Ukraynanın könüllü hərəkatının rəhbəri rastlaşdığı dəhşətlərdən DANIŞDI - FOTO
Ukraynanın “Volontyor” könüllü hərəkatının rəhbəri Roman Soviçin “Report”a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Rusiyanın artıq 4 aya yaxındır ki, Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə zamanı könüllülük hərəkatı xüsusi vüsət alıb. Daha çox hansı yardım fəaliyyəti ilə məşğul olursunuz?
- Mən və komandam müharibənin ilk günündən - fevralın 24-dən aktiv fəaliyyətlə məşğuluq. Biz Belarus tərəfdən hücumların həyata keçirildiyi ərazidə fəaliyyət göstərirdik. Nəzərə alsaq ki, mənim bilavasitə Mejqorye milli parkına aidiyyətim var, Mejqoryenin ictimai təşkilatına daxiləm. Rusiyanın Ujqorod QES, Kiyev su anbarının yerləşdiyi ərazidən desant çıxaracağı gözlənilirdi. Fevralın 24-dən 25-nə keçən gecə mən postların təminatı ilə məşğul idim. Məqsəd Milli Qvardiyamızın Rusiya desant helikopterlərinin yerdəyişməsini izləyə bilməsini təmin etmək idi. Şükürlər olsun ki, birgə səylərimiz nəticəsində onların qarşısını almaq mümkün oldu.
- Könüllülük fəaliyyətiniz zamanı başınıza gələn hadisələri bölüşə bilərsiniz? Hansı unudulmaz hadisələri xatırlayırsınız? Yəni, məsələn, siz orada olmasaydınız, həmin ərazidə yaşayanlar üçün faciə olardımı?
- Bəli, əlbəttə! Bir hadisə çox yaxşı yadımda qalıb. İnsanlarımız işğal altındakı ərazilərdə olarkən mənim telefonum gecə-gündüz susmurdu. Elə olurdu ki, insanlar şəhəri tərk edərək daha təhlükəsiz yerə getdiklərini düşündükləri zaman düşmənin işğal etdiyi ərazilərə keçmiş olurdular. Belə insanları təxliyə etmək problem yaradırdı. Çünki rus hərbçilər saqqalı olan hər kəsə atəş aça bilərdilər. Məsələn, Buçadan olan bir yoldaşım 2014-cü ildə döyüşlərdə iştirak edib. O, möcüzə nəticəsində sağ qalıb. Düşmən onu güllələməyə, qızını zorlamağa apararkən möcüzə nəticəsində xilas olub. Anası rus zabitinə yaxınlaşaraq, düzgün sözlər işlədərək oğlunu ölümdən xilas edib.
Müharibənin ilk həftəsində telefonum susmurdu, hamı kömək, xilas umurdu. Nömrəmi tapır və xilas edilmələrini xahiş edirdilər. Dəfələrlə dolayı yollarla İrpen şəhərindən insanları çıxarmışam. Əlbəttə, vəziyyət ekstremal idi. Çünki apardığım insanlara görə məsuliyyət daşıyırdım. Əslində, bu çox dəhşətli bir şeydir. Biz çətinliyə tab gətirdik və hazırda da tab gətirməkdə davam edirik. Mən özüm də 2014-cü ildə müharibədə hərbçi kimi iştirak edib, Vətənimi qorumuşam. O vaxtadək ağlıma belə gəlməzdi ki, Ukraynada ukraynalı olduğuna görə səni güllələyə bilərlər. Ukraynalı olduğuna görə oğlan uşaqları təhqir edilir, qızlar zorlanırdı. Detalları lap açıq şəkildə demək istəmirəm, bizim uşaqlar nələrdən keçiblər. Əlbəttə, təxliyə etdiyimiz insanlar kəskin stress içində idi. Onları hətta burada, zalda yerləşdirəndə belə onlar zirzəmiyə düşməyə qorxurdular. Enerji baxımından çox çətin idi. Onlar burada qala bilmirdilər. İnsanlar buradan istənilən yolla xilas olmaq istəyirdilər. Yadımdadır, hər gün Lvovdan buraya avtobuslar gəlirdi. Əvvəlcə hər gün 2 avtobus gəlirdi, sonradan bu say 3-4 oldu. Burada insanları avtobuslara yerləşdirib Lvova göndərirdik. Oradan həmin insanların bir qismi ölkəni tərk edirdilər. Yaxşı yadımdadır, mən təxliyə məsələsində çox diqqətliyəm, yalnız qadınlar, uşaqlar və qocalar təxliyə edilməlidir, amma şahidi olurdum ki, qadınlar az qala kişilərin avtobusdan çıxarılmamasını xahiş edirdilər. Bir sözlə, avtobusa minən hər kəsi təxliyə edirdik.
- Sizin dəstə Kiyevdən başqa hansı ərazilərdə insanlara yardım edirdi?
- Kiyevdən başqa Çerniqov istiqamətində də fəaliyyətim olub. Əlbəttə, Çerniqovda vəziyyət çox çətin idi. Oradan insanları çıxarmaq və sağ qalmaq çox çətin idi. İlk dəfə idi ki, insanlara görə məsuliyyət daşımaq belə çətin idi. Əvvəlcə günlərlə plan hazırlamalı olursan və onu da bilirsən ki, su ilə təxliyə edə bilməzsən. Çünki qayıqlar atəşə tutulur, körpülər partladılır. Yalnız bir yol qalırdı, o da müxtəlif ərazilərlə hərəkət etmək idi. Əlbəttə ki, maşınlarımız yükə tab gətirmirdi. Heç vaxt düşünməzdim ki, belə bir ekstremal şəraitdə hərəkət edərik. Təsəvvür edin ki, çöllük ərazilərlə 100 kilometr yol gedirsən, ətrafda da raket mərmiləri partlayır. Nə hisslər keçirdiyimizi sözlə ifadə etmək mümkün deyil. İnsanlar zəng vuraraq, xilas olunmalarını xahiş edirdilər. Mümkün plan və mümkün olmayan bütün vasitələrlə, çətinliklərlə yol xəritələri tərtib edir, bəzən təhlükəsizliyimizi təmin etsinlər deyə, hərbçilərlə birgə işləyirdik. Çünki belə bir işi təkbaşına görmək mümkün deyildi. Burada komanda işi lazımdır. Şükürlər olsun ki, bunu edə bildik.
- Dünyada indiyədək baş vermiş humanitar fəlakətlərlə müqayisədə Ukraynadakı hazırkı durumu necə qiymətləndirirsiniz?
- Mən görürəm ki, bu müharibə Ukraynanın ərazi bütövlüyünün məhvinə yönəlib. Məqsəd bir millət kimi ukraynalıları məhv etməkdir. Burada ağlasığmaz faciə, vəhşiliklər törədilir. Heç kim, heç bir cəmiyyət düşünməzdi ki, Ukraynanın başına belə bir hadisə gələ bilər. Rusiya öz böyüklüyünü göstərmək, söz azadlığını tamamilə məhv etmək istəyir.
- Müharibədən əvvəl belə iddialar vardı ki, Ukrayna ordusu o qədər güclü deyil, hökumət bununla bağlı lazımi addımlar atmır. Lakin 4 aydan artıqdır davam edən müharibə bunun əksini göstərdi. Siz Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Onu deyə bilərəm ki, əsgərlərimiz əsl qəhrəmandırlar. Son 8 ildə Ukrayna Silahlı Qüvvələrinin gücü azı 10 dəfə artıb. Bizə sadəcə silah-sursat lazımdır. Ordumuzda ruh yüksəkliyi var. Vətənpərvərlik çox yüksəkdir. Hətta qeyri-millətlərin nümayəndələri də məsələni tam şəkildə başa düşür və öz köməklərini əsirgəmirlər. Onlar könüllülük edir və hətta döyüşürlər də. Bizdə əcnəbilər də döyüşür, onların arasında müsəlmanlar da var. Həmçinin qeyd etmək istərdim ki, ərazilərin müdafiəsi üzrə bölmələrimiz hamıya göstərir ki, tikinti ustası, hüquqşünas, idmançı öz ölkəsinin müdafiəsinə qalxa bilər. Onlar dünyaya göstərdilər ki, hüquqşünas, fəhlə öz ölkəsinin müdafiəsinə qalxıb. Bir sözlə, bu ölkədə doğulduğuma, boya-başa çatdığıma, bu millətin nümayəndəsi olduğuma görə fəxr edirəm.
- Hansı ölkələr Ukraynaya daha çox humanitar yardım göstərir?
- Böyük Britaniya, ABŞ, Latviya, Estoniya, Türkiyə, Azərbaycan bizə çox kömək edir. Problemi çox olan ölkələr də bizə kömək etməyə çalışırlar. Bundan başqa, xarici ölkələrdə yaşayan dostlarımız da bizə kömək edirlər. Məsələn, dostumuz Rövşən Tağıyev ölkəmizə yardım göndərilməsində çox böyük işlər görür. Bizə tibbi yardım ləvazimatı göndərirlər. Yaxşı yadımdadır, 2014-cü ildə ölkənin şərqində ağır yaralanmış əsgərlərimizin reabilitasiyaya ehtiyacı vardı. Hazırda da ölkə ərazisində Reabilitasiya Mərkəzinin yaradılması ilə bağlı danışıqlar aparılır. Mərkəz lazımi avadanlıqlarla təmin ediləcək. Mütəxəssis sarıdan problemimiz yoxdur. Yəni yaralanmış hərbçilərimiz gələcəkdə öz ölkəmizdə reabilitasiya keçəcəklər. Burada onların həyat yoldaşları, uşaqları da var. Mən özüm də əsgərəm və bunun nə dərəcədə əhəmiyyətli olduğunu bilirəm.
Qalereya
Oxşar xəbərlər
Rusiya Ukraynanın 20%-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib
Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20%-ni təşkil edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesablamanı “Forbes” nəşri aparıb. Nəşrin məlu...