“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib
Oktyabrın 11-də Nyu-Yorkda ENR (Engineering News Record) jurnalı tərəfindən keçirilən ənənəvi Beynəlxalq Tikinti Sammitində "İlin ən yaxşı qlobal layihələri” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmub. SOCAR-ın yeni inzibati binası - SOCAR Tower ofis binaları nominasiyasında qalib gəlib.
Bu nominasiyada "İlin ən yaxşı layihəsi” mükafatı SOCAR‐ın Sosial məsələlər üzrə vitse‐prezidenti Bədəl Bədəlov, layihənin məsul mühəndisləri Cavid Nəcəfov və Tural Ramazanova, həmçinin əsas layihəçi "Heerim Architects and Planners”, struktur üzrə layihəçi "Thornton Tomasetti” və podratçı "Tekfen İnşaat və Təchizat” şirkətlərinin nümayəndələrinə təqdim edilmişdir. Mərasimdə dünyanın müxtəlif yerlərində inşa edilən və digər nominasiyalarda "Ən yaxşı layihə” mükafatına layiq görülən layihələrin nümayəndələri, sifarişçi, layihəçi, idarəetmə və podratçı şirkətlərin rəhbər işçiləri iştirak etmişlər.
ENR tikinti biznesində inkişaf etməkdə olan firmalar, yeni layihələr və vacib xəbərlərin dərc edildiyi nüfuzlu jurnaldır. Jurnalın təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçmiş, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil etmiş, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirmişdir. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları, eləcə də digər obyektlər təqdim olunmuşdur. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınmışdır.
Xatırladaq ki, ötən ilki sammitdə Bakı Olimpiya Stadionu "Ən yaxşı idman layihəsi” nominasiyasının qalibi olmuşdu. Bu il qaliblər haqqında məlumat jurnalın 2016-cı il sentyabr sayında dərc edilmişdir.
SOCAR-ın yeni inzabati binası - SOCAR Tower Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan "Külək-alov” konsepsiyası əsasında tikilmişdir. Tikinti işlərinə 2010-cu ildə başlanılmış, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlmişdir. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.
Azər Məmmədov
BAKU.WS
Oxşar xəbərlər
Rövnəq Abdullayev Ərdoğanla görüşdü
SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edib. BAKU.WS-in m...