SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı Azərbaycanın sevilən və məşhur filmi “Bəxt üzüyü”nün davamı çəkilib.

BAKU.WS xəbər verir ki, “Planet Parni iz Baku” komandası tərəfindən ərsəyə gətirilən ekran işində xalq artistləri Rəfael Dadaşov, Afaq Bəşirqızı, Valeh Kərimov, aktyorlar Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, Azər Məmmədzadə və başqaları rol alıb. Seda obrazının ifaçısı, Amerikaya köçüb, orada yaşayan Firəngiz Rəhimbəyova filmdə rol almaq üçün uzun yol gət edib. Los-Ancelesdə yaşayan məşhur aktrisa məhz bu film üçün uzun müddətdən sonra yenidən Bakıya gəlib. Tahir və Cabir İmanovların ssenarisi əsasında, çəkilən filmə Ənvər Mansurov quruluş verib.

Bu gün isə sözügedən filmlə bağlı mətbuat konfransı baş tutub. Media nümayəndələrinin suallarını cavablandıran aktyorlar etiraflar edib, filmlə bağlı bir çox qaranlıq qalan məsələlərə aydınlıq gətiriblər.

Tahir İmanov bildirib ki, bu filmin ərsəyə gəlməsi heç də asan olmayıb. Bakıda lentə alınan film maraqlı anlarla yadda qalıb. Çəkilişlərdə vaxt qızıla bərabər idi. Aktyorların nizam-intizamlı olması vaxtında əvvəl filmi təhvil verməyimizə səbəb oldu.

Filmin büdcəsindən söhbət düşəndə isə İmanov bu məsələni qabartmaq istəmədiyini vurğuladı. Sadəcə “Sirr olaraq qalsın” deyə cavablandırdı. Əməkdar artistin növbəti açıqlaması isə hər kəsi təəcübləndirdi. Onun sözlərinə görə, aktyorlar filmə təmənnasız çəkiliblər. Onun sözlərini xalq artistləri Rəfael Dadaşov, Afaq Bəşirqızı və Valeh Kərimov da təsdiqlədi.

Xalq artisti Afaq Bəşirqızı filmlə bağlı öz təəsüratlarını jurnalistlərlə bölüşdü:
“Bəxt üzüyü insan xoşbəxtliyinə açardır. Bəzən olur ki, qapının o açara ehtiyacı olmur. İnsanın öz taleyi və alın yazısı var. Əslində “Bəxt üzüyü” rəhmətlik dostum Vaqif Səmədoğlunun tapdığı bir bəhanə idi. Orada bir yerdə çörək kəsən, bir-birinə can deyib, can eşidən insanların 1 saniyə içində dəmir halqaya görə münasibətlərini dəyişən insanlardan söhbət açılır. Bir şeyi də qeyd etmək istərdim ki, “Rasim” kimi insanlar həyatda qalib ola bilərlər. Çünki zəmanə onlarındır. Amma insan kimi cəmiyyətdə sayılmaq onlarlıq deyil”.

Bəşirqızı filmdə rol alan hər iki gənc aktyor Fariz İlyasov və Duyğu Dəvəli haqda danışıb, yerlə-göy qədər onlardan razılıq etdi.
“Mən onlarla aramızda olan divarı aradan götürdüm ki, məndən ehtiyyat etməsinlər. Fariz və Duyğu ilə çox səmimi münasibət qurdum. Hər iki gənci mən öz övladım kimi qəbul edib, sevdim. Onların bizə olan qayğısı və hörməti hər kəsin göz önündə idi”.

Səhhəti ilə bağlı ciddi problemlər yaşayan xalq artisti Rafael Dadaşov rolu ilə bağlı bir çox məqamlara toxundu :
“Bu filmdə rol almağım mənim üçün böyük xoşbəxtlikdir. Çünki mənim yerimdə başqa bir adam da ola bilərdi. Afaq xanım və Valeh bəy “Bəxt üzüyü”nün dəyişilməz personajlarıdır. Bu rol mənim üçün tapıntı idi. Düzdür, Rasim obrazını elə də böyük rol saymıram, amma görün neçə ildir səs-sədası hələ də gəlir. Rasim personajı təbiətcə çox yumşaq adamdır. Şəxsi biznesi var və heç kimə pislik etmir. Ailə və qızını sevən biridir. Sadəcə bir məqamı deyim ki, birinci hissədə “Mersedes” Rasim idisə, indi “Bentley” Rasimdir”.

Xalq artisti Valeh Kərimov Moşu obrazının həyatında silinməz iz buraxdığını dilə gətirdi :

“Bəxt üzüyü” mənim həyatımda çox böyük rol oynayıb. Çünki o filmdən sonra həm tanınmışam, həm də adlar almışam. Ekran işinin birinci kadrı Moşu və Seda obrazlarının məşhur səhnəsi olub. Həmin çəkilişdən çıxandan sonra mənə dedilər ki, oğlun dünyaya gəlib. İkinci hissədə isə dedilər ki, nəvəm dünyaya gəlib”.

Əməkdar artist Tahir İmanov xalq artisti Ramiz Əzizbəyli ilə filmə görə aralarında yaşanan söz-söhbətə aydınlıq gətirib, alovlanan qalmaqalın üstünə su səpti:
“Bu gün bir danılmaz fakt var ki, Azərbaycanda dahi aktyorların iştirakı ilə film çəkilmir. Ona görə də mən bu məsələyə ancaq müsbət tərəfdən baxdım. İnanın ki, Ramiz müəllimlə bu məsələni çoxdan həll etmişik. Sadəcə bu qədər şişirtmək lazım deyildi. Bu işdə ən böyük xeyir-duanı yazıçı Vaqif Səmədoğlunun ailəsindən almalıydıq. Çünki o olmasaydı, bəxt üzüyü sözü heç ərsəyədə gəlməzdi. Buna görə də mən Ramiz müəllimə cavab vermək istəmirəm. Birincisi özündən böyüyə cavab vermək bizim mədəniyyətimizə uyğun deyil. İkincisi isə siz özünüz onun vəziyyətindən xəbərdarsınız. Hansısa pozitiv və ya neqativ xəbər ona pis təsir göstərsə, bunu özümə bağışlamaram”.

Əməkdar artist Ayşad Məmmədovun filmdə rol almamasına isə Tahir belə aydınlıq gətirdi :

“Ümumiyyətlə, Ayşad Məmmədov və Gülşad Baxşıyevanın əvvəlcədən filmdə görmürdük. Bilirsiniz niyə? Çünki düşünürük ki, onların aralarında baş verən faciə öz həllini tapdı”.

“Bəxt üzüyü”nün gözü-bəbəyi, Seda rolu ilə tamaşaçıların qəlbinə yol tapan aktrisa Firəngiz Rəhimbəyova mətbuat konfransında iştirak etməsə də, onun barəsində əməkdar artist ağız dolu danışıb, bunları söylədi!

“Firəngiz xanım 10 gün burada oldu. Təəssüflər olsun ki, sizinlə görüşə bilmədi. Vaxt tapıb studiyada “Bu sevda” mahnısını yazdırdıq. Onunla birgə Bakını gəzdik. Firəngiz xanım işlətdiyi bir sözü isə bizi çox təəcübləndirdi. O bildirdiki, “Bura mənim Bakım deyil. Mən başqa Bakıdan getmişdim”. Biz ona filmi təklif edəndə bu zəngi 26 ildir gözlədiyini bildirdi”.

Mətbuat konfransı sonunda aktyorlar bir araya gəlib, filmin posteri önündə şəkil çəkdirdilər. Onuda nəzərinizə çatdıraq ki, Bəxt üzüyü – 2 filminin premyerası yanvarın 31-də keçiriləcək.

BAKU.WS
Rəşad Əliyev