Türkiyə Prezidenti: "Səsvermə prosesi problemsiz davam edir"
"Məndə olan məlumata görə səsvermə prosesi problemsiz davam edir".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ən vacib məsələlərdən biri də zəlzələ baş vermiş bölgələrdə səsvermə prosesinin problemsiz keçirilməsidir: "Vətəndaşlarımızın səs verməsi Türkiyə demokratiyası üçün çox mühümdür".
R.T.Ərdoğan söyləyib ki, seçkilərin nəticəsini İstanbuldan izləyəcək.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
Oxşar xəbərlər
Ərdoğan, Kılıçdaroğlu və digər namizədlər səs veriblər - YENİLƏNİB - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib. BAKU.WS xəbər verir ki, bu barədə “Anadolu” m...