Avropalılar Azərbaycan mülki aviasiyası ilə tanış olub - FOTO
16
may
2018
19:34
Avropada hava hərəkətinin tənzimlənməsi üzrə nümayəndə heyəti Azərbaycan mülki aviasiyasının uğurları ilə tanış olub."Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 16 may 2018-ci il, Bakı – Avropa Regionu Hava Məkanının İdarəetmə Mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultananın başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya işgüzar səfər edib.Səfər çərçivəsində qonaqlar "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “Skytrax” audit şirkəti tərəfindən ən yüksək "5 ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) də daxil olmaqla Azərbaycanın mülki aviasiya obyektləri ilə tanış olublar. Hava hərəkəti axınlarının planlaşdırılması zamanı əsas əlaqələndirici qovşaq olan Azərbaycan Hava Məkanından İstifadə üzrə Səmərəlilik Mərkəzi (ASEC) NMOC-un rəhbərliyinin böyük marağına səbəb olmuşdur. Bu mərkəz sayəsində Azərbaycan hava axınlarının planlaşdırılmasında “Eurocontrol”-un strateji tərəfdaşı rolunu oynayır.Elə həmin gün “Azərbaycan Hava Yolları”nın Prezidenti Cahangir Əsgərov və NMOC-un direktoru Co Sultananın görüşü keçirilmişdir. Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu ardıcıl siyasət nəticəsində, son onillikdə Azərbaycanın tranzit dövlət kimi rolu xeyli artıb. Bu inkişaf Azərbaycanın hava məkanından istifadə edən hava gəmilərinin tranzit axınlarında da müşahidə olunur.Görüşdə qeyd olunmuşdur ki, hazırda Azərbaycanın mülki aviasiyası aeronaviqasiya təminatı sahəsi də daxil olmaqla ən qabaqcıl avadanlıqlardan istifadə edir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.Öz növbəsində, Co Sultana Azərbaycanın mülki aviasiyasının qazandığı uğurları yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, strateji mövqeyi və aeronaviqasiya təminatı səviyyəsi Azərbaycanı Avropanın hava axınlarının planlaşdırılması təşkilatı üçün cəlbedici edir və bu, yaxın illərdə Avropa və Asiya arasında tranzit reyslərin sayını artırmağa imkan verəcək.Qeyd edək ki, Avropa Komissiyasının qətnaməsinə uyğun olaraq, NMOC-a hava məkanının təşkili, Avropa hava limanlarında slotların koordinasiyası və “Eurocontrol”-a tabe olan 41 Avropa dövlətinin,həmçinin Mərakeş və Azərbaycan ərazisi üzərində hava hərəkəti axınlarının idarəedilməsi səlahiyyətləri verilmişdir. NMOC sutkada 27 mindən çox və ildə isə 1 milyondan çox uçuş planlaşdırır və nəzarət edir.BAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportuna dünyanın ən nüfuzlu mükafatı təqdim olunub
Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal “5 Ulduz” statusuna layiq görülüb....