SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb.

Dövlət başçısı ölkənin nəqliyyat sektorunun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində nəqliyyatın əsas sahələrindən biri olan dəmir yolunda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri göstərilməsini və Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədilə qərara alıb ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
 
 
1-ci hissədən "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;
 
 
 
- 2-ci və 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:
 
 
Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi tapşırılıb.
 
Əmlak Məsələləri Dövlət Komitəsi bu sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etməlidir.
 
Müəyyən edilib ki, Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
 
Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir;
 
Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir.
 
Dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır.
 
Cəmiyyətin və onun təşkilatlarının fəaliyyətinə, habelə onlar tərəfindən həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur.
 
Dəmir yolunun iştirakı ilə bərə, liman vasitəsilə tranzit daşımaları üzrə vahid tariflər və tətbiq edilən güzəştli əmsallar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti və neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla Cəmiyyət tərəfindən müəyyən edilir.
 
İstehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir.
 
Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir.
 
Əmlakının icarəyə verilməsindən və balansdan silinən əsas vəsaitin satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu infrastrukturunun inkişafına sərf olunur.

Nazirlər Kabineti  "Dəmir yolu nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədi ilə "Azərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
 
Həmçinin Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq daşınan neft və neft məhsullarının həcminin artırılması məqsədi ilə mövcud yükaşırma terminallarından səmərəli istifadə olunması və onların dəmir yolu ilə koordinasiyalı iş rejiminin təşkili ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir.
 
 
Bundan başqa, Nazirlər Kabinetinə "Dəmir yolu nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədilə "Azərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq daşınan neft və neft məhsullarının həcminin artırılması məqsədilə mövcud yükaşırma terminallarından səmərəli istifadə olunması və onların dəmir yolu ilə koordinasiyalı iş rejiminin təşkili ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; tranzit daşımaları, xüsusilə də nəqliyyat növünün dəyişməsi ilə müşayiət olunan tranzit yük daşımaları üzrə sərhəd, gömrük və vergi prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması və kreditor borclarının restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görmək və nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat vermək; "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətinə aid olmayan, eyni zamanda saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin dəmir yolu infrastrukturunda bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsinə yönəldilməsini təmin etmək məqsədilə tədbirlər görmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Ziya Səccad
BAKU.WS