Saleh Səmədova hökm oxundu

Saleh Səmədova hökm oxundu
Siyasət 65

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun baxış iclasında hökm oxunaraq Saleh Səmədov 8 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etməsi ictimai qınağa səbəb olub. Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edilərək barəsində araşdırmalara başlanılıb . Bir müddət sonra isə DTX tərəfindən onun korrupsiya cinayətləri aşkara çıxarılaraq ona qarşı ittiham irəli sürülüb .

Onu da qeyd edək ki, S.Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.

Son xəbərlər