Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Bir neçə gün sonra dünyanın hər yerində milyonlarla müsəlman ən müqəddəs aylardan biri olan Ramazanı qarşılayacaq. Ramazan İslamın müqəddəs kitabı olan Quranın Məhəmməd peyğəmbərə nazil olduğu aydır. Bu ayda bütün müsəlmanlar oruc tuturlar. Bura adi vətəndaşlarla yanaşı məşhurlar da daxildir. Onlar çəkilişlərdən, tədbirlərdən vaxt tapdıqları və səhhətləri imkan verdiyi təqdirdə bu ayda oruc tutub, Allah yolunda niyyət edirlər. Oruc müsəlmanlar üçün İslamın vacib olan 5 şərtindən biridir. Bəs görəsən məşhurlarımız bu şərtə nə dərəcədə əməl edir? Bunu öyrənmək üçün tanınmışlar arasında sorğu apardıq. Cavablar müxtəlif oldu.
BAKU.WS sözügedən sorğunu oxuculara təqdim edir:
Əməkdar artist Abbas Bağırov saytımıza açıqlamasında bildirib ki, səhhəti imkan verəndə o Ramazan ayı boyunca oruc tutur. İlk dəfə isə 20-21 yaşında oruc tutmağa başlayıb:
"İlk dəfə 20-21 yaşım olanda oruc tutmuşam. Lakin hər il oruc tuta bilmirəm. Çox istəyirəm ki, oruc tutum, amma səhhətimlə bağlı müəyyən problemlər buna imkan vermir. Ötən il səhhətim yaxşı idi və oruc tutdum, lakin sona qədər davam etdirə bilmədim. Bu il də niyyətim və istəyim var. İnşallah, sağlamlığım imkan versə, oruc tutmaq istərəm. Pandemiyadan əvvəl demək olar ki, ardıcıl şəkildə oruc tuturdum".
Müğənni Elnarə Xəlilova BAKU.WS-ə açıqlamasında nəinki özü, hətta həyat yoldaşı və qızının da Ramazan ayında oruc tutduğunu bildirib. Sənətçi həmişə orucunu vaxtlı-vaxtında tutduğunu vurğulayıb:
"Mən adətən Rəcəb ayından oruc tutmağa başlayıram. Hazırda isə Şaban ayının orucunu tuturam. Allah qismət etsə, Ramazan və Şəvval aylarında da oruc tutmaq niyyətindəyəm. Mənimlə yanaşı, qızım və yoldaşım da illərdir oruc tutur. Əsasən yeniyetmə yaşlarımdan oruc tuturam".
BAKU.WS-ə danışan müğənni Elçin Cəfərov hələ uşaq yaşlarından oruc tutmağa başladığını deyib. Sənətçi Ramazanın gözəl ay olduğunu qeyd edib:
"Ramazanı səbrsizliklə gözləyənlərə salam olsun! Ramazan xoş gəlib. Bu ay mənim üçün ruhən təmizlənmə ayıdır və ən sevdiyim aylardandır. Uşaq vaxtından böyüklərimizin oruc tutduğunu görərək mən də oruc tutmuşam. İşlərimlə əlaqədar bəzən mümkün olmasa da, yenə də oruc tutmağa çalışmışam. Bu il də Ramazan ayı boyunca oruc tutmaq niyyətindəyəm. Ümumiyyətlə, bizdə Ramazan ayı çox gözəl və xoş keçir".
Müğənni Ayan Babakişiyeva saytımıza açıqlamasında İslamı qəbul etdikdən sonra hər il vaxtlı-vaxtında oruc tutduğunu bildirib:
"Bu il əlbəttə mən də Ramazan ayı başlayanda oruc tutacağam, səbirsizliklə gözləyirəm. Allah qismət etsin bayramın son gününə qədər oruc tutmaq istəyirəm. Artıq 4 ildir ki, İslamı qəbul etmişəm. Həmin vaxtdan hər il Ramazan ayında oruc tuturam. Bu il də ənənəvi olaraq oruc tutacağam".
Müğənni Nərmin Kərimbəyova BAKU.WS-ə açıqlamasında Ramazan ayında oruc tutmağın gözəl addım olduğunu deyib. Sənətçi illər əvvəl oruc tutsa da, hazırda səhhəti ilə bağlı bunu edə bilmədiyini vurğulayıb:
"İllər olub ki, həmişə oruc tutmuşam. Lakin son illər əməliyyat keçirdiyim üçün oruc tuta bilmirəm. Uzun müddət maye və su qəbul etmədən qalmaq mənə olmaz. Buna baxmayaraq, oruc tutmaq gözəl ibadətdir. Bu həm dini bir ənənədir, həm də mənəvi baxımdan insanı zənginləşdirir. Tam sağlam bədən üçün oruc tutmaq çox gözəldir".
BAKU.WS-ə danışan müğənni Lətifə Soyuöz həkimin tövsiyyəsinə əsasən sağlamlığı üçün oruc tuta bilmədiyini deyib. Buna baxmayaraq Soyuöz Ramazan ayının mənəvi dəyərlərini qorumağa və yaşatmağa çalışdığını vurğulayıb:
"Ramazan ayı mənim üçün hər zaman xüsusi mənəvi dəyərə malik olub. Bu ay səbrin, mərhəmətin, niyyətin və daxili təmizliyin ayıdır. Orucu böyük hörmətlə qarşılayıram. Lakin səhhətimlə bağlı, xüsusilə son dövrlərdə keçirdiyim arıqlama prosesindən sonra uzunmüddətli oruc tutmaq mənim üçün tibbi baxımdan uyğun deyil. Həkim tövsiyəsinə əsasən, qidalanma rejimim az, lakin tez-tez qidalanmaq üzərində qurulub və bu rejimi qorumaq sağlamlığım üçün vacibdir.
Buna baxmayaraq, Ramazan ayının mənəvi dəyərlərini həyatımda qorumağa və yaşatmağa çalışıram. Bu ayda daha diqqətli, daha səbirli olmağa, insanlara faydalı olmağa xüsusi önəm verirəm. İnanıram ki, niyyət və qəlbin saflığı da ibadətin bir hissəsidir.
Ramazan ayının hər kəsə sağlamlıq, ruhi rahatlıq və bərəkət gətirməsini arzulayıram. Qoy bu müqəddəs ay hər bir evə nur və sülh gətirsin".
Müğənni Çinarə Məlikzadə saytımıza açıqlaması zamanı ilk dəfə məktəb illərində oruc tutduğunu bildirib. İfaçı həmişə Ramazan ayında oruc tutmağa çalışdığını vurğulayıb:
"Ramazan ayı mənim üçün çox dəyərli və mənəvi baxımdan xüsusi bir aydır. Hər il imkan olduqca oruc tutmağa çalışıram və tuturam. Lakin səhnə qrafiki və səfərlər bəzən buna tam şəkildə imkan vermir. Səfərim olmadığı müddətdə isə mütləq oruc tutmağa çalışıram. İlk dəfə məktəb illərində, yeniyetmə yaşlarımda oruc tutmuşam. O vaxtdan Ramazan ayının mənəvi ab-havasını çox sevirəm. Hər kəsə xeyirli və bərəkətli Ramazan arzulayıram".
BAKU.WS-ə danışan müğənni Mina Hüseyn Ramazan ayını çox sevdiyini deyib. Sənətçi bildirib ki, Ramazan ayı başlayandan bitənə qədər oruc tutur:
"Mən həmişə Ramazan ayında oruc tutmuşam və bunu hər il davam etdirirəm. Oruc tutmağı çox sevirəm, çünki Allaha bağlı bir insanam. İlk dəfə 15 yaşımda oruc tutmuşam. Ramazan ayı başlayandan bitənə qədər oruc tuturam. Qarşıdan gələn Ramazan ayında Allah oruc tutan hər kəsin ibadətini qəbul etsin!"
Müğənni Azad Şabanov saytımıza açıqlaması zamanı ilk dəfə 28 yaşında oruc tutduğunu qeyd edib:
"Artıq neçə illərdir ki, Ramazan ayında oruc tuturam. Bu il də niyyətim var ki, həmişə olduğu kimi oruc tutum... Ramazan ayı başlayandan bitənə qədər oruc tuturam. İlk dəfə isə 28 yaşımda oruc tutmuşam."
BAKU.WS-ə danışan aktyor və aparıcı Kamran Ağabalayev bəzən çəkilişlər səbəbilə oruc tuta bilmədiyini deyib. Lakin bu il bir ay oruc tutmaq niyyətində olduğunu bildirib:
"Ramazan ayında müəyyən vaxtlar olub ki, oruc tuta bilməmişəm. Bu, əsasən çəkilişlərlə bağlı olub. Lakin Allahın izni ilə bu il Ramazan ayının əvvəlindən sonunadək oruc tutmaq niyyətindəyəm."
Müğənni Mərdan Kazımov saytımıza açıqlamasında ilk dəfə 15 yaşında oruc tutduğunu deyib. Mərdan son illər ardıcıl şəkildə oruc tutduğunu bildirib:
"İlk dəfə 15 yaşımda Ramazan ayında oruc tutmuşam. Bu il də Ramazan ayı başlayandan bitənə qədər oruc tutacağam. Ötən il də oruc tutmuşdum. Bəzən səhhətimlə bağlı elə illər olub ki, oruc tuta bilməmişəm. Lakin son illər ardıcıl şəkildə oruc tuturam."
Qeyd edək ki, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Bu gün Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətva verəcəyi gözlənilir. Fevralın 19-da ilk oruc günündə imsak vaxtının 06:06-ya, iftar vaxtının isə 18:30-a təsadüf edəcəyi gözlənilir. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur.
Oxşar xəbərlər
"Çocuklar Duymasın"ın ata və oğulu 23 İL SONRA BİR ARADA
Bir zamanların sevilərək izlənilən serialı "Çocuklar Duymasın"ın ata-oğul obrazları Özgür Ozan və Alperen Khamis illər sonra bir araya gəliblər. BAKU.WS xəbər...