Ukrayna Prezidentinin xüsusi nümayəndəsi: "Rusiya hərbi-siyasi rəhbərliyi atəşkəs qərarında səmimi deyil"
"Atəşin dayandırılması haqqında qərar verən Rusiyanın hərbi-siyasi rəhbərliyinin səmimiliyi barədə danışmaq mümkün deyil".
BAKU.WS xəbər verir ki, bunu "report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Feyodor Venislavski Rusiya Prezidenti Vladimir Putinin birtərəfli ikigünlük atəşkəs qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, söhbət ukraynalıların və rusiyalıların qeyd etdiyi dini bayramdan gedən zaman, Rusiyanın bu qərarı ilə bağlı “ikiüzlülük” sözündən istifadə etmək lazımdır: "Yəni onlar aldatmağa, görmək istədiklərini həqiqət kimi təqdim etməyə çalışırlar, çünki hər hansısa hədəflərinə çatmaq niyyətindədirlər. Məsələn, yaxşı anlayırıq ki, Rusiyanın operativ fasiləyə ehtiyacı var. Yəni onlar “nəfəslərini dərmək”, gələcəkdə Ukrayna torpaqlarında hücum əməliyyatlarını davam etdirmək məqsədilə silahlı qüvvələrini müəyyən mənada yenidən formalaşdırmaq istəyirlər. Onlar Ukrayna ərazisindən çıxmaq istəyirlərmi? Əlbəttə, yox!"
Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı da daxil olmaqla, Putinin səsləndirdiyi bəyanatlar Rusiyanın sülh danışıqlarına yeni ərazi reallıqları ilə başlamağa hazır olduğunu göstərir: "Yeni ərazi reallıqları dedikdə o nəzərdə tutulur ki, Ukrayna müvəqqəti işğal altında olan ərazilərindən imtina etməlidir. Bu tələblər Ukrayna dövləti, xalqı üçün qəbuledilməzdir. Buna görə də Rusiya tərəfindən atəşkəsin uzun müddət ərzində riayət ediləcəyi barədə danışmağa heç bir əsas yoxdur. Üstəlik, bu gün və ya sabah Rusiyanın Ukrayna Silahlı Qüvvələrinə, hökumətinə qarşı ittihamlar irəli sürmək məqsədilə təxribat xarakterli addımlar atacağını istisna etmirəm. Bununla bu ölkə deyəcək ki, Ukrayna atəşin dayandırılmasına razılaşmadı. Nəticədə Rusiya, ilk növbədə, ölkə vətəndaşlarını Ukraynaya qarşı müharibəyə motivasiya etməyə və onları növbəti səfərbərlik dalğalarına mənəvi baxımdan hazırlaşdırmağa çalışacaq. Başa düşürük ki, hazırda Rusiyada müharibəyə qarşı müəyyən etirazlar mövcuddur. Rusiya vətəndaşları müharibəyə getməyə və orada ölməyə hazır deyillər. Buna görə də Rusiya rəhbərliyinin vətənpərvərlik ruhunun artırılmasına ehtiyacı var. Bu ölkənin istifadə etdiyi əsas üsullardan biri digər tərəfi günahlandırmaq üçün təxribatların törədilməsi və bununla Rusiyada vətənpərvərlik hisslərinin stimullaşdırılmasıdır. Beləliklə, atəşin dayandırılması ilə bağlı heç bir qərara inanmıram. Ukrayna Prezidenti Volodimir Zelenski yeganə şərti irəli dürüb: işğalçı qoşunların Ukrayna ərazilərindən çıxarılması. Yalnız bundan sonra gələcək sülh müqaviləsinin şərtlərini müzakirə etmək olar".
"Hazırda kəşfiyyat məlumatlarımıza əsasən, Rusiyanın Belarus istiqamətində genişmiqyaslı hücumu üçün kifayət qədər hərbi kontingenti yoxdur. Qısamüddətli perspektivdə bunun baş verməsi ehtimalı azdır. Vəziyyət nəzarətimiz altındadır. Bundan əlavə, Ukrayna Rusiya ilə sərhəd boyu ərazilərdə yarana biləcək bütün təhdidlərin qarşısını almaq üçün kifayət qədər hərbi qüvvələrə malikdir. Hərbi əməliyyatların intensivləşməsinə gəlincə, şübhəsiz, Putin Ukraynanı dövlət kimi, ukraynalıları xalq kimi məhv etmək hədəflərindən imtina etməyib. O, yeni səfərbərliklər elan etmək vasitəsilə maksimum səylər göstərəcək. Əminəm ki, Rusiyada qısamüddətli perspektivdə ümumi səfərbərlik elan ediləcək, çünki ölən, yaralanan rusiyalı hərbçilərin sayı həddindən artıq çoxdur. Bu həm Rusiya rəhbərliyi, həm də xalqı üçün qəbuledilməzdir. Odur ki, bu ölkənin rəhbərliyi yeni ehtiyat qüvvələr cəlb etməli olacaq. Bunun üçün isə yeni səfərbərlik elan edilməlidir. Bir sözlə, Putin Ukraynaya müxtəlif istiqamətlərdən hücum etməyə çalışacaq. Lakin hazırda ötən ilin fevralın 24-dəki vəziyyət yoxdur. Çünki Silahlı Qüvvələrimiz bütün istiqamətlərdə cavab verməyə hazırdır. Əminəm ki, Putin ötən ilin əvvəllində qarşısına qoyduğu məqsədlərə heç bir şəraitdə çatmayacaq", - F.Venislavski vurğulayıb.
Oxşar xəbərlər
İtalyan deputatlar Azərbaycana dəstək veriblər
Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azə...