"Azərbaycan Hava Yolları" QSC və “Boeing” əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur
23
fev
2018
16:11
23 fevral 2018-ci il, Bakı - AZAL aviaşirkətinin dəvəti ilə “Boeing Commerical Airplanes” şirkətinin Prezidenti və Baş icraçı direktoru Kevin Makalister fevralın 22-də Bakıya işgüzar səfərə gəlmişdir.Danışıqlar zamanı tərəflər “Azərbaycan Hava Yolları” QSC və “Boeing” Korporasiyası arasında çoxillik əməkdaşlıq çərçivəsində yaranan möhkəm tərəfdaşlıq münasibətlərindən razılığını bildirmişdir. AZAL aviaşirkətinin Prezidenti Cahangir Əsgərov qeyd etmişdir ki, “Boeing” Korporasiyası ilə əməkdaşlıq strateji xarakter daşıyır. 2000-ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev göstərişi ilə ilk dəfə olaraq “Azərbaycan Hava Yolları”nın təyyarə parkına Qərb istehsalı “Boeing 757-200” təyyarələr əlavə edilmişdir. Həmin dövrdə “Boeing” Korporasiyası təlimatçı heyət və proqram təminatı vasitəsilə bu tip təyyarənin öyrənilməsi və xidmət olunması, həmçinin “B757/767” təyyarələri üçün yerüstü trenajorların öyrənilməsi işində böyük köməklik göstərmişdir. Sonrakı illərdə mülki aviasiyaya böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında AZAL-ın donanmasına “Boeing 767-300ER” hava gəmiləri, daha sonra isə ən müasir “Boeing 787 Dreamliner” laynerləri əlavə edilmişdir.Sərnişin daşımalarının uğurları ilə yanaşı, ölkənin yük aviadaşımaları da dinamik inkişaf edir. Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way Airlines” 2010-cu ildən etibarən hava gəmiləri parkını “Boeing 747 F” tipli yük təyyarələri ilə zənginləşdirmiş, 2014-cü ildən etibarən isə aviaşirkət ən yeni “Boeing 747-8F” yük təyyarələrini istismar etməyə başlamışdır ki, bu ona beynəlxalq yük daşımalarının aparıcı oyunçularından biri olmağa imkan vermişdir.Yaxın vaxtlarda “Azərbaycan Hava Yolları”nın sərnişinləri daha bir yeni nəsil avialaynerdə səyahət edə biləcəklər. AZAL və “Boeing” arasında imzalanmış sazişə əsasən, 2018-ci ildən etibarən Azərbaycana “Boeing 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq, 2020-ci ilin sonunadək isə onların ümumi sayı 10 ədədə çatacaq. 2022-ci ilin sonunadək ölkəyə daha 4 ədəd “Boeing 787-8” tipli təyyarənin gətirilməsi gözlənilir.Öz növbəsində, Kevin Makalister “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirmiş və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.Danışıqlar zamanı həmçinin Azərbaycan mülki aviasiyasının istismarında olan bütün növ “Boeing” təyyarələrinin bizim texniki mərkəzin iştirakı ilə gələcək istismarı və texniki xidməti məsələlərinə də toxunulmuşdur.Səfər çərçivəsində qonaqlar son illərdə tikilmiş və yenidən qurulmuş Azərbaycanın mülki aviasiya obyektləri ilə – Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1), “Baku Cargo Terminal” yük terminalı, “Silk Way Business Aviation” biznes aviasiya terminalı, bütün növ hava gəmiləri təmiri və xidməti kompleksi “Silk Way Technics” və digərləri ilə tanış olmuşdurlar. “Azərbaycan Hava Yolları” MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə təxminən 40 istiqamətdən ibarətdir. 2017-ci ildə “Azərbaycan Hava Yolları” 2,2 milyondan çox sərnişin daşımışdır.AZAL aviaşirkəti hazırda “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” tipli təyyarələri istismar edir.Azərbaycanın mülki aviasiyasının təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya təşkilatının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.2015-ci ilin iyun ayında aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın ən mötəbər konsaltinq şirkəti “Skytrax” AZAL-a nüfuzlu "4 ulduz" reytinqi vermişdir.AZAL mənzil-qərargahı Bakıda, beynəlxalq standartların tələblərinə cavab verən Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. 2017-ci ilin mart ayında “ Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşı hava limanlarının siyahısına başçılıq edərək nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülmüşdür, həmçinin növbəti dəfə yüksək "4 ulduz" səviyyəsinə uyğunluğunu təsdiqləmişdir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan və Böyük Britaniya mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
Azərbaycan və Böyük Britaniya mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmişdir"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindın BAKU.WS-ə...