90-cı illərdə Azərbaycanda parıldayan ULDUZLAR İNDİ NƏ EDİRLƏR?

90-cı illərdə Azərbaycanda parıldayan ULDUZLAR İNDİ NƏ EDİRLƏR?
Video
Şou-biznes 278

Bir zamanlar Azərbaycan şou-biznesində tamam başqa müğənnilər at çapıb, qılınc oynadırdı. Onlar ölkədə çox sevilir, ölkə hüdudlarından kənarda beynəlxalq festivallarda da ölkəmizi layiqincə təmsil edirdilər. Həmin məşhurların təqdim etdiyi ifalar, albomlar qısa müddətdə dillər əzbəri olurdu. O məşhurların bəziləri karyeralarının pik dövründə bəzi səbəblərdən ölkəni tərk edərək xaricə köçdülər. Bəziləri isə vətəndə qalaraq fəaliyyətlərinə davam etdilər. Maraqlıdır, görəsən 90-cı illərin parıldayan ulduzları kimlər idi, indi harada, nə işlə məşğuldurlar?

Bu dəfə BAKU.WS saytı olaraq sözügedən məşhurların kimliyini araşdırdıq. Həmin tanınmışların siyahısını təqdim edirik:

Müğənni Abbas Əhməd

Abbas Əhməd  80-ci illərin axırı, 90-cı illərin ortalarına qədər Azərbaycanda çox məşhur müğənni olub. O ixtisasca  iqtisadçıdır. İfaçının xüsusilə gənclərin sevgi himninə çevrilən "Ürəyim yanar" mahnısı dillərdən düşmürdü. Müğənni bu mahnının səkkiz dildə solo diskini çıxarıb. Sənətkar uzun illər vətəndən uzaqda Rusiyada yaşayıb. Gələndə də gözə görünmədən getmək istəyib. İndiyə qədər fəxri ad verilməyən müğənni "Sənət üçün çalışmışam, bəlkə ona görə fəxri ad almamışam. 14 il "Qaya" ansamblında işləmişəm" deyə müsahibələrindən birində qeyd edib. Abbas Əhməd iki dəfə evlənib. Birinci nikahdan bir oğlu Demis Russos, Stinq kimi müğənniləri Rusiyaya gətirir. İfaçı ikinci həyat yoldaşıyla 22 ildən çox evlidir, o nikahdan övladı yoxdur. Abbas Əhməd 10 dildə mahnı oxuya bilir. O ötən il ərəbcə də öyrənməyə başlayıb. Sənətçini toya dəvət edənlər olur.  Lakin demək olar ki əvvəlki kimi efirlərə çıxmır. İfaçı son müsahibələrində birində yerli kanallarən onu bayram konsertlərinə dəvət etməmələrindən şikayətlənib. İfaçı sonuncu dəfə ötən il İsveçin Stokolum şəhərində konsert verib.

Müğənni Sevil Hacıyeva

Müğənni Sevil Hacıyeva 90-cı illərin məşhur qrupu "Karvan"ın faciəli həyatı olan üzvüdür. O ABŞ-da öldürülən azərbaycanlı müğənnidir. 

Sevil gənc yaşlarından musiqi fəaliyyətinə başlayıb. 1988-ci ildə "Bakı Payızı- 88" müsabiqəsinin laureatlarından biri olur. "Yanğı", "Köhnə tramvay", "De, kim eşitsin" kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov olub. 1993-cü ildə "Karvan" qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də səhnələrdə görünmür. Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir. Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.

O dostu ilə 12 sentyabr 2000-ci ildə klubdan evə qayıdır. Bu zaman soyğunçular onun qarşısını kəsir. Pullarını vermək istəməyən Sevilin dostunu güllələyir. Daha sonra isə kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyevanı güllə ilə belindən vuraraq öldürürlər.Öldürülən zaman gənc solistin 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından "Hollywood Hills" məzarlığında dəfn edilib.

Müğənni və aktrisa Firəngiz Rəhimbəyova

Firəngiz Rəhimbəyova Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyib. "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram bu sevgiyə", Bizim dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Gülə-gülə", "Bəri bax", "Oğlan" kimi bir-birindən gözəl, yaddaqalan mahnılar ifa edib.

Filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə "Bəxt üzüyü" filmindəki Sevda rolu gətirir. Bu obrazdan sonra azərbaycanlı tamaşaçılar onu daha da çox sevib. Birinci ailə həyatı uğurlu olmayan müğənni müstəqillik dövrünün ilk illərində Amerikaya səfər edir. Amerikadan qayıdandan sonra o, qəfildən, həmişəlik ABŞ-a köçmək qərarı verir. Azərbaycanı tərk edərək Amerikanın Los-Anceles şəhərinə yerləşən Firəngiz 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurur.O müsahibələrindən birində "Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm... Bakıda doğmalarım, demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var" sözlərini söyləyib. 

Aktrisa ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı "Qırmızı planet" fantastik filminə dəvət edilib. 

Sənətçi 2022-ci ilin avqustunda ABŞ-də ürəktutmasından vəfat edib. Ölümündən 9 gün əvvəl 62 yaşını qeyd edib. Ölümündən 22 gün sonra isə Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.

Xalq artisti Sərxan Sərxan

Müğənni Sərxan Sərxan da digər həmkarları kimi 90-cı illərin məşhurlarından idi. O Moskvada və Azərbaycanda Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Əməkdar artist", 27 may 2018-ci ildə "Xalq artisti" fəxri adları ilə təltif edilib. Sərxan Sərxan "Gecikən məhəbbətim" mahnısı ilə məşhurluğun zirvəsinə çatıb. Sərxan Sərxan hərdən yerli telekanallarda verilişlərə çıxır.

Əməkdar artist Kəmalə Rəhimli

Kəmalə Rəhimli də 90-cı illərin sevilən ifaçılarından olub. Onun anası onun musiqiçi olmağını yox, başqa sahə üzrə ali təhsil almağını istəyir. Kəmalə sənədlərini eyni vaxtda həm Xarici Dillər Universitetinə, həm də Asəf Zeynallı adına musiqi kollecinə təqdim edir və Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Müğənni səhnəyə erkən yaşlarında çıxmağına baxmayaraq, Nisə Qasımova, Firuzə İbadova, Zöhrə Abdullayeva və Ruhəngiz Allahverdiyeva ilə konsertlər verir. Qısa zamanda populyarlıq əldə edən müğənniyə dirijor Niyazidən, Rəşid Behbudovdan təkliflər gəlir və o da bu təklifləri dəyərləndirir. 

Rəşid Behbudovla birgə səhnə aldığı zamanlar Kəmalə Rəhimliyə rayonda 1 saatlıq toyda oxumaq üçün 10 min rubl pul təklif edirlər. Lakin o, bu təklifi rədd edir və ümumiyyətlə, rayon toylarına getmədiyini dilə gətirir.

Ailə qurmağa vaxtı olmadığını deyən ifaçının elçiləri həddən artıq çox olub.  Xalq artisti Şövkət Ələkbərova istəyib ki, onu qohumlarından biri ilə evləndirsin. Ancaq o, tanınmış saz ifaçısı Rəhilə Həsənovanın oğlu ilə ailə qurur. Onların bu nikahdan Tural adlı bir oğulları dünyaya gəlir.

İllər öncə Əməkdar artist Kəmalə Rəhimli başına gələn pis hadisələrdən söhbət açarkən deyib ki, oğlu Turaldan əvvəl onun bir övladı doğum evində həkim səhvi ucbatından ölüb. Ömrünün 40 ilini incəsənətə həsr edən K.Rəhimli sənət aləmindən küskün olduğunu bildirib.

"Bir gözüm tamam tutulub, digəri isə 1 faiz görür.  Artıq 17 ildir ki, şəkərli diabetdən əziyyət çəkirəm. Oğlumun 10 yaşı olanda bu xəstəliyə tutuldum...  Sənətə ömrümü həsr etmişəm, dövlət mənə də diqqət ayırsa, məmnun olardım. Mənim üçün çox çətindir" -  deyə o müsahibələrində qeyd edib.

Əməkdar artist Şəbnəm Tapdıq 

Şəbnəm Tapdıq son zamanlar Azərbaycan şou-biznesində "Adının qoyulmağını hamıya qadağan edən müğənni" kimi tanınsa da vaxtı ilə ulduzu parıladayan sənətçilər arasında olub. O Rəşid Behbudov, Şövkət Ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir ediblər.

Televiziyanın "Xatirə", "Dan Ulduzu" ansambllarının müşayiəti ilə bəstəkar, xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarını ifa edib.

7 il Azərbaycan Konsert Birliyində, 5 il R. Behbudov adına Mahnı teatrında solist kimi işləyib. İfası bədii film və tamaşalarda istifadə olunub. O "Bəyaz Çiçəklər" ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlərə, Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurlu solo konsertlərə imza atıb.

Məşhur şair İlyas Tapdığın ailəsində böyüyən müğənni uzun müddət Şəbnəm adı ilə bağlı məsələlərdə gündəmə çevrilib. O müğənni həmkarı Şəbnəm Tovuzlu ilə bu barədə anlaşılmazlıq da yaşayıb. Sənətçi subaydır. O heç vaxt ailəli olmayıb. Bəzən sosial verilişlərdə çıxış edir.

Müğənni Samir Bağırov

Samir Rafiq oğlu Minullin (Minullin, Samir Bağırov tatar əsilli atasının deyil ata nənəsinin soy adından istifadə edir) bir çox festival və müsabiqələrdə iştirak edib. Orta məktəbi bitirdikdən sonra(1984)Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının klassik vokal şöbəsinə daxil olub. Konservatoriyanı bitirdikdən 2 il sonra sovet ordusuna hərbi xidmətə çağırılmışdır və hərbi xidmətdə olduğu zaman hərbi-ansamblın konsertləridə solist kimi çıxış edib . Hərbi xidməti Ukraynada başa vurub.

1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində laureat olub. Müsabiqədən sonra 1989-cu ildə Moskvadakı "Gnessin State Musical Collage"-ində (Hansı ki,həmin musiqi akademiyası rus estradasına Filip Kirkorov,Larisa Dolina,Murat Nasirov,Valeriya,Linda kimi ulduzlar bəxş edib) musiqi təhsilini davam etdirir.

1991-ci ildə keçirilmiş "Yalta-91" müsabiqəsində Samir Bağırov ikinci yerə layiq görülüb.Yaltada keçirilən müsabiqədən sonra məşhur rus bəstəkarı Igor Krutoy Samirə "Маленькое Кафе" və "Отзовись" mahnılarını bəstələyir. Hər iki mahnı ORT və RTR kimi kanallarda səslənir. 1992-ci lidə "Otzovis" mahnısı "Mayak" radiosunun keçirdiyi müsabiqədə 5-ci yeri tutub və MDB-in 10 ən məşhur mahnısından biri olub. Klipə rejissorluğu Stas Rubençik operatorluğu Nadir Mextiyev edir. Brilliant Dadaşova ilə ifa olunan "Geri Verərmi"dueti "Altun Nar" və "Grand" mükafatlarının sahibi olur. 2000-ci illərin əvvəlinə qədər Samir Bağırov müxtəlif janrlarda mahnılar ifa edir. O sənətə illər sonra qayıtdı. Bir-iki klip təqdim etdi. Hazırda ara-sıra tədbirlərdə görünür. Samir Bağırov böyük sənəti olduğu üçün toylara getmədiyini bildirib. 

Oxşar xəbərlər

Son xəbərlər