Qara Dərviş: ""Eurovision", "O ses Türkiyə"yə gedənləri alqışlamıram" (VİDEO)

Qara Dərviş: Eurovision, O ses Türkiyəyə gedənləri alqışlamıram (VİDEO)
Video
Şou-biznes 1981

 

Qara Dərviş kimi tanınan gənc ifaçı Hikmət Poladzadə BAKU.WS-in suallarını cavablandırıb. 

Hikmət Poladzadə 1990-cı ildə Bakıda anadan olub. Memarlıq və İnşaat Universitetini bitirib. Bakı Musiqi Akadameiyasında vokal, Türkiyədə isə Səs mühəndisliyi üzrə bakalavr təhsili alıb. Musiqi ilə uşaq yaşlarından məşğul olur. 

BAKU.WS Qara Dərvişlə müsahibəni təqdim edir. 

- Niyə məhz Qara Dərviş?

- Qara Dərviş adını mən qoymamışam. Dostlarım qoyub bu adı. Mən daha çox intibah dövrü ədəbiyyatı ilə danışan adamam. Yazılarımda, məişətdə deyil. Qəzəl yazıram, yazdığım mahnılar daha çox müasir Azərbaycan ədəbiyyatına xitab eləmir. Buna görə başladılar mənə Dərviş deməyə. Sonra fikirlərim insanlara bir az qaranlıq qaldığı üçün Qara dedilər. Beləliklə Qara Dərviş adı formalaşdı. İlk mahnımı təqdim edəndə bilmədim nə yazım qarşısına, Qara Dərviş yazdım və elə də qaldı. 

- Musiqi ilə məşğul olmaq üçün təhsil şərtdir, yoxsa bu sırf insanın daxili dünyası ilə bağlıdır?

- Musiqi ilə məşğul olmaq üçün birinci istedad lazımdır. Təhsil şərt deyil. Təhsil sadəcə olaraq yaratdığın musiqini bəlli çərçivələrdə belə deyim ədəb-ərkanını qorumaq üçündür. Çox musiqiçi tanıyıram ki, musiqi təhsili yoxdur, amma musiqi təhsili olan insanlardan daha gözəl əsərlər qoyublar ortaya. Yəni təhsil mütləq deyil. 

- Azərbaycan gəncliyinin musiqi zövqü sizi qane edir?

- Qətiyyən, qane etmir. Buna günahkar hər zaman deyirəm dincləyicilərlə yanaşı musiqiçilərdir. Bundan başqa cəmiyyət özü də günahkardır, o cəmiyyətin informasiya ehtiyacını ödəyən KİV-lər də günahkardır. Musiqiçilər pul qazanmaq üçün toya gedirlər. Mahnıları da toy üslubunda yazırlar ki, toy tuta bilsinlər. Dolayısıyla incəsənətin səviyyəsi düşmüş olur. İnsanlar da yaradıcılıqdan daha çox toy mahnılarına üstünlük verirlər. Bu da insanların musiqi zövqünü aşağı salır. 90-larla indini müqayisə etsək nə qədər fərq olduğunu görmüş olacaqsınız. Amma 90-larda elə mahnılar vardı o dövr üçün ara mahnısı hesab olunurdu. İndiki mahnılarla amma o mahnıları qarşı-qarşıya qoyanda görürsən ki, əksinə o mahnılar indikilərdən qat-qat səviyyəli imiş. Onlara əvvəl dırnaqarası baxmışıq, heç indi də dəyərləndirə bilmirik.

- Niyə gənclər daha çox Üzeyir, Mürsəl, Balabəy kimi ifaçılara qulaq asır, amma Qara Dərvişə yox?

- Burada bir çox aspektlər var. Bunlardan birincisi reklamdır. Mən reklamımla maraqlanmamışam, bu da təbii ki, mənim günahımdır. Qara Dərviş olaraq mən özümü heç vaxt təbliğ eləməmişəm. Yazmışam, təqdim etmişəm, kim görübsə qulaq asıb, görməyən də asa bilməyib. Bu da bilavasitə piarnan bağlıdır. Ancaq onlar piara çox üstünlük verirlər. İndi hara baxırsan onların şəkli, mahnılarıdır. Başqa tərəfi də odur ki, yenə deyirəm mən daha çox intibah dövrü ədəbiyyatına üstünlük verirəm. Azərbaycanda insanların böyük əksəriyyəti təhsillidir, amma savadlı deyil. Savadlı olmaq gedib hər hansısa universitetdə təhsil almaq deyil. Savadlı olmaq dünyagörüşlü olmaqdır. İnsanlar ədəbiyyatla çox maraqlanmırlar. Əgər ədəbiyyatdan anlayışları yoxdursa mənim yazdıqlarımı anlamayacaqlar. Ona görə insanlar məişətdə olan sözləri əks etdirən musiqiləri dinləyirlər. Onlar fəlsəfi məqamlara heç toxunmaq belə istəmirlər. Məişət mövzularını özlərinə daha yaxın hesab edirlər. Səbəb budur. 

- Qara Dərvişin mahnılarının fəlsəfəsi nədir?

- İnsanlıq. Bir mənalı olaraq insan mənəviyyatı, kimliyi, insanı insan edən dəyərlər. Qısaca deyim - ənəlhəqq. Əslində Tanrı insanın özüdür. Allahı başqa yerdə axtarmaq lazım deyil, Allah elə biz özümüzük. İnsanın özü bir Tanrıdır. Mənim bir frazam var, insanlar tənbəlləşdikcə Tanrılar doğuldu. Özləri məsuliyyəti boyunlarından atmaq üçün Tanrını yaratdılar. Yəni Tanrı insanı yaratmayıb, insan Tanrını yaradıb. Mənim yazdıqlarımın da məğzi bunu təşkil edir. İnsan daha ali varlıqdır, sadəcə bunu dərk etməlidir. 

- Bir neçə dəfə xalq və bəstəkar mahnılarını yeni aranjemanla oxumusunuz. Sənətkarlardan narazılıq edənlər olmadı ki?

- Təbii ki, bəzi neqativ fikirlər oldu. Bu da normaldır. Amma əksəriyyəti müsbət qarşıladı. Hətta böyük sənətkarımız Alim Qasımov dinlədikdən sonra mənimlə duet oxumağa razılıq verdi. Bundan başqa Əlixan Səmədov da "Çıx yaşıl düzə" mahnısında bizimlə birgə işlədi. Hazırda Azərbaycana yeni nəfəs gətirəcək işlərdəndir. Düşünürəm, belə işlər daha da çox olacaq. Bunları təkcə mən etməyəcəm, digər musiqiçilər edəcək. Buna çox inanıram və çox istəyirəm olsun. Çünki, bunu təkcə mən etsəm musiqi mədəniyyətinə elə də təsiri olmayacaq, yalnız bir nöqtədən təsiri olacaq. Bir neçə musiqçinin bu prosessi davam etdirməsi musiqi mədəniyyətinə də böyük təsir göstərər. 

- İnsanlarda musiqi zövqünü formalaşdırmaq üçün musiqiçilərin üzərinə düşən vəzifələr nələrdir? 

- İnsanların musiqi zövqünün formalaşmasında sənətçinin üzərinə düşən başlıca vəzifə pulu düşünməməsidir. Daha sonra hansı məqsədlə gəldiyini düşünsün və yaxud özü üçün müəyyənləşdirsin. Məsələyə maddi tərəfdən yox, yaradıcılıq tərəfdən yanaşsın. Həmçinin toy biznesi ilə məşğul olarkən nələri itirir, onu gözünün önünə qoysun. Bunları doğurdan da eləsə musiqiçi, məncə yetəri qədər inkişaf olacaq. Əslində Azərbaycan musiqisi elə də zəif deyil. Hal-hazırda yaxşıdır. Musiqi mədəniyyəti olaraq güclüdür, musiqi bazarı zəifdir.  Dünyada elə bir sistem yaranıb ki, istənilən ölkədə musiqi mədəniyyətini bazar tənzimləyir. Azərbaycanda isə bu sahə çox zəifdir. Niyə Azərbaycanda hansısa prodakşın gedib xaricdən müğənni gətirib konsert təşkil edir, ona qonorar verir, amma öz sənətçisinə bunu etmir. Müğənni də dolanmaq üçün toy bazarına üz tutur. Bayaq da dediyim kimi Üzeyirin belə çox mahnılarının sevilməsi, konsertlərinin olması məişət mövzusunda, asan dildə yazmasıdır. Dinləyici onun mahnılarını dinləyəndə düşünmür, çünki onsuz mövzu ona tanışdır. Bizim əksər sənətçilərimiz insanları düşündürməyə səy göstərmir. Onlar üçün əsas odur ki, elə bir mahnı ifa edim ki, getdiyim toyda da onu oxuya bilim. Əslində buna görə də prodakşınlar onlarla çalışmır. Deyirlər, bu toy müğənnisidir, bununla necə kütləni yığa biləcəm? Bütün bunlar da birbaşa incəsənətin inkişafına təsir göstərir.

- Qara Dərviş dinləyicilərini düşündürə bilir?

- Qara Dərviş, bəli, dinləyicilərini düşündürə bilir. Dinləyənləri təbii ki. 

- Bir kişi hansı halda qadına "Şəhvətə gətirmir daha gözlərin, qocalmısan gözəlim" deyə bilər? Bu nifrətdən irəli gəlir, ya başqa bir səbəbdən? 

- Belə deyim. Bir var kiməsə nifrət edəsən, bir var kimisə sevəsən, bir də var ona qarşı heç nə hiss etməyəsən. Amma heç vaxt heç nə hiss eləmirəm deyə bilmirsən. Hətta heç nə hiss etmirəm deyəndə də nəsə hiss edirsən. İnsanlar nə qədər danışırsa bir o qədər gizlətdiklərini gizlədir. Danışdıqları ilə gizlətdiklərinə maska taxır.

- Yəni deyirsiniz bu dediyiniz cümlə maska rolunu oynayır?

- Mən təzadları çox sevirəm, həddindən artıq deyərdim. Özüm-özümü çox inkar eliyə bilərəm saatlarla, inkarlarımı da inkar eliyərəm. (gülür)

- Sizcə bir qadına o sözü demək qəddarlıq deyil? 

- Mən bu fikirləri asan dildə, bir kəlmə ilə başa sala bilsəydim, oturub kitab yazardım. Mənə bunu musiqi ilə çatdırmaq daha rahatdır deyə musiqi ilə çatdırıram. Düşünmürəm ki, mən bunu oturub saatlarla danışıb açıqlaya bilərəm. Nə dediyimi tam başa düşmək üçün, mənim birinci yazdığım mahnıdan axırıncı mahnıma kimi qulaq asmaq lazımdır. Bir də onu qeyd edim ki, yaradıcılıqla məşğul olan insanların digərlərindən fərqi ondandır ki, onlar yazdıqları, ifa etdikləri şeirlərdə, mahnılarda olmadıqları şəxslər ola bilərlər. Onlar xəyali olaraq müxtəlif obrazlara girə bilərlər. Yəni onlar yaşadıqlarını yazmırlar. 

- Yəni Qara Dərviş yaşamadıqlarını yazır?

- Yaşadıqlarımla yaşamadıqlarımın qarışığını yazıram. Bəlkə də yaşayacaqlarımı...

- Dediniz ki, qəzəllər yazırsınız. Kitab çıxarmaq fikriniz var?

- Kitab çıxarmaq hələ çox tezdir mənim üçün. İndi hamı kitab çıxardır. Kitab yazmaq isə elə də asan iş deyil, çox çətin və məsuliyyətlidir. Bir ara hamı müğənni idi, rejissor idi, indi də hamı yazıçı olmaq iddiasına düşüb. Ona görə düşünmürəm hələ ki. Bəlkə nə vaxtsa oldu, amma yaxın zamanda deyil. 

- Qara Dərviş kimləri dinləyir?

- Belə deyim, musiqidə özümə sərhəd qoymuram. Meyxana da dinləyirəm, xalq mahnılarını da, estrada da, cazz da, rok da. Fərqi yoxdur. Özümə heç vaxt baryer qoymamışam, bu musiqini dinləməliyəm, bunu dinləməməliyəm. Çünki, dinlədiyim müxtəlif janrların arasında fərqli gözəlliklər görmüşəm, hələ də görməyə davam edirəm. Bu mənim yaradıcılığıma da təsir edir. Diqqətlə qulaq assanız, görərsiniz ki, mənim heç bir mahnım eyni janrda deyil. İncəsənət azaddır, nə qədər sərhədləşdirsən, o qədər küsəcək. 

- Bir neçə həmyerlimiz xaricdə musiqi yarışmalarına qatıldıqdan sonra daha da məşhurlaşdılar. Burada olanda onlara demək olar ki, diqqət göstərilmirdi. Ora getdikdən sonra isə fikirlər müsbətə doğru tamam dəyişdi. Qara Dərvişin də getmək fikri yoxdur ki?

- Biz millət olaraq şöhrətpərəst millətik. Bizdən kimsə harasa çıxsın, ölkə xaricində olanda başlayırıq tərif etməyə, amma ölkə daxilində ona dəyər vermirik. Qaldı ki, mən o şəxslərin ora getməyini alqışlamıram. Özüm də heç vaxt getmərəm. Mənə "Eurovision", nə bilim "O ses Türkiye" kimi yarışmaların damğaları lazım deyil. Mənə Qara Dərviş bəs edir. Yəni Qara Dərviş deyəndə istəmərəm hər hansısa damğa olsun üstümdə. Qara Dərvişi elə belə də tanısınlar.  

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Bakıda açıq satışda oğru maskaları var (FOTO)

Bakıda açıq satışda oğru maskaları var (FOTO)

Bakının "8-ci kilometr bazarı”nda oğru maskaları satılır. BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, bazarın girişində papaq satılan mağazalarda satışa...

2525 Hadisə 19:02 04 mart 2016

Son xəbərlər