SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün "Baku Crystal Hall"da "Best Model of Azerbaijan 2022" yarışmasının final mərhələsi keçirilib. İrəli sürülən iddialara əsasən, yarış zamanı skandal yaşanıb. Müsabiqədə haqsızlıq edildiyi bildirilib. 

BAKU.WS-in məlumatına görə, ilk yerin sahibi Liza Uzun olub. Bu zaman bəzi iştirakçılar nəticədən razı qalmadıqlarını elan edərək etiraz etməyə başlayıblar. Sonda onlar müsabiqənin keçirildiyi zalı tərk ediblər. 

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə şikayət daxil olub. Bildirilib ki, ilk yerin sahibi olan xanım türkiyəlidir və o, müsabiqənin kriteriyalarına cavab vermir.

Yaranmış xaotik vəziyyətlə bağlı "Best Model of Azerbaijan 2022"-nin milli direktoru Elxan Paşayevlə əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında edilən şikayətin əsassız olduğunu, yarışma zamanı hər şeyin müsabiqə şərtlərinə uyğun həyata keçirildiyini qeyd edib:

"İlk yerin sahibi xanım türkiyəli deyil. Bizim ötən il yarışmada da birinci seçilən xanım Aydan Yeşildağın da atası türk, anası azərbaycanlı idi. Bu xanımda da eyni mövzudur. Atası türk, anası azərbaycanlıdır. Faktiki olaraq, o xanımın ötən il Türkiyədəki "Best Model" yarışması ilə bağlı fəaliyyəti olub. Sadəcə olaraq Azərbaycanda gözəllik müsabiqəsinə qatılıb. Bunun isə milliyyətlə heç bir əlaqəsi yoxdur. "Best Model" yarışması beynəlxalq müsabiqədir. Çünki Keniyadan da iştirak edən yarışmaçı var idi. 

Birinci yerə layiq görülən xanımın müsabiqə kriteriyalarına uyğun olmadığını iddia ediblər. Bu da əsassızdır. Müsabiqədə kastinq keçirilən zaman boy kriteriyası 1.65-dən başlayır. Çünki Azərbaycan ortaboy insanlara malik ölkə siyahısına daxildir. Birinci yerə sahib olan xanımın boyu isə 1.69 idi. Ötəngünkü müsabiqədə "Best Model Of Turkey"in yaradıcısı və menecer Erkan Özermanın özü də iştirak edib. İştirakçıların kriteriyalar üzrə seçimi sadəcə mənim öhdəliyimdə deyil. Boy kriteriyamız 1.65-dən başladığı üçün o da birinci yerin sahibi olub. 

Xanımların yarışmanı tərk etdikləri ilə bağlı yayılan iddialara gəlincə isə, mükafatlandırma vaxtı zalı heç kim tərk etməyib. Bütün yerlər açıqlanıb. Birinci, ikinci və üçüncü yer üzrə nominasiyalar təqdim edilib. Təqdimatdan sonra parti başlayıb. Bu zaman digər iştirakçı xanımlar etiraz etməyə başlayıblar.

Onların da etirazı əsassızdır. Bunun da səbəbi odur ki, bütün iştirakçılar münsiflər tərəfindən seçilmək istəyir. Lakin nəzərə almırlar ki, iştirakçılar arasında əvvəlki illərin də modelləri var və onların əlaqələri yeni modellərə nisbətən daha genişdir. Bu da yeni simaların birinci yer tutmasını mümkünsüz edir.

Yarışda 3 səsvermə olur. Birincisi "iticket" üzərindən bilet satışı vaxtı həyata keçirilir. Belə ki, bilet alan şəxslər orada favori gözəllərinin adını çəkirlər. Bizdə auditoriya səsverməsi də var. Bir də ki, münsiflər heyətinin və idarəetmə heyətinin səsvermə prosesi... Üç sistemdən toplanan bal yekun nəticəni verir. Etiraz edən xanımların isə "iticket" üzərindən heç bir balları olmayıb. Səsvermədə isə daha aşağı nəticə əldə ediblər. İdarəetmə heyətindən isə tam bal ala bilməyiblər. Nəticə ilə razılaşmayan xanımlardan biri "Top-3"də yer alıb və 3-cü yerin sahibi oldu. İlk yerin sahibinə mükafatı Erkan Özerman şəxsən özü təqdim edib". 

Qeyd edək ki, müsabiqədə 14 oğlan və qız iştirak edib. İlk yerin sahibi Liza Uzuna mükafatı münsiflər heyətində yer alan "Best Model Of Turkey"in yaradıcısı və menecer Erkan Özerman özü şəxsən təqdim edib. İkinci və üçüncü yerləri isə Sema Daşdemirli ilə Səbinə Süleymanova bölüşüblər. Bəy namizdələrdən ilk yerdə Natiq Xəlilov, ikinci və üçüncü yerlərdə isə Ülvi Salahovla Taleh Musayev qərarlaşıblar.

Liza Uzunla Natiq Xəlilov dekabrın 19-da İstanbulda dünyanın qırxdan çox ölkəsinin nümayəndələrinin iştirakı ilə keçiriləcək 35-ci "Best Model of the World"da dünya finalında Azərbaycanı təmsil edəcəklər.

BAKU.WS
VİDEO

QALEREYA