1743 Azərbaycan vətəndaşının geri qayıtması təmin edilib - AZAL
Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə bir çox dövlətlər arasında gediş-gəliş müvəqqəti olaraq dayandırıldığından Azərbaycan milli aviadaşıyıcı-AZAL vətəndaşlarımızın ölkəyə qayıdışını təmin etmək üçün müntəzəm çarter reyslərini həyata keçirməkdə davam edir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Hava Yollarından (AZAL) məlumat daxil olub.
Azərbaycan Hava Yolları (AZAL) bu günədək İstanbul, Ankara, Antalya, Moskva, Sankt-Peterburq, Roma və Budapeşt kimi şəhərlərə 12 çarter reysi həyata keçirərək 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib.
Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qaytarılması istiqamətində bütün zəruri tədbirlər görülməkdədir. Azərbaycan Hava Yollarının ekipaj üzvləri, aviakassa əməkdaşları daxil olmaqla bütün heyəti gücləndirilmiş iş rejimində çalışmaqda davam edir.
Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha təmkinli və anlayışlı olmağa çağırırıq. Bildiririk ki, ölkə daxilində COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınması üçün xüsusi rejimdə tədbirlər həyata keçirilir. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçir, zərurət olduqda karantinə yerləşdirilir.
Bu səbəbdən, vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir. Uçuşlar zamanı birinci növbədə Azərbaycana geri dönüş bileti olan vətəndaşlarımızın, yaşlı, azyaşlı uşağı olan və xəstəliyi ilə əlaqədar xaricdə olan şəxslərin qayıdışına üstünlük verilir.
Xaricdə olan digər vətəndaşlarımızdan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlik və konsulluqlarında qeydiyyatdan keçmələri və geri dönüşləri üçün müəyyən olunan qrafiklərə ciddi əməl etmələri, bütün dünyanın uçuş sistemində yaranan fövqəladə vəziyyətdə nizam-intizam və vətəndaş məsuliyyəti nümayiş etdirmələri, ajiotaj və təxribat hallarına yol verməmələri tələb olunur.
Bir daha bildiririk ki, vətəndaşlarımızın Azərbaycana qaytarılması üçün çarter reyslərinin davamlılığı təmin ediləcəkdir.
Oxşar xəbərlər
Azərbaycan 171 vətəndaşını Rusiyadan gətirdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib. BAKU.WS "Report"a istina...