“Sus, kişi ol” mahnısı ilə tanınan Ellada: “Qızla yataqda olduqdan sonra…” (VİDEO)

“Sus, kişi ol” mahnısı ilə tanınan Ellada: “Qızla yataqda olduqdan sonra…” (VİDEO)
Video
Şou-biznes 22214
Bir müddət öncə çox cazibədar bir xanımın ifasında səslənən “Sus, kişi ol” mahnısı sosial şəbəkələrdə geniş müzakirə edildi.Mahnının cəsarətli sözləri, bəzi oğlanların iç üzünü açan ifadələri heç də hamı tərəfindən bir mənalı qarşılanmadı. Bir çoxları mahnını ifa edən Ellada Eyvazovanın şəxsi həyatı barədə danışdığını düşündü.Ellada xanımla müsahibəni elə o zamandan planlaşdırsaq da, onun başı uğurlu layihələrinə qarışdığından ancaq indi görüşə bildik. Onu qeyd etməliyəm ki, səhnədəki o şıltaq, cəsarətli xanımı gözləsəm də, qarşımda çox səmimi, sənəti üçün yaşayan, ürəyəyatımlı bir xanım vardı.Ancaq onun elə səhnədəki obraz qədər cəsarətli olduğu müsahibə boyunca üzə çıxdı. Minval.info “Sus, kişi ol” deyərək, bir çox oğlanı susdurmağı bacarmış Ellada Eyvazova ilə müsahibəni təqdim edir:Birdən-birə bir çox xəbər portalı sizdən yazmağa başladı, bu cür reaksiyanı gözləyirdiniz?– Deməzdim ki təmtəraqla qarşıladım, çünki gözləyirdim bunu. Bu mahnını ifa edəndə artıq məni nəyin gözlədiyini bilirdim. Əslində bu layihədən daha gec xəbərləri oldu. Bizim insanlar komediyadan, yumordan uzaqdır, ən yaxşı halda bir neçə komediya filmini izləyərlər.Həddindən çox təhqiredici şərhlər də gəldi, onlara münasibətiniz necə oldu?– Əvvəlcə öz ətrafımızda bu mahnını eşitdilər. Dostlarıma mahnını göndərəndə mənə dedilər ki, “hazırsan gələcək şərhlərə?” Bu həyatda nə kiminsə gözünü bağlamaq olur, nə də ağzını yummaq. İnsan ona ünvanlanan kəlməni üzərinə götürmürsə, deməli, sadəcə ona çatmayıb. Bu mahnıda istifadə dilən vulqar sözlər tamam etikadan kənardır, heç bir efirdə bunu səsləndirmək mümkün deyil. Bu sadəcə klub yumoru idi. Biz gəncləri cəlb etmək, tamam başqa bir üslubu Azərbaycanda inkişaf etdirmək istəyirik. Belə baxanda vaxtını boş keçirməkdənsə, insanlara təbəssüm bəxş edib ömürlərini uzatmaq daha yaxşıdır.İnsanların fikirlərini anlayışla qarşılayıram, amma öz yaxınıma buraxmıram. Bir məsələni qarşıma məqsəd qoyuramsa, ona çatıram və bu yolda məni nə gözləyir onu da bilirəm. Bir şərh vardı ki, “Bu mahnı Azərbaycan qadınlarının himninə çevrilməlidir”. Mən düşünürəm ki, himnə çevriləsi mahnı deyil, amma ibrət götürüləsidir (gülür).Bir anda bütün “Facebook” səhifələrində səndən bəhs etməyə başladılar. Haqqında bəlkə də, deyilməyən qalmadı. Amma heç kim bilmir ki, Ellada Eyvazova kimdir– 5 yaşımdan musiqi təhsili almağa başlamışam. Ailəmdə də musiqiçilər var. Pianino ifa edə bilirəm və klassik musiqi təhsili almışam. 3-cü sinifdə oxuyarkən Bülbül adına orta ixtisas musiqi məktəbinə getdim, həm xanəndəlik, həm də vokal üzrə oxumuşam. Səs diapazonum hər ikisinə uyğun gəlir. Daha sonra da Bakı Musiqi Akademiyasına qəbul oldum. Əslində bu il bitirməli idim, ancaq arada universiteti dondurmuşdum.Heç özünü xanəndə kimi təsəvvür edirsən?– Xanəndəlik təhsilimi Zakir Əliyevdən almışam. Ancaq xanəndə kimi fəaliyyət göstərməyi heç düşünmürdüm. Sadəcə bu boğazlar da məndə var. İştirak etdiyim bəzi tədbirlərdə bu cür boğazlar etməyim çox köməyimə çatır, blues və jazz üslubunda daha çox ifa edirəm.Sosial şəbəkələrdə parlayanların əksəriyyəti bir müddət sonra gündəmdən düşürlər. Sən özünü yaddaşlarda saxlamaq üçün nələr etməyi düşünürsən?– Hazırda efirə çıxmaq üçün bir çox layihə üzərində işləyirəm. İstedad var, bir az da maddi cəhətdən əldə imkanlar olsa efirlərdə də görünəcəyəm.Yəni sponsor?– İnşallah mənə də bir yaxşı sponsor olar (gülür). Məsələn, şou-biznesdə əksər sponsorlar başqa mənada öz xeyirlərini güdürlər. Ancaq xaricdə prodüserlər müğənnini layihə kimi hazırlayır, brend kimi yetişdirir. Hazırda öz üzərimdə işləməyə davam edirəm. İnsan hansısa həddə ideallığa çatmış olmur. Hər zaman irəli getməlidir. Hər mahnı bir həyatdır, o mahnılarda o həyatı yaşayan insan obrazını canlandırmağı bacarmalısan. Publikanı da cəlb etmək bir istedaddır. Mən bunu çox yaxşı bacarıram. Canlı ifa etdiyim bütün restoranlarda publikanı məni dinləməyə məcbur edə bilirəm.“Sus, kişi ol” mahnısındakı oğlanla həyatda da qarşılaşmısınız?– Çoxları düşündü ki, mən bu mahnını keçmiş sevgilimə ifa etmişəm. Mahnıda çəkilən adların hamısı mənə yaddır. Sözləri də mən yazmamışam. Mən səhnədə “Sus, kişi ol” oxuyanda, keçmiş sevgilim zalda əyləşmişdi. Ancaq heç bir kəlmə ona ünvanlanmamışdı. Bizim dostluğumuz davam edir. Ailələrimiz arasında da əlaqə var. Yeni addımlarımda da məni dəstəkləyir. Amma insanın şəxsi həyatı şəxsi qalmalıdır, bunu qloballaşdırmaq lazım deyil. Hər zaman çalışmışam ki, şəxsi həyatımı gizli saxlayım. Bəzən deyirlər “İnstagram”-da çimərlikdə şəkil qoyuram, deyirlər eləmə falan. Amma hamı gedir də dənizə nə var ki burada (gülür).Yenə bu cür cəsarətli mahnı oxuyacaqsınız?– Necə ki “Sus, kişi ol” mahnısı ilə bir partlayış etdik, onun ardı da var. İki günə yeni bir mahnı yayımlayacağıq, o da eyni yumorda. Orda da kəskin mesajlar olacaq, ancaq bu qədər açıq yox, daha üstü örtülüdür. İncəsənətdə hər şeyi gözəl və ya iyrənc formada təqdim etmək olar. Bu dəfə sözlər gözəl görünsə də, yenə bir çoxlarını iynələyəcək. Üstəlik bir yox iki mahnı olacaq bu ay.Yenə kişiləri hədəf alacaqsınız?– Yox. Birincisi bir qızın həyatı barədə olacaq. Sıfırdan başlamış bir qadının həyatında obrazdan-obraza girəcəyim bir mahnıdır. Şəhər yeni addımlamış və megapolisdə özünə yer tutmuş bir qızın hekayəsini danışacağam. İkinci mahnı isə daha melodik olacaq. Onun yumorunu tutmaq da qəlizdir. Sözləri Səməndər Rzayev yazır. O, xaricdə deyildiyi kimi əsl “sensey”dir ( ustad – red). Səməndər mahnıları yazanda bilir ki, mən o obrazı canlandıra biləcəyəm. Məndən ilham alır.Mənə təklif etdilər ki, “bəlkə bu mahnını ingilis dilinə tərcümə edib yenə oxuyasan”. Orijinalını oxudum, amma eyni sözləri ingilis dilinə tərcümə etməyin heç bir mənası yoxdur. Çünki xaricilərə bu məsələlər çatmayacaq, necə yəni oğlan qızla birlikdə olandan sonra bu haqda danışa bilir, əksinə o oğlanı tənqid edərlər. Lap danışsa da, hər kəsin yaşadığı şeylər olduğu üçün heç kimə maraqlı deyil. Qızla yataqda olduqdan sonra bunu danışmaq ancaq bizimkilərə xoşdur. Mənim ətrafımdakı hər kəs normal düşüncədə olsa da, əksəriyyət belə deyil. Amma o şərh yazmağa sərf edəcək vaxtı tapanlar, bəlkə, bundan sonra nəsə öyrənərlər. Heç olmasa loqoda yazılan “Comedoza” sözünü “Google”-da axtarış edib, onun nə olduğu ilə maraqlanarlar.Səməndər Rzayev sanki, sizin bir çox işinizi idarə edir. Həmçinin, özü bildirdi ki, o sizə elə bil böyük qardaşdır. Şəxsi həyatınıza necə qarışır?– Bundan öncə də bir çox layihədə birlikdə işləmişik. İnsanıq da, arada sözümüz düz gəlməyə bilər. Ancaq həmişə birlikdə addımladığım üçün fəxr eləmişəm. İnşallah, gələcəkdə zirvələrə çatanda da o, yenə yanımda olacaq. Məsləhət almaq istədiyim bir məqam varsa, mütləq ona üz tuturam. Yeni bir layihə və ya insan varsa, mən onunla məsləhətləşirəm. Şəxsi həyatımı da dəqiqliklə bilən biridir.Valideynləriniz bu mahnını oxumağınıza etiraz etmədi ki?– (Gülür). Mahnıya görə yox, ancaq gələn şərhlərə görə bir az problem oldu. Mənə dünyada anam qədər əziz heç kim yoxdur. O, məni həmişə dəstəkləyir. Bir müddət inciklik oldu, amma bilirdi ki, mən nə edirəmsə, öz sənətim üçün edirəm. Səsim var, görünüşdə qüsurum yoxdur, amma maddi baxımdan sıxıntım olanda nəsə fərqli bir şey etməlisən ki, cəlb edəsən. Biz heç kimi təkrarlamadıq, bu mahnı ilə gündəmə gəlib, sonra yoxa çıxmağa da fikrim yoxdur. Mahnı mənə yeni qapılar açdısa, daha yeni layihələr üzərində çalışacağam.Səhnədəki obrazla həyatdakı siz arasında da, musiqi fəaliyyətinizdə də bir təzad var. Bu elə cəsarətli bir mahnı ilə yanaşı, həm də “ASAN”-ın, dövlət qurumlarının tədbirlərində iştirak edirsiniz.– “ASAN Könüllüləri” təşkilatında gənclərə çox böyük dəstək olurlar. Rəhbər şəxslər bizimlə bir masaya əyləşəndə özlərini bizdən heç fərqləndirmirlər. Belə tədbirlərdə daha ciddi olmalısan, etiket qaydalarını gözləməlisən. Məni həyatda tanıyan insanlar bilir ki, hər bir getdiyim yerin çəkisini bilirəm. “Sus, kişi ol”-dakı obrazın mənim həyatımda yeri yoxdur.Yeri gəlmişkən, İtaliyadakı uğurunuza görə təbriklər. Orada olarkən içinizdən “məni bu qədər təhsilim, istedadım var, bəlkə, Azərbaycanı tərk edim, xaricdə uğur qazanım” – deyə, düşünmüsünüz?– Əminliklə deyə bilərəm ki, yox. Hər bir ölkənin, elə insan kimi problemləri, nöqsanları var. Buna görə qaçmaq lazım deyil. Bəlkə də mən başqa ölkədə anadan olsaydım, tamamilə ayrı insan olardım. Azərbaycanda dünyaya gəlmişəmsə, deməli axını buradan götürməliyəm. Xaricdə aldığım istənilən mükafatı, müsbət enerjini ölkəmə gətirmək istəyirəm. Bu sözlə tam razıyam ki, “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. İnsanın nə qədər uğurları, varı-dövləti olsa da, öz anadan olduğu yerdə xudmani bir yeri olmalıdır ki, sonda özü ilə tək qalıb dincələ bilsin. Dünyanı gəzsən belə, rahatlığı tanıyıb, bildiyin insanlar arasında tapırsan.Belə anladım ki, sosiallaşmağı deyil, tək qalmağı sevirsiniz.– Əhatəm heç də böyük deyil. Mənə yaxın olan insanlar var, ondan daha çoxunu istəmirəm. Tək qalmağı üstün tuturam. Ancaq tanımadığım insanların arasına düşəndə mənim üçün iki vur ikidir ki, onları ələ alım. Oğlanları ələ almaq isə lap asandır (gülür). İnsanları neqativ yükləyib özümdən uzaqlaşdırmadığımı düşünürəm. “Sus, kişi ol” mahnısındakı obrazıma görə, bilirəm ki, çoxları məni başqa cür təsəvvür edirdi. Restoranda çıxış etdiyim vaxtda həmin xanım olduğumu bilib yaxınlaşan kişilər olur ki, mənfi düşüncələrlə gəlirlər. Amma salamlaşmaq belə bəs edir ki, o insan bütün mənfi fikirlərini üzərindən atsın. Özümü çox şarmlı qadın hesab edirəm.Toya getməyə münasibətiniz necədir?– Hazırda “band” də (red – musiqi qrup) var. Toyda oxuyuruq da, aparırıq da. Mən tamam başqa toy biznesi etmək istəyirəm. Qurban olaram bizim milli mahnılara. Yeri gələndə ara mahnılarını da ifa edirik. Amma brend yaratmaq məsələsi var. Toya getməzdən əvvəl danışıram, oxuya biləcəklərimi deyirəm.Bu qədər fərqli obraza girirsiniz, bəlkə elə özünüzü aktrisa kimi sınayasınız?– Əvvəllər bir neçə dəfə aktrisa kimi səhnəyə çıxmışam. Amma indi də hansısa filmdə rol almaq istəyərəm, fərqi yoxdur dram ya komediya. Ən çox müziklda oynamaq istəyərdim. Bir də təxminən “Split” filmindəki kimi psixoloji olaraq bir neçə şəxsiyyətə bölünmüş bir gəlini. Necə bu gəlin toyda bir neçə fərqli şəxsiyyətə çevrilir bunu canlandırardım.Nə qədər vaxt sonra üçün “Comedoza”-dan uzaqlaşacağınızı düşünürsünüz?– Kiminsə sözünə, tənqidlərə görə yox, sadəcə daha çox yüksəlsəm, öz yerimi kiməsə verib “Comedoza”dan gedərəm. Sənətimdə hər şeyi planlaşdırmışam. 25 yaşıma qədər artıq lauriyat adını almaq istəyirəm. Bir çoxları dedilər ki, bu mahnı mənim sənətimə zərər vura bilər, amma indiki xalq artistlərimiz də necə bu mərtəbəyə çatdığını hamımız yaxşı bilirik. “Eurovision” səhnəsinə çıxmaq istəyirəm. Düşünürəm ki, bir neçə ildir, uğur qazana bilməsək də, iştiraka davam etməliyik. Yaxın zamanlarda isə “O ses Türkiyə”yə gedəcəm.BAKU.WS

Son xəbərlər