Siqaretçəkən, kök və çox tərləyən insanların 40 yaşdan sonra problemləri yaranır (Həkim məsləhəti)
Xalq arasında kirəclənmə olaraq bilinən xəstəlik ya da tibbi adı ilə desək artroz- oynaqlarda baş verən dağılma, sürtünmə nəticəsində meydana çıxır. Real Hospitalın həkimi Gülay Qurbanzadənin BAKU.WS-ə verdiyi məlumata görə, artroz bir və ya birdən çox oynaqda rast gələn və oynağı əhatə edən qığırdaq toxumasında toxumanın pozulmasına səbəb olan xroniki xəstəlikdir. Adətən 40 yaşdan yuxarı şəxslərdə rast gəlməsi bunun bir oynaq yaşlanması olabiləcəyini düşündürür. Lakin daha erkən yaşlarda da bir çox səbəbə bağlı olaraq kirəclənmə ola bilər.
Artroz daha çox qadınlarda rast gəlir və əsasən onurğanın bel və boyun nahiyələrində, çanaq, diz kimi çox işləyən hərəkətli və ya bədənin ağırlığını daşıyan oynaqlarda baş verir.
Kirəclənmənin ağırlığı və yayılması hər bir insanda fərqlidir. Pasientlərin az bir qismi (5-10%) narahatlıq səbəbindən həkimə müraciət edir. Əksər hallarda təsadüfü çəkilmiş Rentgen müayinəsi nəticəsində kirəclənmə olduğu aşkarlanır. Artrozun səbəbləri müxtəlifdir. Qeyd etdiyimiz kimi oynaqlar bədənimizin yükünü daşıdıqları və davamlı hərəkət etdikləri üçün yaşa bağlı dəyişikliklər daha tez meydana çıxır. Həmçinin şəkərli diabet və digər hormonal pozğunluqlar, anadangəlmə oynaq formasının pozğunluqları, travmalar, revmatizmal xəstəliklər, artıq bədən çəkisi, siqaretçəkmə kirəclənməyə səbəb olur. Bəzi insanlarda stresə bağlı meydana gələn əzələ spazmı oynağa düşən yükü artıraraq kirəclənməni sürətləndirir. Xəstəliyin əlamətləri: 1.Artrozda ilk əlamət ağrıdır. Ağrının səbəbi müxtəlifdir. Amma ağrı həmişə olmur. Adətən kirəclənməsi olan oynağa həddindən artıq yük düşərsə,soyuğun təsirindən ağrı meydana gəlir. 2.Hərəkət tutuqluğu-xəstə yerimək üçün ayağa qalxdığında ağrı və tutulma başlayır,bir müddət hərəkət etdikdən sonra azalır və ya yox olur. Yalnız axşama doğru ağrılar təkrar artır. Səhər yataqdan qalxanda və uzun müddətli səyahətdən sonra oynaqda tutulmanın olması artroz üçün tipik əlamətdir. 3.Oynaqdan səs gəlməsi-kirəclənmiş oynaqda hərəkətlər zamanı əllə hiss edilə bilən və ya bəzən qulaqla eşidilə bilən səs meydana çıxır. 4.Şişkinlik və həssaslıq 5.Əzələ zəifliyi-oynaq istifadə edilmədiyi üçün oynağa qonşu əzələlərdə atrofiya dediyimiz zəiflik inkişaf edir. 6.Oynaq deformasiyaları-sonrakı dövrlərdə oynaqlarda əyriliklər baş verir. Artroz zamanı, xüsusilə ağrı olan zaman istirahət önəmlidir. Yalnız sizin tam hərəkətsiz qalmağınız da məsləhət deyil. İstirahət müddəti ərzində belə yüngül hərəkətlərlə oynaq işlədilməli və əzələ gücsüzlüyünün qarşısı alınmalıdır. Dərmanlar da adətən ağrı olan dövrlərdə verilir.Artrozda əsasən məşqlər və fizioterapiya müalicəsi mühümdür. Fizioterapiyadan ən çox fayda görən pasientlər məhz artroz xəstəliyindən əziyyət çəkənlərdir. Fizioterapiya proqramına istilik proseduraları, elektroterapiyalar, masaj və məşqlər daxildir. Məqsəd oynaq kapsulu və bağlarının,qonşu əzələlərin güclənməsini təmin etmək və oynağın hərəkətliliyini artırmaqdır. Kirəclənməsi olan pasientlərə məsləhətlər: Kirəclənmələrin daha çox rast gəlməsində əsas rol oynayan artıq bədən çəkisi və piylənmədir. Artıq çəki xəstəliyi sürətləndirir. Bunun üçün mütləq arıqlamaq və düzgün qidalanmaq lazımdır.Həmçinin gündəlik gəzinti çox faydalıdır. Lakin uzun müddətli ayaqüstə qalmaq da doğru deyil. Ev xanımları günlük ev işlərinizi fasilələrlə edin. Artrozlu pasientlərdə oynaqlarda qan dövranı pozulduğu üçün üşüyürlər. Buna görə qalın geyinib tərləyirsiniz. Tərin soyuması da şikayətlərin artmasına səbəb olur. Belə halların qarşısını almaq üçün geyiminizə diqqət etməyiniz məsləhətdir.Çoxlu maye qəbul edin.Müəyyən yaş qrupundan sonra oynaqlarda yüngüldə olsa ağrılar ola bilər. Fizioterapiyanın köməyi ilə pasientlərin ağrılarını tamamilə aradan qaldırmaq və kirəclənməni yavaşlatmaq mümkündür.BAKU.WS
Oxşar xəbərlər
Bakını qaz qoxusu bürüyüb
"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın davam edir. Telekanallar qəza və yanğın baş verən özülün havadan görüntülərini çəkməyə müvəffə...