SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində sərnişindaşıma xidmətləri göstərən özəl daşıyıcılara marşrut xətləri artıq müsabiqə yolu ilə veriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) daşıyıcı şirkətlərlə görüşündə jurnalistlərə açıqlama verən Agentliyin baş direktorunun müşaviri Mübariz Abbasov danışıb.

O bildirib ki, müsabiqə şərtləri daşıyıcı şirkətlərə göndəriləcək: "Müsabiqə şərtlərinə daxil olan amillərə daşıyıcıların istehsalat bazasının olması, nəqliyyat vasitələrinin standartlara cavab verməsi, sürücülərinin peşəkarlığı və s. aiddir. Bu şərtlərə əməl edən istər hüquqi, istər fiziki şəxs müsabiqədə qalib olacaq və Bakı Nəqliyyat Agentliyi ilə həmən daşıyıcı arasında 3-5 illik müqavilə bağlanacaq. Sahibkarlara Nazirlər Kabinetinin sürücülərin yaş həddi ilə bağlı qərarı Bakı Nəqliyyat Agentliyi vasitəsilə daşıyıcılara bildirilib, onlara tapşırıqlar verilib".

"Bugünkü görüşün məqsədi də məhz nəqliyyat sahəsində mövcud olan bir sıra problemləri daşıyıcıların diqqətinə çatdırmaq, onların təkliflərini dinləmək, problemlərin həlli istiqamətində müzakirələr aparmaqdır. Qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ərəfəsində məsuliyyət BNA-nın üzərinə düşür. İstər həmin idman oyunları keçirilən ərazilərə sərnişinlərin daşınması, istər idmançıların, könüllülərin daşınmasına nəzarət edən daşıyıcılarla müntəzəm olaraq görüşlər keçiriləcək. Bu barədə müzakirələr aparılacaq, birgə fəaliyyət istiqamətləri müəyyən olunacaq" - BNA rəsmisi qeyd edib.
 
Mübariz Abbasov onu da əlavə edib ki, qarlı şaxtalı havalarda avtobusların hərəkətində səhlənkarlıqlar diqqətdən qaçmayıb.
 
"Son günlər müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar bizim əməkdaşlarımız Bakı şəhərində reydlər keçirdi və məlum oldu ki, həmin günlərdə bəzi marşrut xətləri saat 11:00-dan 16:00-dək çalışıb. Bununla yanaşı, səhər saat 06:00-dan 00:00-dək xətti tərk etməyənlər də var idi. Mənim də iştirakımla 77, 17, 96, 18, 65 saylı marşrut xətlərində müşahidələr aparılıb. Bu marşrutlar səhər saatlarında nə qədər nəqliyyat vasitəsilə ilə xəttə çıxıblarsa, axşamadək həmin sayda çalışıblar. Təbii ki, 1-2 istisna hal olub. Lakin normal gündə 18 nəqliyyat vasitəsi ilə çalışan bəzi xətlərdə həmin gün 3 nəqliyyat vasitəsi olub", - deyə müşavir qeyd edib.
 
Aynur Ələkbərova
BAKU.WS