniyası başladaraq müştərilər cəlb edə bilib.

Lakin çox keçmədən Beynəlxalq Bank ətrafında məlum proseslər başlayıb və oliqarxlar dövlət bankının daha bir iri krediti hesabına öz biznes layihələrini başlaya bilməyiblər. Müştərilər isə tikinti işlərinin başlamamasından narahat olaraq şirkəti onları aldatmaqda günahlandırır və pullarını geri tələb edir.

Ziya Səccad

BAKU.WS