Azərbaycan 10 yeni "Boeing" alır

Azərbaycan 10 yeni Boeing alır
İqtisadiyyat 1533

 

Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və ABŞ-ın "Boeing" aerokosmik korporasiyası 10 Boeing-737 MAX sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən bu gün Bakıda imzalanıb.

İmzalama mərasmində "AZAL"ın Prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard dollar təşkil edir.

ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib.

İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

"Silk Way Holding"in Prezidenti Zaur Axundov jurnalistlərə bildirib ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın mülki aviasiyası öz inkişafının yeni mərhələsinə qədəm qoyur. ""Silk Way Airlines" "Boeing" istehsalı olan 10 yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq. Bu layihə çox yaxşı perspektivə malikdir".

Səfir Robert Sekutanın sözlərinə görə, imzalanmış sənəd ABŞ və Azərbaycan arasında çox sıx münasibətlərin göstəricisidir: "Boeing korporasiyası tərəfindən istehsal olunan təyyarələr öz etibarlılığı ilə fərqlənir. Bu təyyarələr ilə həm sərnişin daşımaları, həm də yük daşımaları təhlükəsiz şəkildə həyata keçirilir. Biz Azərbaycan şirkəti ilə bu sənədin imzalanmasında çox maraqlıyıq və əldə olunan razılaşmadan çox məmnunuq". O, həmçinin ölkəsinin Azərbaycanda yaradılan aşağı büdcəli BUTA AIRWAYS şirkəti ilə əməkdaşlığa hazır olduğunu bildirib.

"Boeing" şirkətinin Baş Vitse-Prezidenti Marti Bentrottun sözlərinə görə, Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub. Bu təyyarələr çox səmərəli və etibarlıdır: "İmzalanan müqaviləni ABŞ və Azərbaycan arasında çox mühüm ticarət müqaviləsi hesab edirik".

"737 MAX" təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunmuşdur ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13 faiz azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da 737 MAX təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı İstismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir. Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.

BAKU.WS

Son xəbərlər