Xaricə getməyin ən ucuz YOLU

Xaricə getməyin ən ucuz YOLU
Şou-biznes 4464

 

Yay fəsli yaxınlaşdıqca hər kəs xaricdə istirahət planları qurmağa başlayır. Ancaq biletlərin baha olması çox vaxt tətil planlarını yarıda qoyur. Fins.az xaricdə istirahətin ən sərfəli yollarını təqdim edir: 

Ötən illərə nisbətən valyuta məzənnəsində dəyişikliklər olsa da, bu il Bakıdan "Wizz Air” və Qəbələdən "Pegasus” aviaşirkətlərinin uçuşlara başlaması büdcəyə uyğun reyslərin tapılmasını xeyli asanlaşdırdı. Hətta Azərbaycan Hava Yolları yay ayları üçün AZALJET xidmət brendini təqdim etmişdi. Belə ki, Moskva və İstanbula sərfəli səyahət etmək istəyən vətəndaşlar təktərəfli 49 avroluq biletlər əldə edə bilərdi.

Aviaşirkətlərdən başqa, sərfəli uçuş əldə etmək üçün səyahətçilərin diqqət etdikləri xırda, ancaq bir o qədər də vacib nüanslar da var. Məsələn, onlar yaxşı bilirlər ki, şirkətlər biletləri satışa çərşənbə axşamı çıxarır. Həmin gün ucuz bilet tapmaq üçün ən yaxşı gün sayılır. Bundan başqa, bileti vaxtında almaq lazımdır. Adicə onu deyə bilərik ki, hazırda ötən ayla müqayisədə yay ayları üçün aviabiletlərin qiymətlərində xeyli fərq var. Həftə sonları da sərfəli bilet almaq üçün uyğun deyil. Sübh tezdən və ya gecə reyslərinə çox tələbat olmadığı üçün daha rahat ucuz biletlər tapmaq mümkündür.

Büdcəyə qənaət etmək üçün birgə səyahətlərə üstünlük vermək daha məqsədəuyğundur. Bu zaman taksi pulu, yemək, qalacaq yer kimi əlavə xərclər yarıbayarı aşağı düşür. Bundan başqa, uçuş zamanı əlavə xərclərdən qurtulmaq üçün səyahətçilər mümkün qədər az paltar və əşya götürməyə səy göstərirlər. Sadəcə əl baqajı ilə kifayətlənmək əlavə xərcdən qurtulmaq deməkdir.

Səyahətçi bloqqer Gülər Mehdizadə ucuz təyyarə bileti almaq, sərfəli yerlərdə gecələmək, bir sözlə, az büdcə ilə maraqlı səyahət etməyin yollarından bəhs edib:

"Səyahəti daha sərfəli etmək üçün hər hansı məcburiyyət olmadığı halda AZAL-ı seçməmək, ümumiyyətlə, Bakıdan uçmamaq məsləhətdir. Tiflis hava limanından uçmaqla büdcəyə ikiqat qənaət etmək olar. Macarıstan və Türkiyə şirkətlərinin sərfəli uçuşları bərpa edilsə də, onlar da əvvəlkinə nisbətən bahadır. Həmçinin Bakıya gəlməyən bir çox ucuz aviaşirkətlər Tiflisdən uçuş təşkil edir. Aviaşirkətlərin Bakı reysləri ilə Tiflis reysləri arasında 2-3 qat fərq var.

Məsələn, 20 – 27 iyul tarixlərində AZAL-ın Bakı-Praqa-Bakı reysinin qiyməti 407 avrodursa, həmin tarixlərdə Polşa Hava Yolları Tiflis-Praqa-Tiflis reysini 287 avroya təklif edir”.

Həmsöhbətimiz bildirib ki, bileti maksimum ucuz almaq üçün bir neçə saytda axtarış etmək məsləhətlidir. Bu, aviaşirkətlərin saytları da ola bilər (THY, Pegasus, Wizzair, AZAL-da kampaniyalar), ucuz bilet satan saytlar da (skyscanner.com, opodo.com, edreams.com, skycheck.com, tripadvisor.com):

"Biletin ucuz olmasını istəyiriksə, uçuşdan minimum 60 gün öncə almalıyıq. Bu zaman həftəsonu uçuşların adətən baha olmasını nəzərə almaq lazımdır. 10 faizə yaxın qənaət etmək üçün həftə içi (xüsusən də 2-ci gün) uçuşlarını seçmək daha məsləhətlidir. Gecələr aeraporta getmək çətin olduğundan əksər insanlar gündüz reysləri ilə getməyə üstünlük verir. Odur ki, gündüz uçuşlar nisbətən baha olur. Bunun üçün daha ucuz bilet üçün gecə yarısından sonrakı reysləri seçmək olar”.

Bloqqerin sözlərinə görə, səyahəti bahalı və ya ucuz etmək insanın öz əlindədir:

"Bir var, 5 ulduzlu otellərdə gecələyərək bir ölkədə 5-6 günlük istirahət edəsən. Bir də var, bel çantanı çiyninə atıb, öncədən rezerv etdiyin sinifləndirilməmiş (ulduzsuz) mahmanxanaları seçərək 20 günə 4-5 ölkə, 15-ə yaxın şəhər gəzəsən. İkisinin qiyməti təxminən eynidir. İnsanlar ulduzsuz mehmanxana deyimindən qorxurlar. Mehmanxanaların kifayət qədər təmiz, şəhər mərkəzinə yaxın olanları da var. Hətta əksər hostellərin 2 nəfərlik otaqları da olur. Bizdə elə düşüncə var ki, hosteldirsə, 20 nəfərlə bir otaqda qalacaqsan. Büdcəyə uyğun qonaqlama yeri tapmaq üçün turistlər çox zaman booking.com saytından istifadə edir. Mən də bütün səyahətlərimdə qalacağım yeri bu saytın köməyilə tapmışam”.

Gülər Mehdizadə gecələmək üçün başqa bir sərfəli yol da məsləhət görür. Bu, Airbnb saytıdır. Saytda qeydiyyatdan keçməklə gediləcək şəhərdə qalmaq üçün ucuz otaq, ev tutmaq mümkündür. Evini, yaşadığı mənzilin otağını kirayə vermək istəyənləri bir araya toplayan sosial sayt 8 il əvvəl kirayə haqqını verə bilməyən cütlük tərəfindən yaradılıb.

Səyahəti çox sevən Günay Abbasova devalvasiyadan sonra bilet qiymətlərinin xeyli bahalaşdığını bildirib:

"Təəssüflər olsun ki, bizi səyahətlər yox, onun xərcləri daha çox maraqlandırır. Devalvasiyadan sonra isə aviabiletlərin qiyməti bahalaşıb, hətta hər il qonşu Türkiyəyə istirahətə gedən dost-tanışlar bu il Bakıda istirahəti seçməyə məcbur olublar.

Əvvəllər hər il 3-4 dəfə xarici ölkəyə gedə bilirdiksə, bu il ən çox 1-2 dəfə ölkə xaricinə çıxmaq olur. Təkcə 2015-ci ildə qeyri-iş günlərindən və məzuniyyətimdən istifadə etməklə, 8 ölkədə oldum. Nyu-York, Barselona və görməyi arzuladığım ümumilikdə 16 şəhəri gəzdim.

Düşünürəm ki, əsas olan insanın səyahət etmək istəyidir. Hazırda Azərbaycan vətəndaşları üçün vizasız olan bir çox ölkələr var. Sadəcə, büdcəyə uyğun bilet və yaşayış yerini tapmaq lazımdır. Ötən il getdiyim ölkələrin demək olar ki, çoxunda otel əvəzinə www.airbnb.com, www.homeaway.com kimi saytlar vasitəsilə kirayə evlər seçmişdim. Bununla büdcəyə böyük qənaət etmək olar. Uyğun vaxt seçimi də əsas rol oynayır. Elə şəhərlər var ki, orada aylar öncədən ev kirayələməklə, xərclərinizi azalda bilərsiniz.

Yaşından asılı olmayaraq, hər kəsə məsləhət görərdim ki, viza prosedurlarından çəkinməsinlər və ildə heç olmasa bir dəfə Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan sərhədlərindən kənara çıxsınlar. Əks halda, çoxlu sayda gözəl yerləri görə bilməyəcəklər”.

Xaricə çıxdıqdan sonra 5-20 avro arası pul ödəməklə avropanı rahat gəzmək mümkündür. Məsələn, iyun ayında "Ryanair” şirkətinin təyyarələri ilə Brüsseldən Berlinə 8, Frankfurtdan Romaya 20, Romadan Berlinə 10, Parisdən Mərakeşə 34 avroya uçmaq mümkündür.

Almaniyada təhsil alan Nərmin Kamilsoy Avropada qatarlar baha olduğundan müxtəlif ölkələrə getmək üçün ucuz uçuş vaxtlarını izləyir:

"Qatarla səyahət müddəti 2 saatdan qısa olanda biletlər 9-19 avro arasında dəyişir. Biletləri qabaqcadan almaq lazımdır ki, həm qənaət olsun, həm də dönüş biletini ucuz əldə edə biləsən. Bundan başqa, bəzən "Ryanair” və "Wizzair”in kampaniyaları olur. Məsələn, qışda bütün Polşa ərazində biletlər 1 avroya idi.

İzlədiyim blablacar.com saytı var ki, siravi adamlar öz maşınları ilə harasa gedəndə həmin saytda elan verir, bu zaman avtobusdan 2, 3 dəfə ucuz qiymətə istədiyin ünvana gedirsən. Amma təbii ki, bunun təhlükəli tərəfləri də var. Sürücünü seçməmişdən qabaq saytda onun haqqında yazılan fikirlərə nəzər salmaq lazımdır”.

Son olaraq yay ayları üçün Azərbaycandan xarici ölkələrə sərfəli uçuş reyslərinə nəzər salaq:

Ötən ay nəzər saldığımızda iyul ayının 30-u üçün "Wizz Air” şirkəti ilə Bakıdan Budapeştə 50 avroya bilet olsa da, hazırda qiymət dəyişərək 60 avro olub.

"Pegasus” şirkətində isə qiymətlərdə böyük fərq yoxdur.

Qəbələ - Antalya 48 avro;

Qəbələ - İstanbul 44 avro (ötən ay 30,99 avro idi) ;

Qəbələ - Moskva: 97 avro.

Mənbə: "Qafqazinfo"

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər