Öz ölümünü lentə alan azərbaycanlı reportyor haqqında ürəksızladan sözlər
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.
O, 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə "215 kl" studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov müharibə dövründə Çingizlə olan xatirələrini BAKU.WS əməkdaşı ilə bölüşüb. Onun sözlərinə görə, Çingiz Mustafayev çox vətənpərvər insan idi: "O, millətini sevən insan idi. Mən də onunla Qarabağda olmuşam. Mənim üçün avtomobil verilmişdi, ancaq Çingiz hər yerə piyada mənnən tez çatırdı. Mən hansısa döyüş bölgəsinə yollananda bilirdim ki, artıq Çingiz oradadır. Biz onnan Xocalıda da olmuşuq. Bütün yol boyu geri qaçan insanları, əsgərləri saxlayıb ağzına gələni deyirdi. Bir dəfə mən Çingizə dedim ki, axı o insanları geri qaytarmaq sənin işin deyil. O, bunu Vətənə olan, xalqına olan sevgisindən edirdi. Deyirdi ki, mənim bu millətə ürəyim yanır".
Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Əməkdar jurnalist Mais Məmmədov Çingiz Mustafayevin indiki nəsil üçün nümunə olduğunu bildirir. Xocalı xatirələrindən danışan Mais Məmmədov sözlərinə belə davam edir: "Xocalıya gedə bilmək üçün hamıya yalvarırdıq. Hər yerə əl atdıq ki, bizə vertalyot versinlər. O dövrdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışan Abbas Abbasov bizə vertalyot tapdı. Əvəzində isə ruslara bir xeyli pul ödənildi. O vertalyot olmasa idi biz Xocalıdan heç bir şey çəkə bilməzdik. Vertolyota mindik və Çingizlə birlikdə Xocalıya yollandıq. Yuxarıdan biz meyitləri görəndə pilota dedik ki, burada saxla. Ancaq düşmən bizi görürdü və atəş açırdı. Pilot dedi ki, enə bilmərəm, yalnız atlana bilərsiniz. Başqa yolumuz yox idi və o faciəni çəkmək üçün vertalyotdan atdandıq. Çingiz erməni vəhşiliyini, soyqırımı ağlaya-ağlaya çəkirdi".
Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci il iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşayacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
ANS-lə bağlı şad xəbər
Avqustun 18-də ANS-in bağlanmasının 1 ayı tamam olacaq. Gununsesi.info xəbər verir ki, ANS tekekanalının bu ayın 29-da açılacağı gözlənilir. Avqustun 29-u tarix...