VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında törədilən sui-qəsd cəhdi narahatlığa səbəb olub.

Hər kəsi düşündürən məsələ odur ki, hədəf yalnız Fazil Mustafa idi, yoxsa digər deputatların da həyatları təhlükədədir? Ümumiyyətlə deputatlara təhlükəsizlik üçün silah verilə bilər?

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı oxu.az-a açıqlama verən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Milli Məclis deputatın təhlükəsizliyini qorumalıdır.

Onun sözlərinə görə, hətta deputatın istəyindən asılı olaraq, ona cangüdən təhkim edilə, eləcə də müəyyən dövr üçün silah da verilə bilər:

“Amma bu deputatın öz seçimindən asılıdır, istəyindən asılı olaraq qəbul edə və ya etməyə bilər. İstənilən halda, mən hesab edirəm ki, Milli Məclis daha önəmli qərar qəbul etməlidir. Bütövlükdə qanunsuz silah gəzdirmə, silah saxlama ilə bağlı Cinayət Məcəlləsindəki maddələr, sanksiyalar sərtləşdirilməlidir. Polis də axtarışlarını ciddi şəkildə aparmalıdır. Çünki həm hipermarketə, həm də deputata hücum avtomatla törədilirsə, bu, adi hadisə deyil.

Başa düşə bilmirəm ki, insanlar hansı məqsəd ilə evdə avtomat alıb saxlamalıdır? Bu mənada hesab edirəm ki, biz silah saxlamaq və gəzdirməyə qarşı sanksiyaları daha da ciddiləşdirməliyik, qanunlar sərtləşdirilməlidir.

Bu ərəfələrdə ayıq-sayıqlığı artırmaq üçün müxtəlif mümkün bütün yollardan istifadə etməliyik”.

Bəs deputatlar silah gəzdirə bilərlər? Bu məsələdə qanun nə deyir?

Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-1. maddəsində deputatın təhlükəsizliyi ilə bağlı belə bir bənd var:

“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.

BAKU.WS