Namiq Fərhadoğlu avtomobil hədiyyə etdi (VİDEO/FOTO)

Namiq Fərhadoğlu avtomobil hədiyyə etdi (VİDEO/FOTO)
Video
Şou-biznes 5120

Aşıq  Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu "Köklə sazı-3” müsabiqəsi sona çatıb.

BAKU.WS xəbər verir ki, "Dünya TV”-nin efirində yayımlanan, saz sənətini sevənlərin maraqla izlədiyi layihənin qalibi bəlli olub. 

Aparıcılığını prodüser Təranə Səmədovanın etdiyi müsabiqənin birincisi 30 faiz səslə Vüqar Saatlı seçilib. Qalib gələn iştirakçıya layihənin rəhbəri avtomobil hədiyyə edib. 

Müsabiqədə 2-ci Bəhruz Laçınlı, 3-cü Ceyhun Budaqov, 4-cü Ceyhun Gədəbəyli, 5-ci Emin Gədəbəyli olub. Onların hər birinə diplom təqdim edilib.

Müsabiqə ilə bağlı fikirlərini bölüşən aşıq hər şeyi aşıq sənəti üçün etdiyini dilə gətirib:

"Köklə sazı” layihəsinin öncəki buraxılışlarında da qalibə avtomobil hədiyyə olunub. Layihəni sponsor olmadan, öz gücümə edirəm. El şənliklərindən qazandığım pulu layihələrə sərf edirəm. İstəyirəm ki, aşıq sənəti inkişaf etsin. Müsabiqə bu dəfə də obyektiv şəkildə baş tutdu, tamaşaçıların səs verməsi nəticəsində qalib seçildi. Mənim ən böyük amalım gənclərdə aşıq sənətinə maraq yaratmaq, bu sənəti yaşatmaqdır. Heç bir aşıq sənətimizi yaşatmaq üçün mənim qədər zəhmət çəkməyib. Hər kəsə məlumdur ki, az sayda aşıq sənətini doğru təbliğ edir, yaşadır. Mən də çalışıram ki, gənclərimizdə həvəs yaransın. Heç bir telekanal aşıqlarla bağlı layihəyə 2 saata vaxt ayırmır. Biz xalqımıza öz istedadlılarını tanıdırıq. Zaman keçdikcə görürəm ki, insanlar daha çox layihəyə diqqət ayırır, müsabiqədə iştirak etmək üçün can atırlar. Ona görə  xeyli miqdarda maliyyə sərf edərək layihə həyata keçirirəm.

Yeri gəlmişkən deyim ki, "Sarıtel” adlı saz evi açmışam. Hər bir gənc gəlib orada aşıq sənətinin incəliklərini öyrənə bilər”.

Qeyd edək ki, "Köklə sazı-4” layihəsinin seçim turların bir neçə gün sonra başlayacaq. 

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər