SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.TV Rəqəmsal Media Məktəbi sosial layihədir. Layihənin məqsədi müasir, savadlı, istedadlı gəncləri kəşf edərək onlara gərəkli təlimlər verib Azərbaycan mediasına yeni simalar qazandırmaqdan ibarətdir.

Təlimlər 2 ay müddətində davam edəcək və ödənişsizdir. Təlimlərdə BAKU.TV-nin təcrübəli əməkdaşları tərəfindən jurnalist üçün mühüm olan yazı texnikaları, reportyorluq, media qanunvericiliyi, redaktə, diksiya, ekstremal jurnalistika, foto, video çəkiliş, audio, video montaj kimi dərslər keçiriləcək. Dinləyicilərimiz tədris prosesinin müəyyən mərhələsində çəkilişlərdə iştirak edərək peşə sirlərinə praktik olaraq yiyələnə biləcəklər.

Rəqəmsal mediada uğurla fəaliyyət göstərmək üçün jurnalistdən təkcə gözəl yazmaq qabiliyyəti tələb olunmur. O, həm də hazırladığı materialı sosial şəbəkələrdə, ümumiyyətlə müxtəlif internet resurslarında peşəkarcasına geniş auditoriyaya çatdırmağı bacarmalıdır. Bu məqsədlə iştirakçılarımıza lazım olan SMM, SEO kimi mühüm biliklər də tədris ediləcək.

BAKU.TV Rəqəmsal Media Məktəbində təlimlər əsasən 3 istiqamətdə aparılacaq.

1. Jurnalistika peşə təlimləri

Jurnalistika təlimlərində reportyorluq, redaktorluq, aparıcılıq kimi sahələrə aid nəzəri və praktik dərslər keçiriləcək.

2. Sosial Media Marketinq təlimləri

Sosial Media Marketinq təlimlərində iştirakçılar müxtəlif internet platformalarında sərbəst çalışmaq üçün gərəkli təlimlər alacaqlar.

3. Texniki təlimlər.

Texniki təlimlərdə isə iştirakçılarımıza foto və video çəkiliş, eləcə də audio və video montajın sirləri öyrədiləcək.

Bundan başqa, dinləyicilərimizə canlı yayımlarda istifadə olunan müasir avadanlıqlar barədə ətraflı biliklər və birbaşa efirə çıxmaq üçün gərəkli texniki məlumatlar da veriləcək.

BAKU.TV Rəqəmsal Media Məktəbinə dinləyici kimi qəbul olunmaq üçün 160 gənc müraciət etmişdi. Bu gənclərin arasından ilk təlimlər üçün seçilmiş 10 nəfər iştirak edəcək. Müraciət etmiş digər şəxslərin içindən isə ümumilikdə 30 gənc də müəyyən edilib ki, onlar da növbəti təlimlərin iştirakçısı olacaqlar. Təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

İnanırıq ki, BAKU.TV Rəqəmsal Media Məktəbi ölkəmizdə medianın inkişafına öz müsbət töhfəsini verəcək, vizual mediaya yeni və uğurlu simalar gətirəcək.

BAKU.WS
QALEREYA