VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Piyadanın vurulması nəticəsində olduqca ağır travmalarla - açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişməsi sınıqları ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilən və üç gün komada olan yeddi yaşlı uşağın həyatı xilas olub.

KTM-dən BAKU.WS-ə verilən məlumata görə, onu iyulun 24-dən Bərdə rayonu, Qazaxlar kəndində, evlərinin qarşısında qardaşı və qonşunun uşağı ilə oynayarkən avtomobil vurub. Hadisə nəticəsində hər üç uşaq yaralansa da Vəlinin vəziyyəti daha ağır olub.

KTM-in Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə iyulun 25-i axşam saat 21:30-da koma vəziyyətində KTM-ə gətirilib və reanimasiyaya yerləşdirilib. Bir neçə günlük mübarizədən sonra komadan ayılan və müvafiq şöbəyə köçürülən uşağın vəziyyəti təkrarən pisləşdiyindən yenidən reanimasiyaya düşməli olur:

“Uşaq KTM-ə gətirilərkən komada idi. Müayinə və müalicələrdən sonra iyulun 30-da xəstənin vəziyyəti stabilləşdi, komadan ayıldı və biz onu Mərkəzin Neyrocərrahiyyə şöbəsinə köçürdük. Bir müddət sonra uşaq sol bud sümüyündən də əməliyyat olunmalı idi. Lakin şöbədə xəstənin halı yenidən pisləşdi. Qusma, qarıngetmə oldu və o, yenidən huşunu itirdi. İyulun 31-i biz onu təkrarən reanimasiya şöbəsinə köçürdük. Artıq vəziyyəti stabilləşib, həyati təhlükəni adlayıb”.

Uşağın anası L.Səfərovanın sözlərinə görə, məhz peşəkar həkimlərin vaxtında tibbi müdaxiləsi olmasaydı, bu gün fərqli mənzərənin şahidi ola bilərdik:

“İyulun 24-ü uşaq həmişəki kimi, qardaşı və qonşumuzun uşağı ilə birgə həyətdə oynayırdı. Böyük qızıma dedim ki, get, uşaqları çağır evə gəlsinlər. Qızım darvazaya çatana qədər mən tappıltı səsi eşitdim. Çıxdıq ki, hər üç uşağı maşın vurub. Dəhşətli mənzərə idi.

Taksi tutub, uşaqları Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Orada onlara ilkin tibbi yardımlar göstərildi. Lakin Vəlinin vəziyyəti çox ağır idi, uşaq komada idi. Oradan Təcili Tibbi Yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə gətirdilər. Mən deyərdim ki, məhz Mərkəzin həkimləri övladımı yenidən həyata qaytardı. Əgər bir qədər geciksəydik, oğlum hətta ölə bilərdi. Şükür ki, bu gün qəzaya düşən hər iki övladım sağdır. Hər ikisinin müalicə və müayinə xərclərini icbari tibbi sığorta qarşılayıb. Uşaqların üçü də fərqli xəstəxanalara düşdü. Ən ağırı isə Vəli idi. Şükür ki, o da artıq sağalır. Buna görə hər kəsə təşəkkür edirəm”.

Hazırda 7 yaşlı Vəli Səfərovun xəstəxana şəraitində müalicəsi davam etdirilir. Ötən gün onun daha bir cərrahi əməliyyatı uğurla başa çatıb.

BAKU.WS