VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hobbi sadəcə əyləncə vasitəsi deyil, həm də çox faydalı məşğuliyyətdir. Hər kəsin mütləq hobbisi vardır və hər bir insan həyatı boyunca onu etmək üçün müəyyən vaxt ayırmağa çalışır.

İnsanlar arasında xarici dil öyrənmək, bəzi kompüter oyunları, kitab oxumaq, rəsm çəkmək, musiqi alətində ifa etmək kimi hobbilər daha geniş yayılıb.

Bu məşğuliyyətlərin böyük əksəriyyəti incəsənət aləminə aid olduğundan üz tutduq məşhur müğənnilərimizə...

BAKU.WS komandası olaraq onların hobbilərinin nə olduğunu və asudə vaxtlarını necə keçirdiklərini öyrəndik.

Bu haqda BAKU.WS-ə müsahibə verən müğənni Sevda Yahyayeva hobbisinin kitab oxumaq və idman etmək olduğunu bildirib:

“Mütaliəni, kitab oxumağı sevirəm. Sonuncu oxuduğum Böyük Britaniyalı şair və dramaturq Uilyam Qoldinqin “Milçəklər Tanrısı” kitabıdır. İdmanı da çox sevirəm. Boş vaxtlarımda dənizkənarı bulvarda 10-15 kilometr yürüşə çıxıram”.

Mövzu ilə bağlı BAKU.WS–ə danışan Xalq artisti Miri Yusif asudə vaxtlarında sadəcə idman etdiyini deyib:

“Kitab oxumaq, musiqi dinləmək mənim işimdir. Asudə vaxtlarımda isə zala gedərək çoxlu idmanla məşğul oluram”.

Müğənni Murad Arif isə hobbisinin sadəcə kitab oxumaq və film seyr etməkdən ibarət olduğunu qeyd edib.

BAKU.WS-ə müsahibə verən müğənni Eldar Qasımov son bir ildir asudə vaxtlarında ispan dili öyrəndiyini deyib:

“Düşünürəm ki, hobbi fəsildən asılı olaraq dəyişir. Məsələn, hazırda yay mövsümüdür. Bağda olanda daha çox kitab oxuyuram. Dillərə meyilli olduğumdan son bir ildir, ispan dili öyrənirəm. Bir proqram var. Hələ ki dili onun vasitəsilə öyrənirəm. Artıq bir müddətdən sonra kursa yazılacam”.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan gənc müğənni Çingiz Mustafayev son bir ildir gecə-gündüz yaradıcılıqla məşğul olduğunu, asudə vaxtının olmadığını bildirib:

“Axır bir ildir özümü sadəcə yaradıcılığa həsr etmişəm və onunla məşğul oluram. Bir az boş vaxtım olan kimi musiqiyə üstünlük verirəm. Arada fəlsəfə ilə də məşğul oluram”.

Mövzu ilə bağlı BAKU.WS-ə müsahibə verən müğənni Dilarə Kazımova isə daha çox yoqa və idmanı sevdiyini, onlarla məşğul olduğunu deyib:

“Daha çox yoqanı və idmanı sevirəm. Asudə vaxtım olanda onu yaxşı dəyərləndirməyə çalışıram. Boş vaxtımı ya bölgələrimizdə, ya da evimizdə keçirirəm. Kitab oxumaq, gözəl filmlər izləmək hobbilərim sırasındadır. Çalışıram ki, həyatda hər şeydən zövq alım. Mahnılar yazıram. Fotosessiya, klip haqqında fikirləşirəm”.
BAKU.WS-ə danışan müğənni Xuraman Şuşalı isə boş vaxtlarında dizayn işi ilə məşğul olduğunu və müxtəlif aksessuarlar hazırladığını bildirib:

“Güllərdən və müxtəlif rəngli muncuqlardan aksessuarlar hazırlayıram. Övladlarımın sadə geyimləri ayaqqabıları və paltarları üzərində müxtəlif formalı naxışlar düzəldirəm. Əslində dizayn işinə əvvəl hobbi olaraq başladım. Daha sonra bunu işə çevirdim”.

BAKU.WS-ə müsahibə verən müğənni Elton Hüseynəliyev isə hobbisinin futbol oynama və dini kitablar oxumaq olduğunu bildirib:

“Vaxtımı qrafik əsasında yönləndirmişəm. Asudə vaxtlarımda futbol oynayıram, sevdiyim alim Bədiüzzaman Səid Nursinin kitablarını oxuyuram.

Hazırda isə yay fəsli olduğundan hərdən ailəmlə birlikdə təbiət qoynuna dincəlməyə gedirəm. Amma mənim üçün studiyada mahnılar üzərində işləmək də bir növ istirahətdir”.

BAKU.WS