SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda motosiklet qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Əfəndiyev Nicat Xeyirbəy oğlu xəsarət alıb.

Qeyd edək ki, son vaxtlar motosikletlə bağlı qəzaların sayı artıb. Bunun səbəbi isə bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayının artmasıdır.

Azərbaycanda koronavirusun yayılması səbəbindən tətbiq edilən xüsusi karantin rejimi dövründə bu artım xüsusi ilə nəzərə çarpır. Səbəb isə “online” sifarişlərə tələbatın artmasıdır. Yaranmış vəziyyətdə isə bəzi problemlər meydana gəlir.

Qeyd edək ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunmur. Məsələn, bəzi mopedləri 16 yaşına çatan hər kəs idarə edə bilər. Onların arasında yol hərəkəti qaydalarını bilməyən şəxslər də var. Onlar dönmə əməliyyatlarını bilmir, yol hərəkəti qaydalarına əməl etmirlər. Məhz bu şəxslər həm digər sürücülərə, həm də piyadalara böyük təhlükə yaradırlar.

Digər problemlərdən biri də motosiklet və mopedlər üçün xüsusi yolların olmamasıdır. Bu zaman da avtomobil sürənlərlə motosiklet sürücüləri arasında mübahisəli anlar yaranır.

Onu da vurğulayaq ki, son 2 il ərzində Bakı və Abşeron ərazisində motosikletlərdən istifadə edən kuryerlərin sayı artıb. Onlardan bəziləri sifarişləri ünvana tez çatdırmaqdan ötrü təhlükəsizlik qaydalarına önəm vermirlər. Nəticədə qəza şəraiti yaradırlar və yol qəzaları baş verir. Vətəndaşları narahat edən əsas problemlərdən biri də yüksək səsli motosikletlərin çoxalmasıdır. Belə nəqliyyat vasitələrinin sıx yaşayış məntəqələri olan ərazilərdən keçməsi vəziyyəti daha da qəlizləşdirir.

Ekspertlər hesab edirlər ki, tıxacın aktual olduğu şəhərlərdə moped və motosikletlərdən istifadə hallarının çoxalması yaxşı haldır, lakin bu zaman təhlükəsizlik qaydalarına mütləq diqqət yetirilməlidir. Nəqliyyat eksperti Ərşad Hüseynov BAKU.WS-ə açıqlamasında bildirib ki, iki təkərli nəqliyyat vasitələrinin çoxalması çox yaxşı haldır, hətta dəstəkləmək lazımdır.

“Son zamanlar velosipedlər üçün yollar salınır. Təklif edirəm ki, motosiklet və mopedlər üçün də ayrıca yollar ayrılsın. Bu da tıxac yaratmır, az yağ işlədir və ətraf mühitə çox yaxşı təsir edir. Vaxt baxımından da bu nəqliyyat vasitələrindən istifadə daha faydalıdır. Hazırda pandemiya dövrü olduğundan bunlara daha çox üstünlük verilib”, - deyə ekspert bildirib.

Ərşad Hüseynov deyir ki, bu sahədə yaranmış boşluqlar da doldurulsa, vəziyyət düzələr: “Bütün bunları qanun çərçivəsinə salanda daha yaxşı olur. Moped nəqliyyat vasitəsi üçün xüsusi bir tələb yoxdur. 16 yaşına çatmış hər bir şəxs bundan istifadə edə bilər. Yol hərəkəti qaydalarında onlarla bağlı qaydalar hər kəsə aydındır.

Məsələn, bütün işıqforların tələbləri onlara da aiddir. Onlar da müəyyən manevrlər edən digər sürücülər kimi qaydalara əməl etməlidirlər. Lakin bu nəqliyyat vasitəsini idarə edənlərdə belə bir təəssürat yaranır ki, onlar nə istəsələr, edə bilərlər. Həmin sürücülərə müəyyən təlimatlar vermək lazımdır. Bakı Nəqliyyat Agentliyi, yaxud dövlət yol polisi onlara müəyyən təlimatlar verməlidir. Bundan sonra həmin nəqliyyat vasitələrini idarə etmək üçün yola buraxmaq olar.

Bəzi dünya ölkələrində, məsələn, Rusiyada bütün nəqliyyat vasitələrini qeydiyyata alırlar. Bizdə də elə olsa, daha yaxşı olar. Rusiyada onları da yol hərəkəti qaydaları barədə sual-cavab edirlər və vəsiqələr verirlər”.

Qeyd edək ki, motosiklet və moped idarə edənlərə də qayda pozuntusuna görə eyni cərimələr tətbiq edilir. Ərşad Hüseynov deyir ki, həmin vətəndaşlar unutmamalıdırlar ki, qanun qarşısında onlar da eyni dərəcədə məsuliyyət daşıyırlar: “Həmin nəqliyyat vasitəsini idarə edən şəxs qaydaları pozsa, 40 manat cərimə edilir. Bu da avtomobil idarə edənlərlə təxminən eyni cərimədir”.

Ekspert deyir ki, yüksək səsli motosikletlər üçün də müəyyən standartlar var. Bu standartlara cavab vermədiyi halda motosiklet sürücüdən alınır və cərimə meydançasına aparılır.

Yol polisi də vətəndaşları və sürücüləri motosiklet idarə edərkən daha diqqətli olmağa çağırır. Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev BAKU.WS-ə açıqlamasında bildirir ki, moped və motosiklet idarə edən sürücülər də verilən bütün tövsiyələrə əməl etməlidirlər.

“Motosiklet və digər ikitəkərli nəqliyyat vasitələri idarə edənlərdə cərimələrin miqdarı azdırsa, bununla bağlı qanunverici orqan var. Yol polisi qanun məcəlləsində qanun pozuntusuna görə nə nəzərdə tutulursa, onu tətbiq edir. Əgər onların qanuna riayət etmədiyi müəyyən olunursa, tərəfimizdən müəyyən qanun çərçivəsində tədbirlər görülür”, - deyə Namidan Piriyev bildirib.

Yol polisi deyir ki, son vaxtlar, həqiqətən, motosiklet idarə edənlərin sayı çoxaldığına görə narazılıqlar var: "Çünki çoxu yol hərəkəti qaydalarına əməl etmirlər. Onlar yolun sağ tərəfi ilə keçməlidirlər. Amma bir də görürsən ki, maşınların arası ilə gedirlər. İşıqfora əhəmiyyət vermirlər. Bəzən əks istiqamətdə hərəkət edirlər. Buna görə də onlarla bağlı qəzalar çoxalıb. 16 yaşdan yuxarı şəxslərə sürücülük vəsiqəsi tələb olunmur. Belə olan halda ola bilər ki, onlar bəzi yol qaydalarını bilməsinlər. Çünki vəsiqə almayıblar. Biz onlara qaydalara riayət etmələrini tövsiyə edirik. Yüksək sürətlə idarə etmək olmaz".

Ziya SƏCCAD
BAKU.WS