İrəvana səfəri su yoluna döndərən USAİD yenidən fəallaşıb: Paşinyana tapşırıqlar verildi - FOTO
Bir ara İrəvana səfəri su yoluna döndərən və regionda qərəzli siyasətini yürütməkdən heç də çəkinməyən USAİD təmsilçiləri Ermənistanda yenidən fəallaşıblar. Təsis olunduğu vaxtdan etibarən təmsil etdiyi ölkənin, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi ad çıxaran bu qurumun üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu da sirr deyil. Bu səbəbdən baş nazir Nikol Paşinyanın Brüssel səfəri zamanı Ermənistanın Belçikadakı səfirliyində USAİD rəhbəri Samanta Pauerlə görüşü diqqətdən kənarda qalmayıb. Pauer vurğulayıb ki, təmsil etdiyi qurum İrəvanla sıx əməkdaşlığı davam etdirəcək. Bunun isə strateji anlamı var.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Pul tələsi
Belə ki, USAİD Ermənistanda dəyəri 23.1 milyon dollar olan yeni proqramlara start verdiyini bəyan edib. Məlum olub ki, 8.6 milyon dollar qurum tərəfindən enerji təhlükəsizliyinin möhkəmlənməsinə ayrılıb. Altı milyon dollar isə iqlim problemləri fonunda kənd təsərrüfatı məhsuldarlığını artırmalı olan “Ərzaq Təhlükəsizliyinin Gücləndirilməsi” proqramı üçün nəzərdə tutulub. Məqsəd idxaldan asılılığı azaltmaqdır. USAİD-in elan etdiyi iki proqram amerikalıların postsovet məkanından Rusiya Federasiyasını sıxışdırıb çıxarmaq, nəzarətedilən logistika yollarının yaranması, enerji bazarlarının ələ keçirilməsi strategiyasına tam uyğundur. Rusiya ilə Ermənistanın enerji sahəsində bir-birindən qopması üçün yol xəritəsi də hazırlanıb. Qeyd edək ki, hazırda erməni dövlətinin bütün enerji sisteminə nəzarət və idarəetmə Kremlin əlindədir.
Qarabağ ermənilərinə tulapayı
Pauerin Qarabağ ermənilərinə ayırdığı yardım əslində gözə kül üfürməkdən başqa bir şey deyil. Bu məsələ artıq Ermənistanda da lağ mövzusuna çevrilib. Çünki adəti üzrə Pauer əvvəlcə bir məbləğ deyir, layihə reallaşanda isə dəfələrlə az məbləğin verildiyi üzə çıxır. Hətta erməni siyasi kulislərində danışırlar ki, Paşinyanın Samanta bibisi Qarabağ erməniləri ilə müqayisədə şəxsi fotoqraflarına daha çox pul ayırır.
Bütün logistika Qərbə verilir?
Bu yaxınlarda Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi baş nazirə yeni bir layihə göndərib. Layihəyə əsasən, ölkənin hava limanları, anbar kompleksləri, yol şəbəkələri uzunmüddətli, yəni 50-100 il müddətinə iqtisadi diversifikasiyanın bir hissəsi kimi inverstorlara icarəyə veriləcək. Maraqlıdır ki, layihəyə əsasən, bundan sonra erməni dövləti yol və digər infrastrukturların təmiri ilə məşğul olmayacaq, bu işə icarədarlar cəlb ediləcəklər. Bəs əslində nə baş verəcək? Layihə təsdiqləndikdən sonra Ermənistandan keçən bütün yol və marşrutlar Qərb şirkətlərinin idarəetməsinə veriləcək. Bu isə onlara bir sıra layihələrə, xüsusən də Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməsinə şərait yaradacaq. Sirr deyil ki, artıq iki ilə yaxındır ki, Ermənistanın cənubunda Avropa İttifaqının müşahidə missiyası fəaliyyət göstərir.
Paşinyanın kadr siyasəti öhdəliyi
Paşinyanın götürdüyü öhdəliklərdən biri də Rusiya ilə yaxın əlaqəsi olan bütün şəxslərin vəzifədən uzaqlaşdırılmasıdır. Baş nazirə Qərbdə bildirilib ki, vəsait və dəstək yalnız etibar etdikləri insanlara verilə bilər. Bu isə erməni siyasi elitasında rusiyayönlü qanadın başı üzərində qara buludların toplaşmasından xəbər verir. Avropa İttifaqının bir sıra məmurlarının erməni təhlükəsizlik orqanları ilə bağlı ciddi narahatlıqları var və onlardan qurtulmaq tələb edilib. Bu sırada Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryanın adı qeyd edilir. Asryanla yanaşı, ordudakı Rusiyanın digər nüfuzlu fiqurlarından qurtulmaq da şərtlərdən biridir. Müdafiə naziri Suren Papikyanın komandirin şəxsi heyəti təbrik etdiyi vəziyyətlərdə “Ura!” təntənəli nidasını “Yaşasın!”a dəyişdirməsinə də bu prizmadan yanaşmaq lazımdır. Nazirlikdən bildirilir ki, “Ura” sovet ordusundan miras qalmışdı, indi onu ləğv etmək qərara alınıb.
Eyni zamanda daxili işlər nazirinin də dəyişdirilməsi tələbi var. Hakim partiyanın bir çox üzvü isə DİN müavini Arpine Sarkisyanın namizədliyinin əleyhinədir. Arpinenin Aİ strukturları ilə müəyyən əlaqələri var və buna görə də onun vəzifəsini qoruyub saxlamaqla yanaşı, gələcəkdə nazirlikdə ən yüksək postu tutmaq şansı da az deyil.
Rusiyanın cavabı
Son günlər isə Ermənistanda kilsənin Baqrat Srbaza timsalında başlatdığı etiraz aksiyalarının “beşinci kolon” tərəfindən idarə edildiyi, Rusiyanın isə bu məsələdə xüsusi maraqlı olduğu ehtimal edilir. Çünki etirazlar ikinci prezident və Putinin şəxsi dostu kimi tanınan Robert Köçəryanın Srbaza ilə görüşündən sonra geniş vüsət alıb və eks-prezidentin komandasına məxsus siyasilərin xüsusi canfəşanlığı nəzərə çarpır. Bu isə artıq rusiyayönlü qanadın hərəkətə keçməsi, baş naziri devirmək üçün həm kilsədən, həm də Kremlin siyasi kulislərindən dəstək alması mənasına gəlir.
Oxşar xəbərlər
Qərbin "havasına oynayan" Ermənistan - Qafqazda yeni münaqişə ocağı yaradılır - FOTO - ŞƏRH
Son günlər Ermənistanla Azərbaycan arasında gərginlik artmaqdadır. Bu ölkənin Azərbaycanla şərti sərhədə qoşun yığması bölgədə yeni münaqişənin yaranma ehtimalı...