Azərbaycanda ilk: Tenderyard.com - Yeni internet platforma-marketplace istifadəyə verildi

Müsahibimiz: "TENDERYARD" MMC-nin təsisçisi, Amerikanın Miçiqan Ann Arbor Universitetinin məzunu, Californiya Los Angeles Universitetinin magistrantı Nicat Əliyevdir.

– Nicat bəy, təşəkkür edirik ki, vaxt ayırdınız. İlk olaraq, oxucularımıza son zamanlar sosial şəbəkələrdə aktiv təqdimatı gedən TENDERYARD platformasının yaradılması ideyası və məqsədi haqqında danışmağınızı istərdik.
İlk öncə bildirmək istərdim ki, Tenderyard.com platforması yaradılmamışdan öncə dünyada mövcud olan analoji alış-satış platformalarının güclü və zəif tərəfləri təhlil edilərək (SWOT təhlil), alış və satış bazasını özündə birləşdirən bir marketplace olaraq yaradılmışdır. Hazırda dünyada mövcud olan demək olar ki bütün analoji platformaların ideya məğzində satış bazasının formalaşdırılaraq təqdim olunması dayanır. Bu cür satış bazası bir çox hallarda öz alıcılarını tapmayan mal, məhsul və xidmətlərlə dolu olur. TENDERYARD ideyasının yaranması və reallaşdırılması isə, alış istəkləri bazasının formalaşdırılaraq təqdim olunması məqsədlərinə xidmət etmişdir. Klassik iqtisadi nəzəriyyəyə görə də, məhz tələb təklifi formalaşdırır. Bəli, biz anlayırıq ki, sonda bizim platforma da həm alış, həm də satış bazasını özündə cəmləşdirəcək. Amma ideyamızın ilkin fəlsəfəsində məhz alıcıları bir platformada cəmləşdirmək istəyi dayanmışdır. Həmçinin, hazırki bazarda insanlarımızın bütün, hər cür alış ehtiyaclarını qarşılayan vahid, universal platformanın olmaması, insanlarımızın həmin məqsədlə bazarda mövcud olan müxtəlif platformaların axtarış sistemlərində günlərlə vaxt itirərək gəzişmələrinə səbəb olurdu. Bu baxımından, Tenderyard, özündə insanlarımızın sadəcə satış deyil, mal-material, daşınar və daşınmaz əmlak, xidmət, logistika, tikinti, hətta iş axtarışı kimi ən müxtəlif alış ehtiyaclarını da eyni məkanda, vasitəçisiz və sürətli şəkildə qarşılayacaq bir sistemə olan tələbatından doğdu. Komandamızın iki illik gərgin zəhməti hesabına başa gəlmiş çoxfunksional bir platformanı nəhayət ki insanlarımızın istifadəsinə təqdim etmək istəyirik. Platformamız, həm fiziki, həm də hüquqi şəxslər üçün universal bir bazar rolunu oynayır. Burada istənilən daşınar və daşınmaz əmlak, mal və məhsulların, xidmətlərin, o cümlədən, iş elanlarının "alış sorğusu" və "satış təklifi" formatında təqdim olunması imkanı mövcuddur.
– Digər mövcud onlayn platformalardan fərqli olaraq, TENDERYARD hansı yenilikləri təqdim edir?
Yuxarıda qeyd etdiyim kimi, platformamız aparılmış təhlillərin nəticəsi olaraq bir çox fərqlərə və üstünlüklərə malikdir. Birincisi, bildiyimiz kimi, hər birimiz gündəlik olaraq həm alıcı, həm də satıcı qismində çıxış edirik. İlk olaraq əsas fərqlərimizdən biri, yalnız satışa yönəlmiş deyil, eyni zamanda alış istəklərinin də sistemə daxil ediləbilmə imkanlarının mövcudluğudur. Bununla da, iki məlumat bazalı bir platforma qurmuş olduğumuzu vurğulamaq istərdim.
Digər fəqləndirici xüsusiyyətimiz, insanlarımızın öz istəklərinə uyğun daşınar və daşınmaz əmlakın, hər hansı bir malın, məhsulun, xidmətin, işin tapılması üçün ən müxtəlif platformaların axtarış sistemlərində günlərlə sərf etdikləri vaxt itgisinin qarşısının alınmasıdır. Platformaya tətbiq edilmiş ağıllı bildiriş sistemi sayəsində İstifadəçilər platformada alış sorğusu və ya satış təklifi yerləşdirdikdə, sistem avtomatik olaraq bu məlumatı təhlil edir və uyğun tərəflərə, yəni satıcı və alıcıya bazada onların istəklərini qarşılayacaq alıcı və ya satıcının olduğuna dair bildiriş göndərir. Məsələn, siz hər hansı bir xidmət axtarırsınızsa və bu xidmət artıq bazada varsa, sistem sizə mobil tətbiq və web profiliniz üzərindən real vaxt rejimində bildiriş göndərir. İstəklərinizi qarşılayacaq təkliflər hələ bazada yoxdursa, əlavə axtarışlara lüzum yoxdur, bu cür təkliflər bir müddət sonra belə bazaya düşdüyü anda, yenə də bildiriş alacaqsınız. Bununla da müxtəlif platformalarda axtarış üçün sərf edilən vaxt itgisinin qarşısı alınmış olur. Eynilə, bu funksiyanın mövcudluğu, insanlarımızın digər analoji elan saytlarında yerləşdirdikləri elanların "irəli" çəkilməsi, "VİP" edilməsi kimi xidmətlərinə görə ödədikləri lüzumsuz xərclərdən də azad etmiş olacaqdır. Belə ki, platformamızda yerləşdirilmiş elanlara görə alıcı və ya satıcının mövcudluğuna dair dərhal bildirişin alınması funksiyamız, elanın "irəli" çəkilməsini və ya "VİP" edilməsini əhəmiyyətsiz edir.
– Tətbiq və platforma üzərində başqa hansı texnoloji imkanlar var?
Platformaya süni intellekt və data təhlilə əsaslanan imkanların inteqrasiyası istifadəçilər üçün ən uyğun, ən yaxın və ən sərfəli təkliflərin avtomatik olaraq müəyyənləşdirilməsinə imkan verir. Təkcə mətnlə deyil, hətta yalnız foto yükləməklə belə yaradılmış sorğu və ya təklif üzrə uyğun mal və məhsulun tapılması mümkündür. Əlavə olaraq, platformada telefon nömrəsi paylaşmadan belə istəklərinizi qarşılayan şəxslə yazılı və səsli mesaj, hətta görüntülü zənglərlə əlaqə qurmaq mümkündür.
- Yeri gəmişkən, platformanın digər mal-material kimi, daşınar və daşınmaz əmlakın da alışı və satışına, kirayəsinə imkan verdiyini qeyd edirsiniz. Bu sahədə digər platformalardan fərqləndirici hansı xüsusiyyətlər vardır?
Platformamızda daşınar və daşınmaz əmlakın satışını, alışını və ya kirayəsini həyata keçirənlər üçün ən vacib fərqləndirici xüsusiyyətlər aşağıdakılardır: Əvvəla, yenə də insanlarımızın günlərlə axtarışlara sərf etdikləri vaxtın qarşısı alınmış olur. Deyək ki, Bakı şəhərində hər hansı konkret binada mənzil almaq, satmaq və ya kirayələmək istəyirik. Bu zaman, alış sorğusu yaradarkən, həmin binanın lokasiyasını və ünvanını, həmçinin binanın zahiri görünüşünün şəklini qeyd etməklə (mənzillərin foto şəkilləri də əlavə edilməklə) sorğu və ya təklif yaradırıq. Bu zaman platformaya inteqrasiya edilmiş ağıllı sistem vasitəsilə məhz göstərilən binada mənzil almaq və ya satmaq, kirayəyə vermək və ya kirayəyə götürmək istəyən bir şəxsin olduğuna dair hər iki tərəfə dərhal bildiriş gəlmiş olur. Həmin bildiriş əsasında bu daşınmaz əmlakın görüntü və qiymət parametrlərinə dair məlumat əldə edilir, lazım gələrsə, tətbiq vasitəsilə mesajlaşılır, hətta əmlaka görüntülü zənglə ilkin baxış həyata keçirilmiş olur. Yeri gəlmişkən, bu cür funksionallıq insanlarımızı əmlak alışı, satışı, kirayəsi zamanı sərf etdikləri bir çox xərclərdən də azad etmiş olur.
– İş dünyası və iş axtaranlar üçün imkanlar nədən ibarətdir? Bu bölmə
necə işləyir?
Tamamilə eyni prinsiplə. Amma burada da sırf sahibkarlar, pərakəndə və topdansatış müəssisələri üçün də digər platformalardan fərqli funksionallıq düşünülmüşdür. Digər platformalarda satış məqsədilə mal, məhsul və xidmətlər sistemə bir-bir daxil edilə bilirdisə, Tenderyard platformasında bütün mal, məhsul və xidmətlər sahibkarların uçot sistemində mövcud olan bütün mallar üzrə birdəfəlik, bir cədvəl olaraq, excel formatında yerləşdirilərək, satış təklifi yaratmağa imkanı verir. Bir cədvəl üzrə yerləşdirilmiş mallara uyğun şəkillər isə, süni intellekt və digər tətbiq edilmiş ağıllı sistemlər vasitəsilə avtomatik olaraq, sistemə yüklənmiş ollur. Sahibkarlar isə, sadəcə, daxil edilmiş mal adlarının sistem tərəfindən yüklənmiş fotolara uyğunluğunu yoxlayaraq təsdiq etməklə, satış təkliflərini yaratmış olurlar. Həmçinin sahibkarlar öz satdıqları mallara qoyduqları qiymətlərin də nə qədər rəqabətqabilliyyətli olduğunu platformamızdan istifadə etməklə müəyyən edə bilərlər.
Eynilə, hər bir satıcı sahibkar həm də satdığı malların alıcısı olduğu üçün, eyni mal, məhsul üzrə alış sorğusu da yarada bilərlər. Bu cür alış sorğusu, sahibkarlıara mal alışları ən ucuz, ən sürətli və ən optimal təklifin müəyyən edilməsinə kömək edəcəkdir. Əsində bu cür funksionallıq sahibkarlar üçün tender elanları yerləşdirmək kimi də qəbul oluna bilər. Göründüyü kimi, plarformamızın adı da, hər kəsin daha ucuz və sərfəli alışını özündə ehtiva edən "tender" ifadəsilə əlaqələndirilmişdir.
İş təklif edənlər və iş axtaranlara gəldikdə isə, müxtəlif bacarıqlara uyğun sorğu və ya təklif yerləşdirilə bilər. Sistem isə, uyğun tərəfləri bir-birinə real vaxtda yaxınlaşdırmaqla, həm iş tapmaq, həm də vakansiyaları daha tez doldurmaq üçün çevik bir həll yolu vermiş olur.
– Platformanın gələcək planları nələrdir?
Xüsusi olaraq qeyd etmək istərdim ki, TENDERYARD komandası dünyada innovativ biliklər sahəsindəki yenilikləri daim izləyərək, bu yeniliklərin operativ tətbiqi istiqamətində addımlar atmaqdadır. Gələcəkdə Tendeyard platformasını biznes üçün sosial şəbəkəyə çevirmək planımız var. Hazırda bu istiqamətdə çalışmalarımız davam edir. Belə çalışmalarımızdan biri də istifadəçilər üçün sürətli həllər təqdim edən, süni intellekt əsaslı, platforma ilə söhbətləşə, suallara avtomotik cavab almağa imkan verən chat-botun yaradılmasıdır. Düşünürük ki, belə bir chat-bot gələcəkdə alış sorğusu və satış təkliflərinin səslə yaradılmasına, satış üzrə reklamların bütün platforma istifadəçilərinə avtomatik çatdırılmasına imkan verəcəkdir. Eyni zamanda, daha çox süni intellekt əsaslı analitika sistemlərinin tətbiqi üzərində də işləyirik. İddialıyıq ki, insanlarımız, yaxın gələcəkdə digər internet əsaslı mesajlaşma-zəngləşmə sistemlərindən deyil, məhz komandamızın intellekti və təcrübəsi sayəsində yaradılaraq platformamıza tətbiq etdiyimiz mesajlaşma-zəngləşmə sistemindən daha çox yararlanacaqlar.
– Sonda oxucularımıza nə demək istərdiniz?
Biz, dünyada baş verən sürətli dəyişikliklərdən geri qalmayanların, hər zaman öndə olacaqlarına inanırıq. Odur ki, bütün insanlarımızı, istər fiziki, istərsə də hüquqi şəxsləri, rəqəmsal dünyada rəqabət üstünlüyü əldə etmək istəyən hər kəsi yenicə istifadəyə verdiyimiz, sizə, vaxtınıza və pulunuza qənaət etdirən Tenderyard.com platformasından gündəlik olaraq faydalanmağa və müvafiq tətbiqdən istifadəyə çağırırıq.
Oxşar xəbərlər
Koç Universitetinin rektoru AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Koç Universitetinin rəhbərliyi ilə görüş keçiri...
